“Sonuncu dəfə qardaşımı dekabrın 15-də görmüşdüm. Sentyabrın 29-da xəstəxanaya yerləşdirildi, sonra evə gətirdik, amma yenidən özünü yaxşı hiss etmədi və Vüsal Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsinə yerləşdirildi. Vüsalın psixoloji problemləri var idi. Xəstəxanaya apardıq, amma yanında qalmağa qoymadılar. Bizə deyildi ki, narahat olmayın, özümüz necə lazımdır, baxacağıq. Amma baxmadılar, qardaşım öz canına qıydı. Çox qorxurduq ki, özünə nəsə edə bilər. Düşündüyümüz kimi də oldu…”
Bu sözləri Vətən müharibəsi iştirakçısı, ağır kəllə-beyin travması alaraq yaddaşını itirən və hospitalda hamam xalatının kəməri ilə özünü asan 35 yaşlı qazi Vüsal Musayevin qardaşı Ramin Musayev deyib.
Qeyd edək ki, 8 yaşından Kəlbəcər rayonunun Zəyli kəndindən köçkün düşən V.Musayev və ailəsi Goranboy rayonunda yaşayıblar. V. Musayev döyüşlərdə göstərdiyi şücaətə görə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
İntihar faktı ilə əlaqədar Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır. Baş Prokurorluğun mətbuat xidmətindən “Press Klub”a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.Bu hadisədən də göründüyü kimi, müharibədə iştirak etmiş bir çox əsgər və zabitimizin psixoloqların köməyinə ehtiyacı var. Bəs, dövlət və ya özəl qurumlar bu yöndə hansı işləri görə bilər? Sualımızı psixoloq Elnur Rüstəmova ünavanladıq.
Psixoloq müharibədə iştirak edən, yaralanan hərbçilərə, eləcə də şəhid ailələrinə psixoloji yardımın vacib olduğunu bildirdi:
“Bu, dünya praktikasında da var. Çünki müharibədən sonra müharibə iştirakçıları, həlak olanlar və onların ailələri post-travmatik stress pozuntusu yaşayır. Onlara psixoloji dəstəyin göstərilməsi vacibdir. Bildiyimə görə, Vətən müharibəsindən sonra qazilərə, şəhid ailələrinə psixoloji yardım və dəstək göstərilir, Bakı şəhərində psixoloji mərkəzlərin əksəriyyəti imkanları daxilində bu işi görürlər. Nəzərə almaq lazımdır ki, psixoloq seansı bir saatdır, yəni bir psixoloq gün ərzində 3-4 müharibə iştirakçısı, qazi və şəhid ailəsi ilə görüşə bilər. Bildiyimiz kimi, həmin insanların sayı çoxdur. Ona görə də bu işin təşkil olunması, koordinasiyası çox vacibdir. Şəhid ailələri, qazilər, müharibə iştirakçıları konkret olaraq hara müraciət etmək lazım olduğunu bilməlidir. Çünki bu məsələ uzun müddət aktuallıq kəsb edəcək”.
Hərbi hospitaldakı intihar olayına gəldikdə isə E. Rüstəmov bu barədə ətraflı məlumata sahib olmadığını söylədi:
“Bu məsələ araşdırılmalıdır, məsələyə baxılmalıdır. Yalnız onu deyə bilərəm ki, hər hansı psixoloq gedib hərbi hospitalda psixoloji dəstək göstərə bilməz. Çünki ora nazirliyin tərkibindədir. Bildiyim qədəri ilə nazirliyin əməkdaşlıq etdiyi dövlət qurumları var ki, orada olan mütəxəssislər – psixiatrlar, psixoloqlar dəstək verirlər. İlk növbədə nəzərə almaq lazımdır ki, bunlar qələbəmizi təmin etmiş insanlardır, müharibənin od-alovundan çıxıblar və hər an ölümlə baş-başa qalıblar. Onların yuxu pozuntusu, aqressiv davranışları ola bilər. Müharibədən qayıdandan sonra onlar lazımi diqqəti və qayğını görməsələr, özlərinə qapana və depressiyaya düşə, cəmiyyətə adaptasiya olunmaqda çətinlik yaşaya bilərlər. Biz bütün bunlarla bağlı təkliflər planını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmişdik. Orada hansı problemlərin yaşana biləcəyi qeyd olunmuşdu. Məsələn, dünənə qədər onlar bir kənddə, hər hansı ərazidə yaşayan adi vətəndaş idi. İndi isə qələbəni təmin etmiş və hər gün ölümlə baş-başa qalmış insandır. O, geriyə – həmin kəndə, əraziyə qayıtdıqdan sonra ona diqqət və qayğı olmalıdır. Ola bilər ki, ailə üzvləri də ona münasibətdə çətinliklə üz-üzə qalsınlar. Bu zaman dəstək yalnız bir nəfərə deyil, mütləq şəkildə onların ailə üzvlərinə də olmalıdır. Burada yalnız fərdi seans deyil, qrup terapiyaları da aparılmalıdır, treninqlər keçirilməlidir. Bütün bunlar mərkəzləşmiş qaydada olsa, çox yaxşı olacaq. Bunun üçün dövlətin resursları kifayət qədərdir”.
Ülviyyə Şahin
Mənbə : Qazilərin və şəhid ailələrinin daha bir ehtiyacı: psixoloji dəstək – Baku Press Klub