Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov bakivaxti.az saytına müsahibə verib

Məktəblərin başlamasına artıq sayılı günlər qalıb. Evlərdə məktəb həyacanı və hazırlığı var.

Amma bu hazırıq yalnız məktəb alış-verişindən ibarət olmamalıdır. Belə ki, 3 aylıq tətildən qayıdan uşaqların məktəbə adaptasiya prosesi də diqqətlə aparılmalıdır.

Bəs bu zaman nələrə diqqət edilməlidir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirib ki, tədris ilinin başlanması təkcə uşaqlar üçün deyil, həm də onların valideynləri üçün mühüm mərhələdir və uzun yay tətillərindən sonra nizam-intizam, məsuliyyət, diqqət və daimi öyrənmə tələb edən məktəb rejiminə qayıtmaq müəyyən qədər əyləncəli olsa da, bu başlanğıc bir çox uşaqlarda adətən narahatlıq doğurur.

Onun sözlərinə görə, uşaqların tətil müddətindən sonra yenidən məktəb mühitinə uyğunlaşmasına kömək etmək bu dönəmdə valideynlər üçün ən əsas məsələdir. Müsahibimiz qeyd edib ki, məktəbə uyğunlaşmanı düzgün idarə etməmək uşaqların təhsil həyatında bir çox psixoloji narahatlıqlar və travmalar yaradır, nəticə etibarilə bu prosesi düzgün idarə etmək üçün nəinki valideynlər, həmçinin məktəb rəhbərliyi və müəllimlər də aktiv olmalıdırlar:

“Yeni tədris ilinə hazırlıq zamanı valideynlər ilk növbədə, bu mərhələnin yenilik və dəyişiklik prosesi olduğunu unutmamalıdır. Belə uyğunlaşma zamanı adaptasiya prosesini asanlaşdırmaq üçün valideynlər övladlarının seçimlərinə dəyər verməlidirlər. Məsələn, məktəb öncəsi alış-verişi birlikdə və əyləncəli şəkildə etmək uşağın məktəbə daha həvəslə yanaşmasına səbəb olur”.

E.Rüstəmova görə, məktəbə müvəffəqiyyətlə qayıtmaq üçün ən vacib addımlardan biri uşaqları fiziki və psixoloji olaraq məktəbə hazırlamaqdır. Psixoloq vurğulayıb ki, bu dönəmdə də yuxu fiziki ehtiyacların ən başında durur və uşaqlar sərbəst yuxu rejimindən birbaşa erkən oyanmağa keçid alanda onlarda aqressiv davranışlar və narahatlıq özünü büruzə verəcək. Dediyinə görə, məktəb başlamazdan bir neçə həftə əvvəl uşağın oyanmasını və yatmaq vaxtını tədricən tənzimləmək, bədənin hələ erkən qalxmağa öyrəşmədiyi məktəbin ilk günlərinə uyğunlaşmanı artırmağa kömək edir və stressi azaldır.

Həmsöhbətimiz bildirib ki, digər diqqət edilməsi vacib olan mövzu – tədris ili başlamazdan əvvəl uşağın gözləntilərini və məqsədlərini müzakirə etməkdir. Bu məqsədlər, qiymətləri artırmaq və ya dərsdənkənar fəaliyyətlərdə iştirak etməkdən ibarət ola bilər. Uşaq valideynlərinin onu hər zaman dəstəklədiyini hiss etməli və bilməlidir. Belə dəstək uşaqlarda özünə güvən səviyyəsini müsbət tərəfdən inkişaf etdirir ki, bu da onun məktəb mühitində daha uğurlu və aktiv şagird olmasından əlavə, ən əsası uğurlu şəxsiyyətə çevrilməsinə başlıca təkan yaradır.

Psixoloq nəzərə çatdırıb ki, valideynlər ibtidai sinifdən başlayaraq uşaqlarda müəyyən nizam-intizam, məsuliyyət hisslərini formalaşdırmağa imkan yaratmalıdırlar. Bu mövzuda əsas məsələ – uşağın vaxtını planlaşdırmağı öyrətməkdir.

“Dərs cədvəllərini, əlavə fəaliyyətləri və ev tapşırıqlarını qeyd etmək üçün paylaşılan təqvim və ya planlaşdırıcıdan istifadə etməklə şagird həm də vaxta uyğun olaraq məsuliyyətli olmağa çalışır. Qeyd olunan tapşırıqları yerinə yetirmək onun üçün bir öhdəlik halına gəlir və vaxtın idarə edilməsi həddən artıq yüklənmənin qarşısını almağa və öyrənmə prosesini daha da strukturlaşdırmağa kömək edir” deyən Rüstəmov hüsab edir ki, belə vərdişlərin möhkəmləndirilməsi fərdin gələcəkdəki vəzifə və iş fəaliyyətlərində də öz müsbət əksini tapacaq.

