Elnur Rüstəmov:”Ailədaxili konfliktlər, ailədən qaynaqlanan problemlər həmin ailədəki uşağın psixologiyasına mənfi təsir göstərir”

Elnur Rüstəmov:”Ailədaxili konfliktlər, ailədən qaynaqlanan problemlər həmin ailədəki uşağın psixologiyasına mənfi təsir göstərir”

Övladlarımız bizim bu dünyada ən dəyərli varlığımızdır. Ata-ana öz xoşbətliyini övladında tapır. Uşaq sağlamdırsa, təhsil göstəriciləri yüksəkdirsə, nümunəvi tərbiyəyə malikdirsə, valideyn rahatdır və övladı üzərində çəkdiyi əziyyətin hədər getmədiyindən məmnundur.

Lakin gəlin görək, bütün ailələrdə vəziyyət eynidirmi?

Valideynlər uşaqlarına yaxşılıq arzulayırlar, lakin çox vaxt bunu necə edəcəyini bilmirlər. Çox təəssüf ki, bu gün övladına ifrat dərəcədə diqqət və nəzarət edən və yaxud da əksinə, uşağa qarşı laqeyd münasibət bəsləyən ailələri müşahidə etməkdəyik. Az ailələr var ki, övladına qarşı münasibətdə balansı qoruya bilir.

Təəssüflə qeyd etmək lazımdır ki, valideyn öz övladını məktəbə yola salmaqla üzərinə düşən vəzifəni bitmiş sayır. Və uşağı ilə bağlı bütün məsələlərin, eləcə də düzgün tərbiyənin verilməsinin məktəb tərəfindən həll edilməli olduğunu düşünür. Bəli, məktəb həm təlim, həm də tərbiyə prosesini həyata keçirir. Ancaq bir həqiqəti unutmayaq ki, tərbiyənin təməli ailədə qoyulur. Son günlər uşaq və yeniyetmələr arasında baş verənlər onu deməyə əsas verir ki, bu gün bəzi ailələrdə tərbiyə məsələsinə diqqət yetərincə deyil…

Psixologiya Elmi -Tədqiqat İnstitutunun sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovla da elə ailə, tərbiyə mövzusunda danışdıq. Valideyn, məktəb və şagird məsuliyyəti ilə bağlı bir sıra məqamlara aydınlıq gətirdik.

“Yaxşı nümunə yaratmaq ən düzgün tərbiyə üsuludur” 

– Elnur müəllim, niyə valideynlər övladları ilə bağlı problemlər, müəyyən neqativ hallar baş verdikdə, fərqinə belə varmadan, ilk növbədə, məktəbi günahlandırırlar? İctimaiyyətdə səhv fikirlər formalaşır. Əslində isə nəyin düz,  nəyin yanlış olmasının izahı verilmir…

– Düşünürəm ki, biz ilk növbədə, cəmiyyəti maarifləndirməliyik. Cəmiyyət bilməlidir ki, nəyi məktəbdən, təhsildən tələb etmək olar, nəyi olmaz. Söhbət bir uşağın, yeniyetmənin tərbiyəsindən gedirsə, burada valideynin və məktəbin üzərinə düşən vəzifə və məsuliyyətlər müəyyənləşdirilməlidir. Bunu özümüz üçün aydınlaşdırmalıyıq. Tərbiyə prosesində ən aktiv iştirakçı, məhz valideynin özüdür. Məktəb öncə təhsil verir və onun paralelliyində tərbiyə verir. Çox zaman da belə bir sual verirlər ki, ən yaxşı tərbiyə üsulu nədir? Mənə görə ən düzgün tərbiyə üsulu yaxşı nümunədir. Valideyn övladına yaxşı nümunə olarsa, bu, özlüyündə böyük bir tərbiyədir, hətta deyərdim ki, məktəbin öyrədəcəyindən daha artıq bir həyat məktəbidir .

