Şəxsiyyət və onun sosial-psixoloji strukturu

Açar sözlər: #şəxsiyyət, #fərd, #fərdiyyət, #struktur, #davranış

Şəxsiyyət problemi, onun formalaşmasının və inkişafının sosial-psixoloji məsələləri psixologiya üçün daim aktual mövzu olmuşdur. Psixolgiyada “insan” anlayışı ilə bərabər fərd, fərdilik, şəxsiyyət anlayışlarından tez-tez istifadə olunur. Məqalədə göstərilir ki, şəxsiyyət anlayışını təhlil etməklə, bu məsələləri ətraflı öyrənmək olar. Məqalədə fərd, fərdiyyət, şəxsiyyət anlayışları məzmuna görə deyil, fərdi varlığın spesifik aspekti kimi əks olunmuşdu.

“Şəxsiyyət problemi elmin müxtəlif sahələrində çalışan alim və mütəfəkkirlərin illərlə diqqət mərkəzində dayanan mühüm problemlərindən biri olmuş və müasir dövrd də öz aktuallığını saxlamaqdadır. Müasir psixologiyada şəxsiyyət, onun formalaşması, strukturu kimi məsələlər, ümumiyyətlə, şəxsiyyət anlayışının mahiyyəti barədə müxtəliuf fikirlər irəli sürülür. Bu, bir daha həmin problemin mürəkkəb və çətin olduğunu təsdiq edir” (1,s.157). Psixologiyada insanı şəxsiyyət kimi qiymətləndirərkən, onun sosial tərəfi ön plana çəkilir. Şəxsiyyət anlayışı sosial hadisə kimi K.Marks tərəfindən geniş izah edilmişdir. O, qeyd edirdi ki, “Şəxsiyyətin məzmununu onun dərisi, qanı, mücərrəd fiziki təbiəti deyil, onun sosial keyfiyyətləri təşkil edir.

”Şəxsiyyət və onu başqa insanlardan ayıran insanın davranışının xüsusiyyətləri onun inkişafının və həyat təcrübəsinin müxtəlif mərhələlərində formalaşır. “K.Levinə görə şəxsiyyət onu əhatə edən əşyalar arasında psixoloji sahədə yaşayır və inkişaf edir” (2,s.273). Bir insanın həyatda qazandığı ən böyük nailiyyət onun təcrübəsidir. “Şəxsiyyətin formalaşması prosesi hər hansı bir layihə, yaxud plan üzrə həyata keçirilmir. Eyni bir şəraitə, eyni bir ailədə müxtəlif xarakterlərə malik olan şəxsiyyətlər formalaşa bilər. bütün bunlr isə onu göstərir ki, ümumiyyətlə inkişafın amili kimi ancaq xarici mühit haqqında danışmaq olmaz, şəxsiyyətin formalaşmasının fərdi şəraitini aydınlaşdırmaq lazımdır” (3,s. 139-141).

Şəxsiyyət olmaq üçün fərd müəyyən inkişaf yolu keçməlidir. Hər bir insan eyni zamanda fərd, hər bir fərd eyni zamanda insandır. Deməli, konkret bir adamı fərd adlandırmaqla onun potensial insan olduğunu təsdiq edirik. Şəxsiyyət olmaq üçünsə, fərd müəyyən inkişaf yolu keçməlidir. Burada dialektik surətdə iki proses uzlaşır. Bir tərəfdən, şəxsiyyət ictimai münasibətlər sisteminə daxil olur, digər tərəfdən, o, daha çox müstəqillik avtonomluq kəsb edir. Yəni onun cəmiyyətdə inkişafının mühüm cəhətini fərdiləşmə prosesi təşkil edir. Fərd şəxsiyyətə çevrildikdə, həm də fərdiyyət xüsusiyyətlərini qazanmış olur. Fərdiyyət anlayışı fərd insanın təkrar olunmaz xüsusiyyətlərinin məcmusu kimi ifadə edilir.

