MƏDƏNİYYƏT VƏ QEYRİ-VERBAL DAVRANIŞ

Açar sözlər: verbal və verbal ünsiyyət, qeyri-verbal davranış, mimika

Ünsiyyət – həyatımızın ən mühüm tərəfidir. Onun köməyilə  başqaları ilə əlaqələr qurur, fəaliyyət göstərir, qarşılıqlı münasibət yardır, tələbatlarımızı ödəyir, qarşımıza məqsəd qoyaraq onu əldə edir, sosial və təbii mühitə uyğunlaşır, təhlükəsizliyimizi təmin edir və inkişaf edirik. Ünsiyyət həmçinin hər hansı bir xalqa xas olan mədəniyyətin hifz olunaraq inkişaf etməsi, bir nəsildən digərinə ötürülməsi üçün çox vacibdir. Beləliklə, ünsiyyət həm fərd, həm də qrup səviyyəsində inkişafın hərəkətverici qüvvəsi kimi həyatımızda mühüm rol oynayır.

Ünsiyyət haqqında danışanda ağlımıza gələn ilk fikir – istifadə etdiyimiz dillə bağlı olur. Söz, nitq və dil ünsiyyət prosesində çox mühüm rol oynayır və istisina olaraq insana aid olan fenomendir. İnsanların öz münasibətlərini aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı  təsirə ünsiyyət deyilir (3,116). Ünsiyyət prosesi üç funksiyanı yerinə yetirir: kommunikativ, interaktiv, perseptiv. Qeyd etdiyimiz funksiyalar iki yolla həyata keçirilir. Birincisi söz, dil və nitqdən istifadə etməklə gerçəkləşən verbal davranış adlanır. Ikincisi isə qeyri-verbal davranış adlanır və buraya insanın əl-qol hərəkətləri; səs tonu və digər vokal xüsusiyyətlər o cümlədən nitqin sürəti, tezliyi, intonasiya, pauza; bədən hərəkətləri, bədənin duruş tərzi; sifət cizgiləri, geyimi tərzi, ünsiyyət zamanı saxladığı məsafə və bir-birinə toxunması, baxış və viziual diqqəti və s. digər paralinqvistik və ekstralinqvistik vasitələr aiddir.

Qeyri-verbal davranış aktiv formada ifadə olunan davranışlarla yanaşı diqqəti az cəlb edən, lakin səciyyəvi olan   davranış tərzlərini özündə əks etdirir. Qeyri-verbal kommunikasiya  davranışla bağlı olamayan mənbəələri də özündə əks etdirir. Belə gizli kommunikasiya vasitələrinə vaxtdan istifadəni, gündəlik olaraq geyindiyimiz paltarları, yaşadığımız və işlədiyimiz arxitektura tikilisini, saxladığımız  saç və saqqal formasını, istifadə olunan kosmetik vasitələri və s. daxil etmək olar. Ünsiyyət zamanı qeyd etdiyimiz qeyri-davranış elementləri  qeyri-verbal ünsiyyət vasitəəri (mimika, pantomimika, jest və s.) qədər əhəmiyyətli məlumat verir və kommunikasiya paketinin bir hissəsini təşkil edir. Beləliklə, fərdin həm davranış, həm də qeyri-davranış aspektlər ümumi qeyri-verbal kommunikasiya kateqoriyasına daxildir. Insanlar ünsiyyətdə olarkən bir-birinə müxtəlif kanallarla çoxlu sayda siqnal və məlumatı həm ötürür, həm də qəbul edirlər.

Insanlar verbal ünsiyyəti öyrəndikləri kimi qeyri-verbal ünsiyyət vasitələrinə də sosial mühitdə yiyələnirlər. Amerikan psixoloqu A.Mehrabianinin qənaətinə görə kommunikasiya prosesində insanlar verbal informasiya ilə müqayisədə qeyri-verbal informasiyaya daha çox diqqət yetirirlər. Belə ki, kommunikasiya prosesində söz 17%,  səs 28%,  sözün necə deyilməsi isə 55%  əhəmiyyət kəsb edir. Qeyri-verbal davranış da verbal davranış qədər aid olduğu mədəniyyətin təsir dairəsindədir.

