F.ü.f.d. Elnur Rüstəmov moderator.az  saytına müsahibə verib

İqlim dəyişikliyinə görə depressiya, yuxu çətinliyi, panik atak və təşviş pozuntusu kimi bir çox psixoloji problemlərin arta biləcəyi deyilir.

Bəs, həmin problemlərdən necə qorunmaq olar?

Mövzu ilə bağlı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Moderator.az-a danışdı: 

“İnsan psixologiyasına təsir edən bir çox amillər vardır ki, bunlardan biri də iqlim dəyişikliyinin fərdlərin psixi və emosional rifahına göstərdiyi təsirdir. İqlim dəyişikliyi qlobal sağlamlıq böhranıdır və bura psixi sağlamlıq da daxildir. Bu təsirlər müxtəlif yollarla təzahür edərək, bütün yaş kateqoriyasını və fərqli millətləri əhatə edir. Belə dəyişikliyin insanın psixi sağlamlığına təsir göstərə biləcəyi birbaşa və dolayı təsirlər günümüzün aktual mövzusuna çevrilib.

Ümumiyyətlə statistik məlumatlar iqlim dəyişikliyinin insanların psixologiyasına olduqca mənfi təsir göstərdiyini sübut etmişdir. Narahatlıq və qorxu hissi ilə

yanaşı, doğma yerlərin getdikcə dəyişməsi, yaşıllıqların azalması, havanın orta temperaturunun yüksəlməsi və ekstremal hava şəraitinin gün keçdikcə artması insanların psixikasına ciddi şəkildə təsir göstərir. Biomüxtəlifliyin itirilməsi kimi dünyanın bir çox yerində müşahidə olunan və tədricən ətraf mühitin deqradasiyasının növləri belə dəyişiklikləri müşahidə edən hər kəsi narahat edərək onların psixologiyasında mənfi izlər buraxır.

Dünyada və ölkəmizdə dəyişən iqlim şəraitinin həyatımızın təbii bir parçası halına gəldiyi məlumdur. Bir səhər qalxdığımızda hava 28 dərəcə isti və günəşli ikən, o biri səhər insanlar 15 dərəcə soyuq və qapalı bir hava şəraiti ilə qarşılaşırlar. Havadakı bu ani dəyişmələr fərdin də ruhi dəyişmələr yaşamasına birbaşa səbəb olur. İqlim dəyişikliyinin fiziki təsirləri sürətləndikcə stress, narahatlıq, depressiya və travma sonrası stress pozuntusu halları günü gündən daha da artır. “

Psixoloq onu da qeyd etdi ki, tutqun hava ilə müqayisədə günəşli və təmiz bir hava insan psixalogiyasına müsbət təsir göstərir.

“İnsanlar qış aylarında daha yorğun, aşağı enerjili və yüksək kalorili yeməklər istehlak etməyi seçdikləri halda, yaz aylarında bitkilərdə də olduğu kimi daha canlı və enerjili, həmçinin daha az kalorili yeməklər istehlak etməyi seçirlər. Havadakı ani dəyişmələr nəticəsində: depressiya, sevgi, həssaslıq, yorğunluq halı, oynaq və baş ağrıları, yuxuya getmədə problemlər və ya həddindən artıq yuxuya meyillilik, yemək pozuntuları kimi adamdan adama görə fərqlilik göstərən vəziyyətlər ortaya çıxa bilir. Ümumiyyətlə yağışlı, tutqun havalarda insanların enerjisinin azalmış, daha içə dönük və pessimist bir ruh halı içərisində olduqlarını, həddindən artıq isti havalarda isə insanların mübarizə içərisində olduğu, səbirsiz, halsız və yorğun ruh halında olduqlarını müşahidə etmək mümkündür. Əsasən günəşli, açıq, təmiz bir havanın insan psixologiyası üzərində müsbət təsirləri olduğu elmi araşdırmalar sayəsində sübut edilmişdir.

Günəş işığının serotonini artırdığı elmə məlumdur. Serotonin isə özlüyündə psixologiyamızın tarazlıqda olmasını təmin edən, gümrahlıq, xoşbəxtlik, canlılıq hissi verən, yuxu rejiminin təşkil edilməsinə və diqqəti toplamağa kömək edən, beyindəki hüceyrələr arasındakı ünsiyyəti təmin edən bir kimyəvi maddədir. Serotonin əksikliyində, yorğun və utancaq ruh halı, qayğıların artması, bədbəxtlik, yuxuya getməkdə çətinlik çəkmək kimi hallar ortaya çıxır. Buna görə serotonin səviyyəsinin tarazlıqda olması psixoloji və fizioloji sağlamlıq baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Bu səviyyəni tarazlıqda tuta bilmək üçün mütəxəssislər gündəlik kiçik planlara riayət etməyi tövsiyə edirlər. Məşq etmək, gün işığında zaman keçirmək, stress yaşadığınız vəziyyətlərdən və pis hadisələrdən ola bildiyincə uzaq qalmaq, triptofan, B6, B9, B12 vitaminləri baxımından zəngin yeməklər istehlak etmək, spirt və kafein istehlakını minimum miqdara endirmək seretonin səviyyəsinin qorunmasına yardım edən amillərdəndir”.

İqlim dəyişikliyi bütün dünyada temperaturun artmasına səbəb olur ki, bu da psixi sağlamlığa müxtəlif zərərli təsirlər göstərə bilər. Bu dəyişikliklər və artan temperaturun havada mövcud olan allergenlərin və çirkləndiricilərin səviyyəsini artırdığı və havanın keyfiyyətinin pisləşməsinə səbəb olduğu göstərilir. Həmçinin pis hava keyfiyyəti xüsusən depressiya və narahatlıqların yaranmasına gətirib çıxaran geniş faktorlardan biridir. 

İqlim dəyişikliyinin təsirlərinin azaldılması strategiyalarının müxtəlif formaları psixi sağlamlıqla çoxlu birgə faydalara malik ola bilər. Mümkün olan yerlərdə velosiped sürmək və ya piyada gəzmək kimi daha aktiv nəqliyyat növlərinə keçmək fiziki fəaliyyətlə psixi sağlamlıq arasında əlaqəni nəzərə alaraq psixi sağlamlığa müsbət təsir göstərə bilər. Eynilə yaşıl sahələrə çıxışın artırılması da psixi sağlamlığa müsbət təsir göstərə bilər. Araşdırmalar göstərir ki, meşə və ya park kimi yaşıl sahədə olmaq, hətta 15 dəqiqəlik də olsa təbiətlə təmasda olmaq, dərhal əhval-ruhiyyəni yaxşılaşdırır və gənclərin narahatlıq hisslərini azaldır. 

Son olaraq bu gün hər birimiz insan sağlamlığının çiçəklənməsinə imkan verən şəkildə fəlakətli iqlim dəyişikliyinin qarşısının alındığı dünyanı nəzərdə tuturuq. Unutmayaq ki, buraya məhz iqlim dəyişikliyi kontekstində heç kimin psixi sağlamlıq problemləri ilə üzləşmədiyi bir gələcək daxildir.”

Online Qeydiyyat