Elm və Təhsil Nazirliyinin “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsində uğur qazanan “Məktəbəqədər təhsil müəssisələrində sağlam emosional mühitin yaradılması” layihəsinin icrasına start verilib.
Layihə barədə “Azərbaycan müəllimi”nə danışan “Müasir Azərbaycan Psixoloqları” İctimai Birliyinin sədr müavini fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov Bakı və Abşeronun 10 məktəbəqədər təhsil müəssisəsində 6 ay ərzində, ümumilikdə 36 saatlıq təlimin həyata keçilməsinin nəzərdə tutulduğunu deyib: “Müasir Azərbaycan Psixoloqları” İctimai Birliyinin bu layihəsi çərçivəsində artıq ilk təlimlər 24 və 26 saylı körpələr evi-uşaq bağçalarında keçirilib. Təlimlərdə tərbiyəçi-müəllimlər və məktəbəqədər təhsil müəssisələrinin müdirləri iştirak ediblər. Qeyd edim ki, Psixologiya Elmi -Tədqiqat İnstitutunun psixoloqları tərəfindən keçirilən təlimlərdə iştirakçılar fəallıqları ilə seçilirdilər. Təlimlərdə məktəbəqədər yaş dövrünün psixoloji xüsusiyyətləri, psixoloji inkişaf dövrləri, tərbiyəçi müəllimlərin psixoloji vəziyyətləri, əmək fəaliyyətlərindəki yorğunluqlar, psixoloji sıxıntıların təsiri və s. məsələlər müzakirə olunmaqla yanaşı, geniş diskussiya və fikir mübadiləsi aparılıb”.
Elnur Rüstəmov həyata keçirilən layihənin əsas məqsədinin məktəbəqədər təhsil prosesində uşaq fəaliyyətinin təmin olunması, bacarıqlarının və onların inkişaf etməsi üçün müvafiq təhsil alma şəraitinin yaradılması nəticəsində sağlam emosional mühitin formalaşdırılması olduğunu söyləyib.
Bildirilib ki, “Məktəbəqədər təhsil müəssisələrində sağlam emosional mühitin yaradılması” layihəsi məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimlərinə məktəbəqədər yaş dövrünün əsas psixoloji xüsusiyyətlərini daha dərindən öyrənmələrinə yardımçı olmaqla yanaşı, eyni zamanda onların məktəbəqədər dövrdə normal psixi inkişafın göstəriciləri, neyroinkişaf pozuntuları haqqında məlumatlar əldə etmələrinə, bu dövrdə uşaqlarda rast gəlinən DƏHP (diqqət əksikliyi və hiperaktivlik pozuntusu) və onun psixokorreksiya texnikaları haqqında müəyyən biliklər əldə etmələrinə kömək göstərəcək: “Layihə iştirakçıları, həmçinin mütəxəssislərimizin məktəbəqədər dövrdə uşaqlarda rast gəlinən davranış pozuntuları zamanı düzgün psixopedaqoji yanaşma, ünsiyyət pozuntuları, adaptasiya çətinliyi və bu problemlər zamanı tətbiq olunan psixopedaqoji texnikalar haqqında, o cümlədən ailələr ilə aparılacaq işlər və digər məsələlərlə bağlı məsləhət və tövsiyələrindən də faydalanacaqlar”.
Məlumat üçün bildirək ki, iyul ayında yekunlaşacaq “Məktəbəqədər təhsil müəssisələrində sağlam emosional mühitin yaradılması” layihəsinin icrası zamanı elmi-tədqiqat işi də həyata keçiriləcək. Alınan nəticələr layihənin davamlılığı olaraq görüləcək işlərdə əsas prioritet kimi nəzərdə tutulacaq.