Valideyn-uşaq münasibətləri ilə bağlı təsnifat və bölgülər

 Hamımızın bildiyi kimi həyatın ilk illəri inkişaf üçün əvəzsiz bir dövrdür və valideynlərin bu dövrdə oynadığı rol çox böyükdür. Valideynlər uşaqlarını hələ körpəlikdən idarə etdikləri üçün onlar uşaqlarına həmyaşıdları ilə münasibətlərindən tutmuş təhsildə müvəffəqiyyətinə qədər müxtəlif sahələrdəki bacarıqları üzərində həm keçici, həm də qalıcı təsirləri göstərə bilər. Uşaqları üçün mümkün olan ən yaxşı nəticəni təmin etmək valideynlərdən uşaqlarını ailə və digər sosial sistemlərə  inteqrasiya etmək üçün tələb etdikləri disiplin və qaydalar ilə, həssaslıq və dəstək atmosferini qorumaq məsuliyyəti arasındakı balansı düzgün qurmaq bacarığı tələb edir. Müxtəlif elmi baxışlar içərisindən valideynlik və valideyn-uşaq münasibətləri daha çox tədqiq olunan mövzulardır. Bir çox nəzəri baxış valideynliyin uşaq inkişafında həyati bir rol oynadığını vurğulayır. Valideynliyi araşdıran tədqiqatçılar valideynlik təcrübələrini, valideynlik ölçülərini və ya valideynlik tərzlərini nəzərə alaraq tədqiqatlarda müxtəlif yanaşmalardan istifadə edə bilərlər. Valideynlik təcrübələri valideynlərin uşaqlarını sosiallaşdırmaq üçün istifadə etdikləri və birbaşa müşahidə edilə bilən xüsusi davranışlardır.  Məsələn, təhsildə müvəffəqiyyətə təşviq etməyə yönəlmiş valideynlik təcrübələri valideyn-müəllim iclaslarına qatılmaq və ya ev tapşırıqlrını müntəzəm olaraq yoxlamaq ola bilər. Digər valideynlik təcrübələri müsbət möhkəmləndirmə, nizam-intizam və problem həlli ilə əlaqəlidir.

E.M.Kamings və tərəfdaşları xüsusi valideynlik təcrübələrinə fokuslanmaq əvəzinə, oxşar valideynlik təcrübələrini əks etdirən valideynlik ölçülərini, əsasən faktor-analitik metodlarından müəyyən etdilər. Alimlər arasında valideynliyin ən az iki geniş ölçüsünün, valideyn dəstəyi və valideyn nəzarəti olması barəsində fikir birliyi var. Valideyn dəstəyi daxil olma, qəbul olunma, emosional doyumluluq və diqqət göstərilən valideyn-uşaq münasibətinin emosional təbiəti ilə əlaqəlidir. Valideynlər tərəfindən dəstək uşaqlarda spirtli içki istifadəsi və deviant davranış, depressiya və günahkarlıq duyğusunun qarşısının alınması kimi müsbət nəticələrə səbəb ola bilər.

B.K.Barber, D.M.Şeyfer və S.Şteynberg valideyn ölçüsünün bir növü olan valideyn nəzarəti psixoloji və davranış nəzarəti olaraq iki alt qrupa ayrıldığını qeyd etmişdilər. Valideyn davranış nəzarəti tələblər, nizam-intizam qaydaları, mükafatlandırma və cəzalandırma vasitəsilə uşaq davranışını nəzarət və idarə etməkdən ibarətdir. Normal dərəcədə olan davranış nəzarəti uşağın inkişafına müsbət təsir edir, halbuki zəif davranış nəzarəti ( məsələn, valideyn nəzarətinin zəif olması ) və ya həddindən artıq davranış nəzarəti (məsələn, valideyn tərəfindən fiziki cəza) deviant davranış, depressiya və təşviş pozuntusu kimi mənfi nəticələrə səbəb olur. Valideyn davranış nəzarəti uşağın davranışı üzərindəki nəzarəti ifadə edərkən, valideyn psixoloji nəzarəti dedikdə isə valideynlərin uşaqlarının düşüncələrini, emosiyalarını və hisslərini idarə etməsi nəzərdə tutulur. Manipulyativ və müdaxilə xarakterinə görə psixoloji nəzarət demək olar ki, depressiya, antisosial davranış və reqressiya kimi yalnız mənfi xüsusiyyətlərin formalaşmasına səbəb olur. Üç valideynlik ölçüsü (dəstək, psixoloji nəzarə və davranış nəzarəti) müəyyən dərəcədə əlaqəli olmalarına baxmayaraq müxtəlif təsir xüsusiyyətlırinə malikdir. Digər tədqiqatçılar valideynlik təcrübələrinin müəyyən birləşmələrinin digər valideynlik təcrübələri və ya ölçülərindən fərqli olaraq uşaq inkişafına təsirini vurğulayaraq valideynliyi başqa aspektlərdən araşdırmağa başladılar. Belə bir yanaşma daxilində eyni valideyndə hansı valideynlik təcrübələrinin meydana gəldiyini və ümumiyyətlə valideynlik tərzləri kimi etiketlənmiş bu nümunələrin uşaqların inkişafı ilə necə əlaqəli olduğu araşdırılır. Bu valideyn tərzləri bir şəxsdə eyni anda fərqli valideynlik təcrübələrini ortaya çıxara bilər.

