Psixologiya Elmi-Tədqiqat İnstitutunun 2 yaşı tamam oldu.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun 2 yaşı tamam oldu. İnstitut Azərbaycanda psixologiya elminin inkişafına təkan vermək, dünya standartlarına uyğun psixoloji elmi-tədqiqat işləri, yerli psixoloji statistik məlumatların işlənilməsi, elmi-psixoloji ekspertizaların təşkili və həyata keçirilməsi, psixologiya sahəsində kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, cəmiyyətə peşəkar psixoloji xidmətin göstərilməsi məqsədilə yaradılmışdır.

Psixologiya Elmi-Tədqiqat İnstitutu 2 il ərzində ölkəmizdə psixologiya elminin inkişafı istiqamətində bir çox mühüm addımlar atmışdır. Peşəkar kadr hazırlığını qarşısına məqsəd qoymuş Psixologiya Elmi-Tədqiqat İnstitutun ümumilikdə 51 təlim (masterclass, vebinar, workhop və s. daxil olmaqla), 43 görüşdən ibarət Pİ-Live və Pİ-Talk layihəsi, qrup terapiyaları, geniş auditoriya ilə təşkil olunan simpozium, forum və konfrans kimi tədbirlərimiz uğurlu şəkildə həyata keçirilmişdir.

Tələbə Təcrübə Proqramına əsasən, Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələri, o cümlədən Bakı Qızlar Universitetinin Pedaqogika və Psixologiya fakültəsinin Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan IV kurs tələbələri Psixologiya Elmi-Tədqiqat İnstitutunda aktiv təcrübə keçmişlər. Təcrübə müddətində tələbələr institutun fəaliyyət istiqamətləri ilə yaxından tanış olmuş, tədqiqat işlərində iştirak etmiş, həmçinin onlar üçün təşkil olunan təlimlərdə iştirak edərək nəzəri biliklər, praktik təcrübə qazanmışlar.

Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə keçirilən “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu məktəblərin psixoloqlarına Psixologiya Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən təlimlər keçirilib. Təlimlərin keçirilməsində məqsəd, layihənin tətbiq olunduğu məktəblərdə fəaliyyət göstərən məktəb psixoloqlarının təcrübə keçməsi, məktəblilərin və valideynlərin psixoloji mövzularda daha əhatəli məlumatlandırılması, eyni zamanda yaranacaq problemlərə münasibətdə psixoloqların daha peşəkarcasına yanaşmasını təmin etməkdir.

25-26 İyul 2019 tarixlərində Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun və Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birgə təşkil etdiyi “Psixologiya Zirvəsi: problemlər, perspektivlər və yeni yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfransda Qardaş Türkiyə Respublikasından dəvət edilmiş 5 professor məruzə ilə çıxış etmişlər. Konfransın keçirilməsində başlıca hədəf məhz dünyada psixologiya sahəsində qazanılmış nailiyyətlərlə Azərbaycan psixoloqlarını və psixologiya ilə maraqlanan hər kəsi tanış etmək, eyni zamanda Azərbaycanda psixologiya sahəsində aparılmış tədqiqatlarla xarici ölkə psixoloqlarını məlumatlandırmaq olmuşdur. Konfrans materialları İnstitut tərəfindən çap edilib iştirakçılara təqdim edilmişdir.

Milli və mənəvi dəyərlərin təbliği baxımından Cənab Prezident İlham Əliyev tərəfindən “2019-Nəsimi ili” münasibətilə “Azad ruhun psixologiyası” adlı elmi-psixoloji konfrans keçirilmiş, həmçinin Psixologiya Jurnalının bir nəşri məhz Nəsimi ilinə həsr olunmuşdur.

Son zamanlarda bütün dünyanı narahat edən koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə Psixologiya Elmi – Tədqiqat İnstitutu da ölkə əhalisinin psixoloji sağlamlığının qorunması, yoluxma hallarının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri dəstəkləyərək “Qanınla can ver” şüarı ilə qanvermə aksiyası həyata keçirmiş, könüllü fəaliyyət qrupumuzun aktiv iştirakı ilə maarifləndirmə və dəstək məqsədli sosial çağırış video çarxları, mövzu üzrə məqalə yazılar hazırlanmışdır.

Bununla yanaşı, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Layihələrin İdarə Olunması Şöbəsi tərəfindən “Pandemiya dövründə insanlarda müşahidə olunan təşviş hissinin araşdırılması” ilə bağlı, həmçinin institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi tərəfindən koronavirus (COVİD – 19) pandemiyasının yayılması ilə əlaqədar olaraq insanlarda mövcud olan gərginlik səviyyəsini müəyyənləşdirmək səbəbiylə tədqiqat işi aparılmışdır.Naxçıvan Müəllimlər İnstitutunda ixtisasartırma və yenidənhazırlanma çərçivəsində valideynlər, defektoloq-loqoped, psixopedaqoq və məktəb psixoloqları üçün inklüziv təhsil istiqamətində “Pandemiya şəraitində sosial-psixoloji reabilitasiya: yaşam boyu inkişaf” adı altında ixtisasartırma kursunda Psixologiya Elmi – Tədqiqat İnstitutunun əməkdaşları tədris prosesində iştirak etmişdir.

Koronavirus (COVİD -19) pandemiyası zamanı davam edən fəaliyyət planına ,əsasən, Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Virtual Məktəbdə təhsilalanlar və onların valideynlərinə, eyni zamanda təhsil verənlərə psixoloji xidmət həyata keçirilir.Sosial Psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Ceyhun Alıyev tərəfindən Robert Ditsin “Dilin sehri” kitabı dilimizə tərcümə olunaraq çapa hazırlanmışdır.

Hazırda Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzi tərəfindən məktəb psixoloqları üçün metodik vəsaitlər və kitab üzərində iş aparılır.

Online Qeydiyyat