İndi sual yaranır ki, biz nümunəvi valideyn ola bilirikmi? Çünki söhbət cəmiyyətdən gedirsə, orada baş verən proseslər bir-birilə əlaqəlidir. Yəni, burada fərdlərin birgəliyindən söhbət gedir. Evi də bir cəmiyyət kimi fərz etsək, düşünək ki,  evdə  4 nəfər var, onlardan birinin əsəbi, aqressiv olmağı digərlərinin də gərginliyinə və yaxud əhval-ruhiyyələrinin  dəyişmələrinə təsir göstərə bilir. Və belə bir ailədə daim gərginlik, sterss, aqressiya olur, psixoloji ab-hava pozulur. Oxşar proses məktəbdə də baş verir. Əgər bir sinifdə psixoloji gərginliyi olan  narahat uşaq varsa, o dərs prosesinə maneçilik törədəcək. Həmin uşaq sinifdə  şagirdlər arasında bir-biri ilə münasibətlərinin pozulmasına səbəb ola bilər. Nəzərə alın ki, milyon yarım təhsialanı olan məktəb sistemindən danışırıq. 50 narahat şagird, eləcə də 2-3 narahatçılıığı olan təhsilverən varsa, o tədris prosesinin vəziyyətini təsəvvür etmək o qədər də çətin deyil.  Bütün bunlar valideyn-müəllim -şagird üçbucağını aktuallaşdırır. Valideyn-məktəb-şagird münasibətlərinə yeni baxış tələb edir. Cəmiyyəti  buna təşviq etməliyik. Valideyn nə qədər çox təhsil  prosesinə cəlb olunarsa,  məktəbin məsuliyyətini  o qədər çox anlayacaq və bu həm də  müəllim üçün  bir motivasiya olacaq. Belə ki, valideyn müəllimin işinin ağırlığını, məsuliyyətini görəcək.  Məktəb-şagird-ailə əməkdaşlığı uşaqların təlim-tərbiyəsində səmərəliliyin artırılmasına, tədrisin nəticələrinin yüksəlməsinə, valideynlərlə məktəb arasında daha yaxşı ünsiyyət mühitinin genişlənməsinə şərait yaradır.

Son illər  uşaq və yeniyetmələrlə bağlı  aparılan psixoloji tədqiqatlarda  baş verən problemlərdə əsas faktor kimi 3 istiqamət götürülür. Fərdin, yəni şagirdin özündən qaynaqlanan, ailədən gələn, məktəbdə, bütövlükdə cəmiyyətdə yaranan problemlər. Bizim baş verən neqativ halları obyektiv dəyərləndirməyimiz üçün bu 3 istiqamətin hər biri ayrılıqda təhlil olunmalıdır. Elə şagirdlərimiz var ki, onların hər hansı bir fiziki, psixoloji və yaxud nitq problemləri var. Adlarını qeyd etdiyim, eləcə də digər  mental problemlər zamanında aşkarlanaraq  həll  olunmadığı təqdirdə bu, məktəb  və  ailə üçün  böyük bir problemə çevrilir. Valideynlər, eləcə də müəllimlər uşağın fiziki və psixoloji sağlamlığını diqqətdən kənarda  saxlamamalıdırlar. Uşaqda baş verən fiziki və yaxud psixoloji problemlər  zaman keçdikcə onlarda  kompleks, özünəqapanma, özgüvənsizlik yaradır, ətrafdan təcrid olunma, təhsildən uzaqlaşma kimi hallara gətirib çıxara bilər. Ona görə də ilk növbədə, valideyn öz uşağını yaxından tanımalı, onun müsbət xüsusiyyətləri ilə yanaşı, mənfi cəhətlərini də bilməlidir. Övladındakı hər hansı bir psixoloji narahatçılığı görən ata-ana bununla  bağlı dərhal tədbir görməlidir. Özü bunda çətinlik çəkirsə, mütəxəssis köməyindən istifadə etməlidir. Uşaqlarda  problemlərin  yaranmasında birmənalı olaraq valideyn məsuliyyət daşıyır.

İnsanlar məsuliyyəti öz üzərilərinə götürmək istəmirlər

– Ailədaxili konfliktlər  uşağın tərbiyəsində hansı fəsadlara yol açır?

– Bu gün biz görürük ki, insanların böyük bir qismi məsuliyyət daşımaq istəmirlər. Məsuliyyətdən qaçırlar. Çox zaman məsuliyyəti digər insanların üzərinə qoyurlar.”Bəlkə, mən nə isə düz etməmişəm” – demək yerinə “yox, mən düzəm, başqası pisdir”- söyləyirlər. Bu yanaşma doğru deyil.