Məktəb mühitinə uyğunlaşmaqda psixoloji hazırlıqlarla yanaşı fiziki möhkəmlik böyük əhəmiyyət kəsb edir. Qidalanma və fiziki fəaliyyət adaptasiya dönəmində mühüm rol oynayır. Balanslaşdırılmış yeməklər uşağı məhsuldar öyrənmə üçün lazımi enerji ilə təmin edir. Bununla yanaşı həmçinin müntəzəm fiziki məşğuliyyətlər də stressi aradan qaldırmağa və ümumi psixoloji rifahı yaxşılaşdırmağa kömək edir:

“Bilmək lazımdır ki, nəinki uşaqların, istənilən yaş qrupunda olan fərdlərin daimi olaraq öyrənməyə fokuslanması qeyri-mümkündür. Təlim-tədris zamanı dərslərin keçirilməsi və tapşırıqların yerinə yetirilməsi mərhələsində mütləq şəkildə fasilələr verilməli, uşaqların mənəvi və fiziki ehtiyacları faydalı məşğuliyyət və əyləncəli metodikalarla tam şəkildə ödənməlidir. Belə halda uşağın dərsə davamiyyəti və öyrənmənin keyfiyyəti müsbət dərəcədə dəyişir”.

Müsahibimiz söyləyib ki, həyatın istənilən mərhələsində olduğu kimi, bu mərhələdə də uşaqlar bilməlidir ki, valideynləri həmişə onu dinləməyə və ona kömək etməyə hazırdır.

Onun sözlərinə görə, uşaqlarda sosial əlaqələrin və ünsiyyət bacarıqlarının inkişafı üçün onlarla mütəmadi olaraq dialoqlar qurmaq, valideynlərin öz həyatlarından və ümumilikdə ibrət doğuran hekayələr danışmaq vacibdir. Həmçinin çox yaxşı olar ki, onun gündəlik məktəb həyatı, dostları və müəllimləri haqqında mütəmadi olaraq suallar verərək ona qayğı göstərildiyini hiss etsin. Hər bir uşağın unikal olduğunu və baş verən prosesləri onların fərdi ehtiyaclarına və seçimlərinə uyğunlaşdırmağın vacibliyini unutmamaq lazım olduğunu diqqətə çatdırıb və vurğulayıb ki, valideynlər və müəllimlər adaptasiya prosesində ardıcıllıq və səbrli yanaşma ilə uşaqların akademik səyahətlərində inkişaf etmələrinə imkan verən dəstəkləyici və qayğıkeş mühit yarada bilərlər:

“Valideynlər bütün bu proseslərlə yanaşı bir məqamı da nəzərdən qaçırmamalıdırlar. Məktəb mühitinə uyğunlaşma prosesi və daha sonrakı məktəb dövrlərində tez-tez qarşılaşdığımız hallardan biri də məhz uşaqlarda yaranan oxuma və öyrənmə çətinliyidir. Əgər uşağınız öyrənməkdə çətinlik çəkirsə, bu kimi psixoloji narahatlıqları anında həll etmək mütləqdir. Belə problemlər zamanı vaxtında mütəxəssis dəstəyi almaqla, məktəb psixoloqları və müəllimlərlə kompleks iş yaratmaqla valideyn öz övladını bu narahatlıqdan daha asan şəkildə qurtara bilər. Bundan əlavə uşaqlarla tədris prosesinin təşkilində zaman-zaman xüsusi müəllim dəstəyinə ehtiyac yaranır ki, bunda da repetitorlar çətin fənləri mənimsəmək və akademik performansı artırmaq prosesini xeyli asanlaşdıra bilərlər”.

Elnur Rüstəmov sonda qeyd edib ki, tətil və məktəb arasında keçid zamanı valideynin övladına dəstək olması uğurlu tədris ilini təmin etmək üçün açardır:

“Həyatın bütün mərhələlərində övladınıza olan diqqətiniz, dəstəyiniz, qayğınız və kömək etmək istəyiniz onların indiki və gələcək həyatına sonsuz inam və əsl güc bəxş edəcək”.

https://bakivaxti.az/az/posts/detail/adaptasiya-1726036051

Son məqalələr

Online Qeydiyyat