Insanlar arasında olan ünsiyyət boşluqda deyil, müəyyən kontekstdə baş verir. Hər bir insan özünəməxsus meyl, maraq, dəyər və məqsədə sahib olduğu üçün ifadə edəcəyi sözü, fikri qeyri-verbal vasitələrdən istifadə etməklə müəyyən struktura yerləşdirir. Ətrafdakı insanlarla qarşılıqlı ünsiyyətdə olarkən bir adamdan digərinə ötürülən informasiya çox böyük həcmdə olur. Biz fikirləşə bilərik ki, ünsiyyət zamanı ən əsas vasitə – tələffüz edərək söylədiyimiz sözdür, fikirdir. Əslində həqiqətən də ünsiyyətdə olarkən diqqətimizi daha çox istifadə etdiyimiz sözə yönəldirik. Bağçaya və məktəbə getdiyimiz ilk gündən başlayaraq diqqətimizi sözə, qrammatikaya, tələffüzə və durğu işarələrinə yönəldirlər. Ünsiyyətdə olarkən vaxtımızın çox hissəsini fikrimizi, istək və arzumuzu necə, hansı sözlə ifadə etməyə həsr edirik.  Tələbə yoldaşımıza, bacı qardaşımıza, iş yoldaşımıza, bizdən bir söz soruşan yolçuya  hansı sözlə cavab vermək haqqında düşünürük. Bir sözlə danışanda söz və nitqimizə fokuslanırıq. Amma söz – ünsiyyət prosesinin yalnız bir hissəsidir. Verbal dil kanalı kommunikasiya prosesində istifadə olunan kanallardan biridir. Bizim bütün hərəkətlərimiz və jestlərimiz, daha dəqiq desək qeyri-verbal davranışımız da mühüm kommunikasiya kanalıdır.  Yeganə fərq odur ki,  biz qeyr-verbal davranış və yaxud qeyr-verbal ünsiyyət vasitələrindən  istifadə edərkən, sözdən, cümlədən, fikirdən istifadə edərkən düşündüyümüz qədər onlar haqqında düşünmürük. Elə başqasını dinləyərkən, ona qulaq asarkən də eynilə hərəkət edir, qarşı tərəfin qeyr-verbal davranışına diqqət yetirmir, ona əhəmiyyət vermirik. Biz əhəmiyyət verməsək də, diqqətimizi həmin elementlərə yönəltməsək də onlar tələffüz edilən, deyilən sözlərin mənasını düzgün başa düşmək üçün mühümdür.

Mədəniyyət – qrup tərəfindən yaradılan və onun həyatını təmin edən hamı tərəfindən qəbul edilən, lakin fərqli şəkildə həyata keçirilməklə nəsildən-nəsilə ötürülən dinamik sistemdir. Bu mənada hər bir xalqa məxsus olan ünsiyyət mədəniyyəti onun həm verbal həm də qeyri-verbal davranışında və yaxud  qeyri-verbal ünsiyyət vasitələrində öz əksini tapmışdır. Ona görə də bədii və şifahi ədəbiyyat nümunələrində öz əksini tapan  verbal və qeyri-verbal davranış elementlərini təhlil etməklə xalqın psixoloji keçmişini, onun ünsiyyət mədəniyyətini öyrənmək olar. Bu mənada  “Kitabi- Dədə Qorqud” dastanını paralinqvistik və ekstralinqvistik aspektdən təhlili həm dilçilər, həm də psixolinqvistlər üçün çox maraqlıdır. Belə ki, “Dədə Qorqud” obrazlarının (Qazan xan, Qaraca Çoban, Qanturalı, Beyrək, Dəli Qarcar və s.) dili deyəndə təkcə onların nitqinin linqvistik tərəfi deyil, həm qeyri-verbal tərəflərinin öyrənilməsi, istifadə etdikləri qeyri-verbal davranış elementlərinin araşdırılması məsələsi nəzəri əhəmiyyət kəsb edir. Mədəniyyətdən mədəniyyətə danışıq dili dəyişdiyi kimi qeyri-verbal davranış da dəyişir. Bizim  adi olduğumuz mədəniyyət verbal dilimizə təsir göstərdiyi kimi qeyri-verbal davranışımıza öz təsirini göstərir. Hər bir mədəniyyətin daşıyıcısı  verbal dilə yiyələndiyi kimi qeyri-verbal davranışa yəni qeyri-verbal ünsiyyət vasitələrindən (mimika, pantomimika, jestlər, proksimika, takesika və s.)  istifadə etməyi öyrənirlər. 

