Mövsüm dəyişiklikləri insanların sosial həyatına, əhvali-ruhiyyəsinə, enerji tənzimləməsinə, yuxu müddəti və qida qəbuluna birbaşa təsir edir. Hər 20 insandan biri mövsümi depressiyadan əziyyət çəkir.
Mövsümi depressiya fəsil dəyişikliyi zamanı, xüsusən payız və qış aylarında meydana çıxan depressiya növüdür. Depressiyanın bu növündən əsasən 18-30 yaşlı insanlar əziyyət çəkirlər. Araşdırmalar göstərir ki, qadınlar mövsümi depressiyadan kişilərə nisbətən daha çox problem yaşayırlar. Bu, hormonal dəyişikliklər və qadınların emosionallığının daha yüksək olması ilə əlaqələndirilir. Gün işığının azalması, insanların daha çox evdə qalması və sosial fəaliyyətlərin məhdudlaşması kimi faktorlar emosional vəziyyətə təsir edərək depressiya simptomlarını artırır.
İki həftədən çox çəkərsə…
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun sözlərinə görə, mövsümi depressiyanın əsas simptomları enerji azlığı, yorğunluq, yuxusuzluq və ya həddən artıq yuxu istəyi, motivasiyanın azalması, şirniyyat və karbonhidratlı qidalara meyillilik, kədər, ümidsizlik, stres, sosial fəaliyyətdən uzaqlaşma və tək qalmaq istəyidir: “Daha az gün işığı alan ölkələrdə, xüsusilə şimalda yaşayan insanlar mövsümi depressiyaya meyilli olurlar. Gün işığı azaldıqca bədəndə serotoninin səviyyəsi düşür ki, bu da depressiya riskini artırır”.
Psixoloq bildirib ki, psixi sağlamlıq problemlərindən əziyyət çəkən insanlarda mövsümi depressiya riski daha yüksəkdir. Habelə ailəsində depressiya yaşayan insanlar daha çox risk qrupuna daxildirlər.
Mövsümi depressiya müxtəlif simptomlarla özünü göstərir və həm emosional, həm də fiziki dəyişikliklərə səbəb olur. Elnur Rüstəmov bildirib ki, bu problemdən əziyyət çəkən insan özünü həmişə kədərli və ümidsiz hiss edir. Bu hisslər günlər, hətta həftələrlə davam edə bilər. Onlar əvvəllər həzz aldığı fəaliyyətlərə artıq maraq göstərmir, özlərini daim dəyərsiz və günahkar hiss edirlər. Bu hiss qidalanmaya da birbaşa təsir edir. Yemək istəyi azalır və ya əksinə, artır. Bu da çəki azalması və ya artması ilə nəticələnir.
Depressiyada olan şəxsdə narahatlıq hissi artır və lüzumsuz məsələlərə belə kəskin reaksiya verir. Yaddaş zəifliyi, qərarvermədə çətinlik və konsentrasiyanın pozulması da mövsümi depressiyanın əlamətləri arasında yer alır. Bu dövrdə insan ailə üzvlərindən, dostlarından və ictimai fəaliyyətlərdən uzaqlaşa bilər. Özünü təcridetmə meyli artır, ən sadə işlər belə yorucu gəlir. İnsan özünü həmişə yorğun hiss edir, bu da gündəlik fəaliyyətini çətinləşdirir.
Mövsümi depressiyada olan insanın üzləşdiyi ən önəmli problemlərdən biri yuxu nizamının pozulmasıdır. Bu zaman insan ya həddindən artıq yatmaq istəyir, ya da yuxusuzluqdan əziyyət çəkir. Gecə tez-tez yuxudan oyanma halları baş verir. Qısa yuxu müddətləri nəticəsində də bədəndə əlavə gərginlik yaranır.
Psixoloq qeyd edib ki, depressiya simptomlarından bir neçəsi iki həftədən artıq davam edərsə, peşəkar psixoloq və ya psixoterapevtlə görüşmək lazımdır. Depressiyanın diaqnozu və müalicəsi üçün psixoloji dəstək vacibdir, çünki hər bir insanın fərdi təcrübəsi fərqli olur və uyğun müdaxilə ilə vəziyyət yaxşılaşa bilər.
Psixi sağlamlıq fiziki sağlamlıq qədər önəmlidir
Mövsümi depressiyaya yaxalanmamaq və ya onunla mübarizə aparmaq üçün əhəmiyyətli addımlar atıb, öz üzərimizdə çalışıb bəzi vərdişlərə yiyələnməliyik. Gündəlik fiziki aktivliyin bədəndə endorfini artırdığını deyən psixoloq gəzinti, qaçış, yoqa və ya rəqs kimi məşğuliyyətlərin həm bədən, həm də zehin üçün faydalı olduğunu vurğulayıb: “Hər gün qısamüddətli gəzintilər də zehni rahatlaşdırmağa və depressiya simptomlarını azaltmağa kömək edir. Stresi azaldan meditasiya və dərin nəfəsalma texnikalarını öyrənmək də əhvali-ruhiyyəni yaxşılaşdırır və narahatlıq hissini azaldır. Sağlam və balanslı qida rasionu enerji səviyyəsini artırır, ümumi ruh halını yaxşılaşdırır. Meyvə, tərəvəz və zülal əsaslı qidalara üstünlük vermək məsləhətdir.
Gün işığı azaldıqda D vitamini səviyyəsi aşağı düşür. Bu, depressiyaya təsir göstərən əsas faktorlardan biridir. Həkim məsləhəti ilə D vitamini əlavələri qəbul etmək faydalı ola bilər. Hər gün eyni saatda yatmaq və oyanmaq bədən ritminin balansda qalmasına kömək edir. Gecə yuxusu dərin və keyfiyyətli olduqda, insanın ruh halı daha yaxşı olur”.
Sosial əlaqələri gücləndirməyin vacibliyini vurğulayan Elnur Rüstəmovun sözlərinə görə, ailə üzvləri və dostlarla görüşmək, söhbət etmək dəstək hissini artırır və təkliyi aradan qaldırır. Sosial dəstək depressiyanın azalmasına kömək edən əsas faktorlardan biridir. Maraq dairələrinizə uyğun könüllü qrup fəaliyyətlərində iştirak etmək inasna özünü daha yaxşı hiss etməyə, həm də yeni dostlar qazanmağa şərait yaradır. Yeni fəaliyyətlər qazanmaq psixoloji vəziyyətə olduqca müsbət təsir göstərir. Gündəlik həyatda kiçik hədəflər qoymaq və bu hədəflərə nail olmaq fərdin özünü daha pozitiv hiss etməyə kömək edir. Hər gün qısa bir fəaliyyət planı hazırlamaq və bu plana sadiq qalmaq həm iradəni gücləndirir, həm də ruh halını yaxşılaşdırır. Unutmamaq lazımdır ki, psixi sağlamlıq fiziki sağlamlıq qədər önəmlidir.
https://www.azerbaijan-news.az/az/posts/detail/payiz-depressiyasina-nece-dusmeyek-1728596592/340693