Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov qaynarinfo.az saytına müsahibə verib

Psixoloq: “Terror zamanı psixoloji sarsıntı keçirənlər fiziki xəsarətlər alanlardan çox olur”

“Terror kollektiv qorxu və qeyri-müəyyənlik yaratmaq məqsədi daşıyır. Bu qorxu sürətlə yayılır və hadisəni birbaşa yaşayanlarla məhdudlaşmır. Buraya qurbanlar və sağ qalanların ailə üzvləri və yayımlanan görüntülər vasitəsilə məruz qalan insanlar daxildir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Moskvadakı “Krokus Siti Hall” ticarət mərkəzində baş verən terror aktından danışarkən deyib. 

Psixoloq hesab edir ki, terror zamanı psixoloji sarsıntı keçirənlər adətən terror hadisəsi zamanı fiziki xəsarətlər alanlardan daha çox olur:

“Bu psixoloji nəticələrin başa düşülməsi, terrorizmin mənfi psixoloji təsirlərini məhdudlaşdıracaq qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Hadisənin baş verdiyi ilkin zamanlarda insanlar arasında psixoloji narahatlıq daha çox özünü göstərir. Xüsusən harada yaşamasından asılı olmayaraq həssas insanlar bundan daha çox təsirlənirlər. Əlbəttə ki, daha çox psixoloji təsirə məruz qalanlar terror hadisəsinin baş verdiyi ölkənin vətəndaşları olur. Bununla bağlı da hökumətlər qabaqlayıcı tədbirlər görürlər”.

Azərbaycanda insanların narahatlıqlarına gəlincə, Elnur Rüstəmov bu gün Rusiyada yaşayan soydaşlarımızın olduğunu qeyd edib:

“Şükürlər olsun ki, rəsmi dövlət qurumları bununla bağlı məlumatı insanların diqqətinə çatıdırdılar. Bir soydaşımız terror qurbanı olub. Allahdan ona və bütün terror qurbanlarına rəhmət diləyirik. İnanmıram ki, bu hadisə gələcəkdə insanların konsert zallarına getməyinə təsir göstərsin. Çünki, bundan əvvəl də orta məkətblərdə, dini məbədlərdə, ticarət mərkəzlərində, müxtəlif ictimai yerlərdə terror hadisələri olub. Ancaq bu insanların sonradan həmin məkanlara getməyisinə xüsusi təsir göstərməyib. Sadəcə baş verən hadisə hələ ki, təzədir. Ola bilsin bir neçə gün insanlarda müəyyən narahatlıqlar olsun. Bir müddət sonra bu narahatlıq arxada qalacaq. Bütün baş verənlər isə insanlardan daha diqqətli olmağı, dövlətlərdən terrora qarşı birgə mübarizə aparmağın vacibliyini bir daha ortaya qoyur”.

https://qaynarinfo.az/az/psixoloq-terror-zamani-psixoloji-sarsinti-kecirenler-fiziki-xesaretler-alanlardan-cox-olur-1

Son məqalələr

Online Qeydiyyat