Valideynlik tərzlərini ilk araşdıran tədqiqatçılardan biri D.Baumrinddir. O, normal valideyn davranışlarındakı fərqlilikləri təsvir etmək üçün 3 valideyn tərzindən ibarət bir tipologiya təqdim etmişdir: avtoritar, demokratik və icazə verən (liberal) valideyn tərzi. Baumrind qeyd etmişdir ki, avtoritar valideynlər uşaqlarının davranışlarını mütləq standartlar əsasında formalaşdırmağa və idarə etməyə çalışdıqları halda, icazə verən valideynlər nəzarət etmək əvəzinə isti münasibət və daha çox muxtariyyət verirlər. O, belə düşünürdü ki, demokratik valideyn tərzi bu iki tərz arasında durur. Daha sonra 1980-ci ildə E.E.Makobi və J.A.Martin Baumrindin tipologiyası ilə valideynlik ölçüləri araında əlaqə yaratmağa cəhd göstərmişdilər. İki ölçünün- tələbkarlıq və cavabdehliyin birləşməsinə əsaslanaraq dörd valideynlik tərzini müəyyən etdilər: demokratik (yüksək tələbkarlıq və yüksək cavabdehlik); avtoritar (yüksək tələbkarlıq və aşağı cavabdehlik); icazə verən (aşağı tələbkarlıq və yüksək cavabdehlik) və laqeyd (aşağı tələbkarlıq və aşağı cavabdehlik). Bu iki valideynlik ölçüsü bənzəyir, lakin “valideyn dəstəyi” və “valideyn davranış nəzarəti” ölçüləri ilə eyni deyil. Makobi və Martinin tədqiqatlarına əsaslanan Baumrind öz tipologiyasına “laqeyd” valideyn tərzini də əlavə etdi. İndi isə hər bir valideyn tərzi ilə yaxından tanış olaq:

1. Demokratik- bu valideynlər uşaqlarına qarşı isti münasibət bəsləyirlər, lakin qərarlıdırlar. Uşaqlarının hərəkətləri üzərində məhdudiyyətlər və nəzarəti qoruyaraq onları müstəqil olmağa təşviq edirlər. Demokratik valideynlər “çünki belədir” qaydasından istifadə etmirlər. Bunun əvəzinə, uşaqlarına daha çox vaxt ayırmağa, onları dinləməyə və fikirlərini nəzərə almağa meyillidirlər. Demokratik valideynlər uşaqları ilə müəyyən müzakirə və mübahisələrdə iştirak edirlər, baxmayaraq ki son məsuliyyət valideyn üzərinə düşür. Tədqiqatlar göstərir ki, demokratik valideynlər uşaqlarına necə danışıqlar aparılmasını və müzakirələrdə necə iştirak edəcəklərini öyrədirlər. Uşaqlar anlayır ki, onların fikirləri valideynlər üçün dəyərlidir. Nəticədə belə uşaqlar sosial, məsuliyyətli və müstəqil olurlar.

