AİLƏ MƏİŞƏT ZORAKILIĞI CƏMİYYƏTİN PROBLEMİ KİMİ

Açar sözlər: ailə, cəmiyyət, ailə münasibətləri, aqressiya, psixoloji zorakılıq

Ailə uyğun bir şəxsiyyətin formalaşmasına yardım edən cəmiyyətin tərkib hissəsidir. Ailə ən mühüm sosial dəyərlərə aiddir. Cəmiyyətin hər bir üzvü, ictimai statusu, etnik mənsubiyyəti, əmlak və maddi vəziyyətdən əlavə, doğum anından həyatın sonuna qədər ailə vəziyyəti kimi xüsusiyyətlərə malikdir. İnsan birliyinin ilkin formalarından biri olan ailə özündə bilavasitə fərdi və kollektiv başlanğıcları birləşdirir, bununlada sosial idealların və davranışın meyarının mənbəyi kimi çıxış edir. Ailə uşağın dünyagörüşünü formalaşdırır, onun əxlaqının, mənəvi aləminin sosial mədəni özəyini yaradır. O, tarixi ənənələrin vacib ünsürlərindən biri olaraq, yeni nəsildə şüur stereotipləri, davranış və hərəkət qaydaları haqqında təsəvvürlər yaradır, sosial təcrübəni nəsildən nəsilə ötürür. Qədim yunan fəlsəfəsində ailə probleminə Aristotel belə münasibət bildirib: “Ailə insanların birgə yaşayışın ilk təbii formasıdır, tarix boyu dəyişilməyib qalandır”. Ailənin əsasını nigah təşkil edir. Nigah ər ilə arvad arasındakı münasibətləri və onların qarşılıqlı öhdəliklərini hüquqi yolla rəsmləşdirən müqavilədir. Nigah sevgiyə və inama arxalandıqda daha möhkəm olur.

Bu gün cəmiyyətin ən önəmli problemlərindən biri ailə zorakiliqlarıdır ki bir çox ölkələrdə ailə zorakılığı ciddi bir ictimai problem olaraq qəbul edilir. Çox acınacaqlı bir haldır ki, belə zorakılıqların sayı getdikcə artmaqdadır.  Ümumiyyətlə zorakılıq dedikdə nəzərdə ilk öncə bədən xəsarəti canlanır. Lakin zorakılığın əsasını aqressiya təşkil edərək, ədavətlilik, hücüm, digər insanlara fiziki, maddi, istərsə də mənəvi xələl gətirən, ziyan yetirən əməllər nəzərdə tutulur. Beləliklə zorakılıq özündə fiziki, cinsi, iqtisadi, psixoloji, sosioloji və məişət zorakılığını birləşdirir. Zorakılığın əsas hissəsini məişət zorakılığı təşkil edir. Ailə zorakılığı qurbanlarının 80 %-ni qadınlar təşkil edir. Bu problemdə zorakılığın bir çox növlərinin əlamətləri iştirak edir: fiziki, psixoloji, iqtisadi.

Fiziki zorakılıqda adından bəlli olduğu kimi fiziki güc hesabına başqasına edilən qeyri-normal davranış nəzərdə tutulur. 

Psixoloji zorakılıq özünü şəxsiyyətin sözlə təhqir edilməsi, insanın inamının sındırılmasıdır. Bu növ zorakılıqlar qalıcı və uzun müddətli təsirə malikdir. Travmaların yaranmasının bilavasitə kökündə psixoloji zorakılıq dayanır. 

İqtisadi zorakılıq özünü maddi təzyiq göstərmədə, işə düzəlməyə qadağa qoyulmasında, maddi yardımdan məhrum etmə hədəsində və ya məhrum etməyə, xərclər üzərində tam nəzarətin qoyulmasında, əmək məcburiyyətinə təhrik edilmədir.
         Məişət zorakılığının yaranması qisqanclıq zəminində, mülkiyyət iddiası uğrunda və valideynlərin gənc ailələrə müdaxiləsi səbəbindən yaranır. Məlumdur ki, məişət zorakılığı törədən şəxslərin əksəriyyəti ya spirtli içki, ya da narkotik aludəçiləridir.

Aparılan araşdırmalara görə, əks cinsin nümayəndələri qadınları daha çox psixoloji zorakılığa məruz qoyur. Yəni kişilər fiziki zorakılıqdan daha çox psixoloji zorakılığa üstünlük verir. Qeyd etmək lazımdır ki, qadınlara qarşı zorakılıq tarix boyu kişilərlə zəif cins arasında aparılan qeyri-bərabər bölgünün nəticəsində yaranan ədalətsizlik səbəbindən yaranır və müasir dövr də daxil olmaqla, bütün dövrlərdə kişilər onlara verilən güc və səlahiyyətlərdən qadınlara qarşı sui-istifadə edib. Zəif məxluqlara qarşı yönəldilən ədalətsizliyin əsasən ailə daxilində baş verməsi faktı bu gün artıq dünya ictimaiyyətinin gündəmində duran əsas aktual məsələlərdəndir. Psixoloji zorakılıq nəticəsində qadınlarda daha çox özünə qəsd etmək fikirləri yaranır. Depressiya, qorxu, yuxusuzluq problemi ortaya çıxır. Eyni zamanda, bəzən qadınların həddən artıq kökəlməsi də psixoloji zorakılığın təzahürüdür. Ola bilsin ki, insan öz həyat yoldaşına heç əl qaldırmasın, ancaq öz hərəkətləri ilə psixoloji zorakılığa səbəb ola bilər. 