Heç kim heç kəsi ailə qurmağa, övlad sahibi olmağa məcbur etmir. Burada məcburiyyət yox, könüllülük var.Yox, əgər ailə qurmağa qərar veribsənsə, o zaman ailənin və övladlarının qarşısında məsuliyyət daşıyırsan.

Həyat bir istiqamətdə davam etmir. Hər kəsin  özünə görə çətinliyi, problemləri var. Bizim nağıllarımız belə, biri var, biri yoxla başlayır. Bu həyatın təməl prinsipidir. Və biz bunu qəbul etməliyik. Övladları qarşısında həm ata, həm də ana eyni məsuliyyəti daşıyır.

Ənənəvi yanaşmada əgər uşaq yaxşıdırsa, olur atanın uşağı, pisdirsə, olur ananın uşağı. Yəni, uşaq özünü nümunəvi aparırsa, ata onunla qürur duyur və deyir ki, bax görürsən bunu mən tərbiyə etmişəm. Uşağın davranış, ünsiyyətində bir az problem yaranırsa çox zaman ata o dəqiqə dönür anaya deyir ki, sən hara baxırsan? Bu uşaq niyə belədir?

İkinci bir məsələ, konfliktli ailələrdə böyüyən uşaqlarla bağlıdır. Boşanmış ailələr var. Uşaq qalır deyək ki, anada. Bu da özlüyündə bir problemdir. Bəzən atalar gəlib uşağı görmək istəyir. Bəziləri ümumiyyətlə gəlmir. Uşağa qayğı, onun tərbiyəsi ananın, bəzən də atanın üzərinə düşür. Dolayısı ilə birtərəfli olur. Bunların da gəlib birləşdiyi yer məktəbdir. Yəni, narahat ailə narahat məktəb formalaşdıra bilər.

Ailədaxili konfliktlər, ailədən qaynaqlanan problemlər həmin ailədəki uşağın psixologiyasına mənfi təsir göstərir. O cür ailələrdə böyüyən uşaq məktəbəqədər təhsil müəssisəsində, sonradan məktəbdə özünü narahat, gərgin hiss edə bilər. Bu narahatçılıq, gərginlik  uşağın davranışında, ünsiyyətində, digər yaşıdları ilə münasibətdə özünü büruzə verəcək.

Ailədə konflikt ola bilər. Ancaq konflikt həll olunmalı, uşağa təsir göstərməməlidir. Bəzən görürük ki, ata anadan heyif almaq üçün uşağın hər istədiyini edir və onu anasına qarşı yönəldir. Bu yanlış yanaşmadır. Sən xanımından heyfini uşaq vasitəsilə alma. Ərköyün hesab etdiyimiz uşaqlara fikir versək, o xarakterin kökündə əksər hallarda ailədaxili problemlərin durduğunu görərik. Ər –arvad arasında münasibət yaxşı olarsa, uşağın ərköyünləşmə  ehtimalı azdır. Uşaq onların münasibətindəki problem nəticəsində ərköyün olur.

Buradan bütün ailələrə səslənirəm: problemlərinizi uşaq üzərindən həll etməyin! Uşaqları bu işdə alətə çevirməyin! Sizin probleminiz bir gün bitəcək, odur ki,  uşaqların psixologiyasını pozmayın. O uşaqlar  sizin sayənizdə  psixoloji travma alırlar. Sonra məcbur olub psixoloq yanına aparmalı olacaqsınız.

Bütün bunlara rəğmən, Azərbaycanın ailə dəyərlərinin çox  möhkəm, sağlam olduğunu da bilirik. Bizim gözəl, nümunəvi  ailələrimiz çoxdur. Və 1-2 neqativliyə köklənmiş nümunə ilə Azərbaycan ailəsi haqqında pis deyə bilmərik.

Təhsilli və yüksək tərbiyəyə malik uşaq işıqlı bir gələcəkdir. Əgər biz gələcəyimizi gözəl qurmaq istəyiriksə,  ilk növbədə, valideynlər, həmçinin məktəb və  müəllimlər üzərlərinə düşən məsuliyyəti anlamalı, əməkdaşlıqda  maraqlı olmalıdırlar.

https://www.muallim.edu.az/news.php?id=28464

Son məqalələr

Online Qeydiyyat