Stresslə diabetin (şəkər xəstəliyinin) əlaqəsi

Açar sözlər : stress, şəkərli diabet, psixosomatik problemlər , klinik psixologiya

Qanda şəkərin miqdarında yaranan disbalans orqanik problemlərə və psixoloji narahatlıqlara səbəb olur. Bir çox hallarda isə bu vəziyyətin əksi ilə qarşılaşırıq. Müəyyən qrup orqanik və psixoloji narahatlıqlar qanda şəkərin miqdarının dəyişməsinə səbəb olur. Tədqiqatlar nəticəsində müəyyənəşdirilmişdir ki, bir çox fiziki problemlərin yaranmasına səbəb nevrotik pozuntulardır. Psixiatrik və psixoloji problemlər zamanı yorğunluq, halsızlıq, baş ağrıları, əzələ ağrıları, mədə-bağırsaq problemləri, yuxu və qidalanma problemləri kimi orqanik şikayətlər müşahidə olunur.

Psixiatrik simptomlar bilavasitə xəstəliklə əlaqədar bioloji dəyişikliklərə səbəb olur. Serebrovaskulyar (beyin-damar) xəstəlikləri, Parkinson, Multiple Skleroz kimi bəzi xəstəliklər depressiya və təşviş əlamətlərinə səbəb olan fizioloji dəyişiklərə gətirib çıxarır. Və ya xroniki xəstəliyin psixoloji stress faktoru olaraq təsir etdiyi psixoloji simptomlara səbəb olduğu düşünülür. Fiziki xəstəliyin ağırlığı, həyati təhlükəsi və funksionallığı psixoloji simptomların yaranmasına təsir göstərir.

Şəkərli diabet zamanı xəstəliyin yaranması və ya ağırlıq dərəcəsinin artması, genetik və fiziki faktorlardan başqa psixoloji narahatlıqlardan və həyati proseslərdən də asılıdır.Şəkərli diabetdə xəstəliyə adaptasiya və emosional reaksiyalar

Yetkin yaşlı şəkərli diabetli insanların 20%-də psixiatrik narahatlıqların rast gəlindiyinə dair tədqiqatlar vardır. Həmin tədqiqatlara əsasən bu psixiatrik pozuntular bir çox hallarda müəyənləşdirilmir. Şəkərli diabeti olan insanlarda daha çox adaptasiya problemlərinə və emosional reaksiyalara rast gəlinir. Xəstəlik yarandıqdan sonra ortaya çıxan bu problemlər xəstəliyin ağırlıq dərəcəsinə, xəstənin şəxsiyyət tipinə əsasən dəyişir və müvafiq təşviş problemləri ilə birlikdə müşahidə olunur.

Bu insanlarda tez-tez müşahidə olunan reaksiyalar: Özgüvənini və azadlığını itirmə qorxusu ; Özünənəzarəti itirmə qorxusu; Orqanlarının zədələnəcəyindən qorxma; Ətrafının maraq və dəstəyini itirmə qorxusu ; Cinsi istəksizliyin yaranma qorxusu ; Keçmişdə etdiklərinə və ya edə bilmədiklərinə bağlı cəzalanma qorxusu ; Xroniki xəstəliklə qarşılaşdığı üçün özgüvən probleminin yaranması; Xəstəliyə qarşı yas reaksiyası, üsyan etmə, inkar, təşviş, depressiya və aqressiya. Diabet zamanı psixiatrik sindromlar və psixososial problemlər

Diabetli pasiyentdə davranış, duyğu, düşüncə və insanlararası münasibətlərdə ortaya çıxan reaksiyalar pasiyent, ailə və müalicə komandası üçün müalicə müddətində çətinliklərə səbəb ola bilər. Psixoloji problemlər diabetin klinik tablosuna, yayılmasına və müalicənin gedişatına təsir göstərir.

Depressiya.