Xalqa məxsus olan dəyərlər, sosial normalar, sərvət dəyərləri təkcə verbal yolla deyil, həm də qeyri-verbal davranışda da özünü biruzə verir. Yuxarıda qeyd etdiyimiz kimi geyimlər, örütk vasitələri, bəzək əşyaları, minik vasitələri və s. elementlər də  qeyri-verbal ünsiyyət vasitələrinə adi edilir. Bu mənada baş geyimi vasitələrinin sosial-psixoloji nüfuzu,  digər geyim vasitələri ilə müqayisədə daha böyükdür. Bu nüfuz istər kişi, istərsə də qadınların istifadə etdiyi baş örtüyü vasitələrinə aiddir. Azərbaycanlı, türk təfəkküründə  papaq  kişiyə məxsus olan adi baş örtüyü kimi qəbul olunmurdu. Papaq həmçinin, kişinin namusu, qeyrəti, nüfuzu ilə asossasiya olunurdu və bu yöndən qiymətləndirilərək qavranılırdı. Kişinin özünün və yaxud ailəsinin sosial baxımdan qəbul edilməyən, qeyri-məqbul hər hansı hərəkəti verbal yolla qiymətləndiriləndə “papağını yerə vurdu” ifadəsindən istifadə olunurdu.

Azərbaycanlı təfəkküründə kişinin papağı, onun başı ilə asossasiya olunduğu üçün papağla edilən hər hansı bir hərəkət onun daşıyıcısına qarşı edilən hərəkətə bərabər tutulurdu və o səviyyədən qiymətləndirilirdi. “Papağı yerə vurmaq” kədər, qəzəb, üsyan jesti kimi “Kitabi Dədə Qorqud” dastanında rast gəlinir. Dastanın “Baybörənin oğlu Bamsı Beyrək” boyunda oxuyuruq: “Gördülər ki, yurdda bir quzğun, bir tazı dolaşır. Otaq yerlə-yeksan, naib isə həlak olmuşdur. Beyrəyin atası böyük çalmasını götürüb yerə çırpdı.Dartdı, yaxasını yırtdı. Ağ birçəkli anası ağladı, gildir-gildir göz yaşını tökdü, ağ üzünə acı dırnaq çaldı. Al yanağını dartdı, qarğı kimi qara saçını yoldu” (4, 209).

 Beləliklə, “Kitabi Dədə Qorqud” dastanında verilən qeyr-verbal davranış elementlərinin sözlə ifadəsi müasir azəri türklərinin əcdadı olan qədim oğuz türklərinin  ünsiyyət mədəniyyətindən, zəngin psixoloji keçmişindən xəbər verir.

ƏDƏBİYYAT :

1. Abdullayev Kamal. Sirriçində dastan və yaxud Gizli Dədə Qorqud – 2. Bakı: “Elm” nəşriyyatı, 1999, 288 səh.

2. Bayramov Ə.S. “Kitabi –Dədə Qorqud” dastanlarında etnik-psixoloji xüsusiyyətlərin inikası. Bakı: “Elm” nəşriyyatı , 2000, 137 səh.

3. Kitabi- Dədə Qorqud. Əsil və sadələşdirilmiş mətnlər. Bakı: “Öndər” nəşriyyatı, 2004, 376 s.

Müəllif :

Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktorantı Aybəniz Sadıqlı

Online Qeydiyyat