Hər bir insanın daxilində sevinc, nifrət, sevgi, kin, hörmət, ehtiram hissləriylə yanaşı aqressiya hissi də var. Aqressiya dedikdə insanın başqa adamlarla problem yaratması, fiziki, maddi və mənəvi ziyan vurması başa düşülür. Aqressivlik insanlara bilərəkdən xələl yetirmək cəhdidir. Zorakılıq da insanın aqressiyasının müəyyən şəraitdə və ya situasiyada mənfi reaksiya olaraq büruzə verilməsidir. Zorakılıqlar çoxdur. Amma bunların arasında insana ən acı və daha təsirli olanı psixioloji zorakılıqdı istər fiziki zorakılıq, istərsə də sosial zorakılıq az müddətdə keçir. Psixoloji zorakılıq isə digərlərindən fərqli olaraq qalıcı və uzun müddətli təsirə malikdir. Travmaların yaranmasının bilavasitə kökündə psixoloji zorakılıq dayanır.  Ailə zorakılığı fəsadları nəinki qadınlara, həm də uşaqlar, yeniyetmə və gənclərdən də təsirsiz ötüşmür. Ölkəmizin və dünyanın gələcək vətandaşları olan uşaqların düzgün tərbiyə edilməsi, bir şəxsiyyət kimi formalaşması ailədən başlayır. Elə bu baxımdan formalaşan gənclik, gələcəyin xoşbəxt qocalığı, cəmiyyətdə pis tərbiyənin üstünlüyü isə gələcəyin ən böyük problemi və çöküşüdür. Belə ki, psixoloqların rəyinə əsasən ailə zorakılığına məruz qalan uşaqların əksəriyyətinin yaşadıqları zorakılığı gələcəkdə tətbiq etməsi imkanı daha çoxdur. Nəticədə zorakılıq anlayışı geniş bir məfhum halını alır. Ailə zorakılığı hallarına aşağıdakıları nümunə gətirmək olar:

• uşaqlarin təhsildən yayınmaları, onların işləməyə məcbur edilərək əmək istismarına məruz qalmaları, valideynlərin təkidi ilə peşə seçimi etmələri;
• yeniyetmələrin erkən nikaha daxil olması və ya sərbəst rəsmi nikaha daxil olmağa maneçiliyin törədilməsi;                 

• insan alveri, ləyaqətin alçaldılması, təhqir etmə, mənəvi təzyiqlər, cinsi əlaqəyə məcbur etmə.

Araşdırmalar da göstərir ki, tarix boyu şiddətlə ən çox qarşılaşan və zorakılığa məruz qalanlar qadınlardır. Sağlam olmayan qadın sağlam nəsillər yetişdirə bilməz və eyni zamanda da uşaqlıq dövründə şiddətə şahid olan ya da yaşayan uşaqsa bu şiddəti həyatının hər sahəsində ümidsizlik, depressiya, günahkarlıq, ambivalent duyğularla yaşamağa davam edər. Ailə daxilində təzyiqə, şiddətə məruz qalan qadınlar məhz təhsilli və öz hüquqlarını bilən, onu qorumağa çalışan qadınlardır. Savadsız və heç bir təhsili olmayan qadınlar daha az şiddətə məruz qalırlar. Bu qədər gender bərabərliyindən danışılsada dünya yaranandan bəri qadınlara qarşı zorakılıq istər fiziki, istər psixoloji, istərsə də sosial zorakılıq olub və hələ də davam etməkdədir. Amma son dövrlərdə qadınlar da öz sözünü deməyə çalışırlar. Qadına istiqamətli şiddət dünyadakı ən məşhur ancaq ən az təyin olunmuş insan haqqları sui-istifadəsidir. Dünyada ildə 3,5 milyon adam şiddətdən şikayətlənir. Şiddət tarix boyu demək olar ki, bütün cəmiyyətlərdə görülüb.Ənənəvi qadınlıq rolu gözləmələri qadına sanki “qurban” mövqeyində qalmasına təşviq edir. Qadınlar “öyrənilmiş acizlik”ləri səbəbi ilə taleyinə boyun əyir. Halbuki gözəlliklərdən özlərinə ayıracaq, şüşə bölməni qaldıracaq “güc” hər insanda vardır. Yetərki qadınlar öz dünyalarının möhtəşəmliyi və sərhədsiz gücü ilə tanış olsunlar.

ƏDƏBİYYAT :

1. Əlizadə Ə.Ə., Abbasov A.N. Ailə. Bakı: Maarif, 1989, 312 s.

2. Андреева Т.В. Психология семьи: Учебное пособие. СПб.: Речь, 2010, 384 с.

3. Эйдемиллер Э.Г., Юстицкий В.В. Семейная психотерапия. Л.: Медицина, 1989, 192 с.

4. Этика и психология семейной жизни: Проб. пособие для учителья / И.В.Гребенников, И.В.Дубровина, Г.П.Разумихина и др.; Под ред. И.В.Гребенникова. М.: Просвещение, 1984, 256 с.  

Müəllif :

AMEA-nın Fəlsəfə İnstitutu, Sosial psixologiya şöbəsi, kiçik elmi işçi Fəridə Şükürlü

Son məqalələr

Online Qeydiyyat