Depressiyanın fiziki xəstəliyin nəticəsində ortaya çıxdığı və xüsusilə də yaşlı insanlarda depressiya riskinin daha çox olduğu müəyyənləşdirilmişdir. Araşdırmalara əsasən depressiyanın hipertoniya, ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər və diabet kimi xəstəliklər üçün başlanğıc faktor olduğu təsbit olunmuşdur. Diabet zamanı paralel şəkildə müşahidə olunan depressiyada motivasiyanın azalmasına bağlı olaraq pasiyentdə çəki artımının yaranmasının qarşısını almaq üçün istifadə olunan pəhriz və arıqlama texnikaları heç bir nəticə vermir. Depressiyaya bağlı neyrohormonal və ya neyrotransmitter səviyyəsindəki dəyişikliklər diabetin ağırlaşmasına səbəb olur. Diabetli qadınlarda kişilərə nisbətdə depressiyanın yaranma faizi 2 dəfə çoxdur.

Əlamətləri:

Heç bir şeydən zövq almama, maraqsızlıq və istəksizlik

Dəyərsizlik duyğusu, günahkarlıq hissi və cəzalandırılma düşüncəsi

Uğursuzluq və çarəsizlik düşüncələri

Təkrarlanan ölüm düşüncələri

Qərarsızlıq

Tez-tez ağlama

Təşviş pozuntuları

Təşviş, qorxu, narahatlıqla yanaşı fizioloji, koqnitiv və bihevioral əlamətləri özündə birləşdirən psixoloji pozuntudur. Eqonun təhlükədə olduğu hissi ilə ifadə olunan gərginlikdir. Diabetli xəstələrin 40%-də təşviş pozuntularına rast gəlinir. Depressiyada olduğu kimi təşviş pozuntuları da qadınlarda kişilərə nisbətdə daha çox müşahidə olunur. Xəstənin sosial həyatına təsir göstərməklə yanaşı xəstəliyin ağırlıq dərəsinin artmasına və müalicənin mənfi istiqamətdə inkişafına təsir göstərir.

Əlamətləri:

Hədsiz dərəcədə narahatlıq və təşviş

Tez yorulma

Diqqətini toplama çətinliyi

Əzələ gərginliyiYuxu pozuntusu

Diabetli xəstə və ailəsi

Xroniki xəstəlik diaqnozunun qoyulması pasiyentdə olduğu kimi ailəsində də müxtəlif narahatlıqların ortaya çıxmasına səbəb olur. Bu mərhələdə pasiyentlə ailəsi arasında müəyyən problemlər yarana bilər, ailədaxili konfliktlər müşahidə olunar. Ailənin hədsiz dərəcə himayədar olması və ya hədsiz təzyiq göstərməsi xəstəliyin gedişatına və terapiya dövrünə mənfi təsir göstərə bilər. Buna görə də ailə üzvləri xəstəliklə bağlı məlumatlandırılmalı və müalicə müddətində bütün ailə üzvləri iştirak etməlidir. Xəstəliyin terapiyasına bu səbəbdən də tibbi yardımla yanaşı psixoloji yardım da mütləqdir. Psixoloji məsləhət prosesi xəstəliyin gedişatına və terapiya prosesinə müsbət təsir göstərər.

Dərman terapiyası və psixoterapiyaDiabetli xəstələrdə müşahidə olunan psixoloji problemlər səbəbindən psixoterapevtik yardımın alınması mütləqdir. Bu zaman psixoterapevtik müdaxilələrdən, xüsusilə də, koqnitiv-bihevioral terapiyadan istifadə olunur. Psixoloji narahatlığın ağırlıq dərəcəsindən asılı olaraq psixoterapiya ilə yanaşı dərman terapiyası da tətbiq olunur. Həmçinin terapiya müddətində psixoloq, endokrinoloq komanda şəklində birlikdə fəaliyyət göstərməli, intensiv şəkildə xəstəliklə bağlı konsilium aparmalıdır.

ƏDƏBİYYAT :

1. Morrison James. Made Easy, The clinician`s guide to diagnosis.

2. Butcher James N., Mineka Susan, Hooley Jill M. Abnormal psychology.

3. Stahl Bob A., Ph.D. Mindfulness-Based Stress Reduction Workbook.

4. Голви Тимоти. Стресс как внутренняя игра.

Müəllif :

Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyeva

Online Qeydiyyat