Şəxsiyyətin sosial-psixoloji mahiyyətini təhlil etmək üçün onun təlabat sistemini bilməyin mühüm əhəmiyyəti var. sosial varlıq olan insan üçün ən mühüm təlabat ünsiyyətə olan təlabatdır. Ünsiyyət təlabatı insan psixikasının şəxsiyyətyönümlü keyfiyyətidir, onun davamlı və bütöv sistem kimi özünü dərk etməsidir, fəaliyyətin əsasıdır. İnsanın hər cür fəaliyyətində ünsiyyət zəruri şərt kimi özünü göstərir… ”Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır”(4,s10). Q.Ananyev qeyd edir ki, ”Şəxsiyyət– əməyin, biliyin və ünsiyyətin subyektidir. Şəxsiyyətin sosial – psixoloji mahiyyətinin təhlilində onun müxtəlif qruplara daxil olması, hansı normaları mənimsəməsi, bu qrupların ona təsiri nəticəsində hansı rolu və möv qeni tutması məsələlərinin araşdırılması önəmlidir. Məlumdur ki, insan istər fəaliyyət prosesində, istərsə də digər hallarda müəyyən qrup və kollektiv üzvü olur. Və bu zaman nəzərə almaq lazımdır ki,”İnsanın bütün davranışı, həyat səviyyəsi, məişəti, sosial varlığı müəyyən mənada onun peşəsindən asılıdır”(5,s 36). Prof. R.İ.Əliyev peşə fəaliyyətinin insana təsiri barədə yazır: “Peşə fəaliyyəti həqiqi mənada insanı bütövlükdə dəyişdirə, peşəyə lazım olan formaya sala, keyfiyyətlər tərbiyə edə bilir” (6, s.37). İnsanlar qrupdakı mövqelərindən asılı olmayaraq sosial normalara əməl edirlər. Sosial normalar insanların münasibətlərini tənzim edir. Hər bir qrupda böyüklə kiçik, rəhbərlə işçi və başqaları arasında münasibətlər sosial mormalar vasitəsilə tənzim edilir. Digər funksiya ondan ibarətdir ki, insanlar sosial normalar vasitəsilə başqa adamların davranış və rəftarını qiymətləndirirlər. Beləliklə, hər hansı qrup üzvü olan şəxsiyyət bu normalara riayət eədrək nüfuz qazanır və müəyyən rolları icra edir. Hər bir fərd ayrı –ayrılıqda özündən əvvəlki dövrdə yaşamış insanlar kimi bütün ömrü boyu sosial mühitə daxil olur, on a uyğunlaşır. Müəyyən rol və fuhksiyalrı qəbul edir və mənimsəyir.”V.Şekspirin sözləri ilə “Bu dünya teatrdır və burada kişilərin və qadınların hamısı aktyordur, onların hər biri müxtəlif rollar oynayırlar.”” (7,s 276-278). Şəxsiyyət müstəqildir. İnsanlar özlərinə layiq gördüyü rollara uyğun davranırlar.

Psixologiyada şəxsiyyəti sosial –psixoloji aspektdən təhlil edərkən sosial stetus anlayışının təhlilinə önəm verilir. Sosial status-insanın cəmiyyətdə, konkret kollektivdə rolunu və mövqeyini əks etdirir. Sosial qarşılıqlı təsirlərin gedişatında konkret funksiyaların icra edilməsi üçün hər bir insana müəyyən vəzifələr qoyulur, bununla birlikdə insana müəyyən edilmiş hüquqlarla imtiyazlar, səlahiyyətlər verilir. Bütün bunlara baxmayaraq, insan bu və ya digər funksiyanı yerinə yetirmir—o qarşılıqlı təsirlərin bu sistemi çərçivəsində müəyyən sosial mövqe tutur. Psixologiya şəxsiyyəti hər şeydən əvvəl sosial keyfiyyətli bir sistem kimi səciyyələndirərək təhlil edir. Sosial keyfiyyətlər fərdin ünsiyyət və fəaliyyət prosesinə, müxtəlif münasibətlər sisteminə yiyələnməsi şəraitində təşəkkül taparaq formalaşır. Bütün bunlara əsaslanaraq şəxsiyyəti ictimai münasibətlərin məcmusu kimi səciyyələndirmək olar. Sosial-psixoloji münasibətlər ümumilikdə şəxsiyyətin həqiqi mahiyyətinin əsasını təşkil edir. Belə ki, məhz sosial – psixoloji amilləri təhlil edərək şəxsiyyətin inkişafına təsirini araşdırmaq mümkündür.

ƏDƏBİYYAT :

1.Psixologiya. Ali pedaqoji məktəblərin bakalavr pilləsi üçün dərslik. Bakı: Nurlan 2007, 700 s.

2.Əliyev R.İ. Psixologiya tarixi. Bakı: 2006, 381s.

3.Xəlilov. H.Ə. Uşaq və yeniyetmələrin inkişafının sosial psixoloji məsələləri. Bakı: Şərq-Qərb, 2012, 224 s.

4. Həmzəyev M.Ə., Əmiraslanova S.F. Ünsiyyətin psixologiyası. Bakı: Nurlan, 2007, 178 s.

5. Əskərova Y.B. Azərbaycanda elmi psixologiyanın inkişafında Ə.Ə.Əlizadə yaradıcılığının rolu. Psixol. ü.f.dok. …dis. Bakı, 2015, 134 s.

6. Əliyev R.İ. Şagird şəxsiyyətinin formalaşmasında peşəyönümünün rolu. Bakı: XTN-nin mətbəəsi, 1991, 46 s.

7. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. Dərslik. Bakı: Qapp-Poliqraf, 2003, 356 s.

Müəllif :

Psixologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Yeganə Əskərova

Online Qeydiyyat