 2. Avtoritar- bu valideynlər uşaqlarına qarşı soyuq olurlar və onlara yüksək dərəcədə nəzarət edirlər. Onlar nizam-intizama meyilli, məhdudlaşdırıcı, cəzalandırıcı bir üslubdan istifadə edirlər və uşaqlarını bu təlimatlara riayət etmələrinə israr edirlər. Avtoritar valideynlər “bunu mən dediyim üçün edəcəksən” və ”çünki mən valideynəm və sən deyilsən” kimi ifadələrdən istifadə edirlər. Avtoritar valideynlər övladları ilə müzakirələr aparmırlar və ailədə mövcud olan qayda və standartlar barəsində fikir mübadiləsi aparılmır. Bu valideynlər elə düşünürlər ki, uşaqları onların qoyduğu qaydaları olduğu kimi qəbul etməlidirlər. Tədqiqatlar göstərir ki, avtoritar valideynlər uşaqlarına valideynlərin qoyduğu qaydalara tabe olmağın müstəqil davranışdan daha dəyərli olduğunu öyrədirlər. Nəticə etibarilə, belə uşaqlar üsyankar və ya asılı olurlar. Üsyankar olanlar aqressiv davranışlar sərgiləyə bilərlər. Daha itaətkar olan uşaqlar isə valideynlərindən asılı qalmağa meyillidirlər.

3. İcazə verən (liberal) – bu valideynlər uşaqlarına qarşı çox istiqanlı, lakin tələbkar deyillər. Valideyn olaraq laqeyd və passivdirlər və sevgilərini nümayiş etdirməyin yolunun uşaqlarının istəklərinə tabe olmaq olduğuna inanırlar. İcazə verən valideynlər “əlbəttə ki, istəsən evə gec bilərsən” və “istəmirsənsə heç bir şeyi etmək məcburiyyətində deyilsən” kimi ifadələrdən istifadə edirlər. İcazə verən valideynlər övladlarına yox deməyi və ya onları məyus etməyi sevmirlər. Nəticədə, uşaqlarına özlərinin iştirakı olmadan bir çox vacib qərarlar verməyə icazə verirlər. Valideynlər özlərini uşağın hərəkətlərinin formalaşmasında əsas model kimi qəbul etmirlər; bunun əvəzinə, uşağın məsləhət almaq üçün onlara müraciət etməsi halında, özlərini bir qaynaq olaraq görürlər. Tədqiqatlar göstərir ki, icazə verən valideynlərin övladları həyatda sərhədlərin və qaydaların çox az olduğunu və nəticələrin də çox ciddi olmayacağını öyrənirlər. Nəticədə, belə uşaqlar özlərini idarə etməkdə çətinlik çəkə bilər və həmyaşıdları ilə münasibətlərinin düzgün inkişafına mane ola biləcək eqosentrik davranışlar nümayiş etdirə bilərlər.

4. Laqeyd- belə valideynlər uşaqlarına qarşı istiqanlı deyillər və onlara heç bir tələb qoymurlar. Uşaqları ilə çox az qarşılıqlı təsirdə olurlar və çox vaxt onlara laqeyd yanaşırlar. Bu valideynlər uşaqlarının ehtiyaclarına, olduğu yerlərə, məktəbdə və ya yaşıdları ilə nə yaşadıqlarına qarşı laqeyddirlər. Laqeyd valideynlər “hara getməyiniz məni maraqlandırmır” və ya “nə işlə məşğul olduğunuzu mən düşünməliyəm?” kimi ifadələr səsləndirirlər. Laqeyd valideynlər nadir hallarda övladlarının qərarlarını nəzərə alırlar və ümumiyyətlə uşaqlarının onları narahat etməsini istəmirlər. Valideynlər çətin həyat şəraitindən dolayı, yorğun, əsəbi , frustrasiyaya uğramış və ya sadəcə bir valideyn kimi öhdəliklərini yerinə yetirməkdən əl çəkmişlərsə bu tərzdə davrana bilərlər. Araşdırmalar göstərir ki, laqeyd valideynlər öz şəxsi həyatları ilə yaxından maraqlanır və valideynliyə daha az vaxt sərf edirlər. Nəticədə, belə valideynləri olan uşaqlar eyni davranışları sərgiləyirlər və özünü tənzimləmədə olan problemlərlə əlaqədar olaraq bəzən demonstrativ davranışlar da sərgiləyə bilərlər.

Online Qeydiyyat