Attitude fenomeninin sosial-psixoloji təhlili

XX əsrin əvvəllərindən başlayaraq indiyə kimi psixologiyada öz aktuallığını qoruyan anlayışlardan biri məhz attitudlardır. Bu fenomenin sosial psixologiyada diqqət mərkəzində olmasının səbəblərindən biri onun davranış ilə bilavasitə əlaqəli olmasıdır. Sosial psixoloqların fikrincə, attitudları birbaşa olaraq müşahidə yolu ilə öyrənmək qeyri-mümkündür. Hər bir fərdin attitudları onun davranışında təzahür edir. Bu səbəbdən dolayı, fərdin müəyyən obyektə qarşı olan attitudunu öyrənmək üçün onun davranışını müşahidə etmək lazımdır. Attitudu təyin etmək isə bizə fərdin gələcək davranışlarını proqnozlaşdırmağa kömək edir. Psixologiyada “attitud” və “yönəliş” anlayışları, adətən, bir-biri ilə qarışdırıldığı üçün onların qısa şəkildə izahını vermək zəruridir. “Attitud” qədim latın sözü olan “aptus” sözündən götürülmüş, uyğunlaşma və ya hər hansısa davranışa, hərəkətə hazırlıq deməkdir [4, s. 798-799]. Bu anlayış elmdə ilk dəfə Herbert Spenser tərəfindən istifadə olunmuşdur. O, “İlkin prinsiplər” (1862) adlı kitabında belə yazırdı:
“Mübahisəli suallarla bağlı düzgün mühakimələrə gəlmək mübahisələrdə iştirak edərkən və ya onları dinləyərkən qoruduğumuz düşüncəmizin attitudlarından asılıdır. Düzgün attitudu qoruyub saxlamaq üçün insan inanclarının nə dərəcədə doğru olub-olmadığını öyrənməliyik.1
Attitudlar sosial-psixoloji bir fen- omen kimi xarakterizə olunduğu üçün əksər ədəbiyyatlarda sosial yönəliş kimi adlandırılır. Sosial yönəlişlərdən bəhs edərkən “sosial” ifadəsinə xüsusi diqqət yetirmək lazımdır. Əkbər Bayramov və Əbdül Əlizadə qeyd edirdi ki, “burada söhbət insanlarda sosial gerçəklik hadisələri ilə münasibət sahəsində əmələ gələn yönəlişlik haqqında gedir” [2, s. 85]. Yəni attitudlar və ya sosial yönəlişlər bilavasitə sosial hadisələr ilə bağlıdır.
Psixoloqlar (D.Uznadze, Q.Ollport, L.Lange1) yönəlişləri, adətən, ümumi-psixoloji aspektdən nəzərdən keçirirlər. Yönəlişlər haqqında ümumi nəzəriyyə gürcü psixoloqu D.Uznadze tərəfindən yaradılmışdır (1961). O, yönəlişləri qeyri-şüuri bir hadisə kimi nəzərdən keçirir və onun şüurun məzmununu və müəyyən davranış aktlarını şərtləndirdiyini irəli sürürdü. Uznadze yönəlişliyi “subyektin bütöv dinamik vəziyyəti”, “müəyyən aktivliyə hazırlıq vəziyyəti” kimi xarakterizə edərək, yönəlişlərin yaranmasını tələbatla situasiyanın üst-üstə düşməsi ilə əlaqələndirirdi [2]. Fərd müəyyən aktual bir tələbatını ödəyə biləcək situasiya ilə qarşılaşdıqda,
onda müəyyən aktivliyə hazırlıq yaranır. Əgər situasiya ilə tələbatlar fərdə eyni zamanda təsir etmirsə, bu zaman yönəlişliyin əmələ gəlməsindən söhbət gedə bilməz [1; 3].
Yönəlişləri ümumi-psixoloji aspektdən nəzərdən keçirən psixoloqlardan biri isə Qordon Ollport olmuşdur. O, gizli psixoloji konstrukt olan yönəlişləri müasir sosial psixologiyada ən fərqli və əvəzedilməz bir anlayış kimi təsvir edərək, onları fiziki və psixi fəaliyyətə neyrofizioloji hazırlıq vəziyyəti kimi nəzərdən keçirmişdir. Ollport apardığı çoxsaylı tədqiqatlardan əldə etdiyi nəticələrə əsasən, yönəlişlərin 5 aspektini göstərmişdir. Yönəlişlər 1). Ruhi və əsəb vəziyyətidir; 2). Cavab verməyə hazırlıq vəziyyətidir; 3). Təşkilatidir; 4).Təcrübə vasitəsi ilə yaranır; 5).Davranışa təsir göstərir, istiqamət verir [24].
Müasir tədqiqatçılar attitud fenomeninə davranışdan öncə yaranan və bilavasitə müşahidə oluna bilməyən, hərəkətlərimizə və davranışımıza yol göstərən koqnitiv struktur kimi yanaşırlar. Attitudlar hadisələri qavramağımıza, verdiyimiz qərarlara və seçimlərimizə təsir göstərir. O fərdin obyektlər, hadisələr və digər insanlarla bağlı düşüncə, hiss və davranışlarını tənzim edən bir meyil kimi nəzərdən keçirilir. Çünki insanda öz həyat təcrübəsi prosesində cisim və hadisələrə yanaşma tərzi və meyli əmələ gəlir. Attitudlar nisbətən sabit və qalıcı inanclar sistemi olması ilə fərdin duyğularında, hisslərində və davranışlarında stabil və qətiyyətli olmasını təmin edir. Beləliklə, insan ətrafda baş verən hadisələri bu baxımdan qavramağa, reaksiya göstərməyə və öz fəaliyyətini bu baxımdan qurmağa başlayır [2].
Qeyd etmək lazımdır ki, fərddə hər hansısa bir obyekt və ya hadisə ilə bağlı attitudun yaranması üçün həmin obyekt və ya hadisə onun üçün psixoloji bir məna ifadə etməlidir. Eyni hadisə ilə üzləşən insanlardan birində həmin hadisə ilə bir attitud yarana bilər, digərində isə yox [20]. Onların yaranması konkret bir hadisə ilə obyekt ilə bağlı olur və uzun müddət (situativ olaraq yaranıb yox olmur) davam edir.
Milton Rosenberq və Karl Hovland1 qeyd edirdilər ki, attitudlar:
Nisbətən qalıcıdır: yəni müəyyən zaman və situasiya boyunca öz mövcudluqlarını qoruyurlar. Bir anlıq yaranan hisslər isə attitud hesab olunmur. Sosial cəhətdən əhəmiyyətli hadisələr və ya obyektlərlə məhdudlaşır; Ümumiləşdirmələrə əsaslanır [13].
Sosial psixologiya attitudlarla bağlı ilkin fikirlərin irəli sürülməsi Uilliam Tomas və Florian Znanetski adı ilə bağlı olmuşdur. Onların “Avropada və Amerikada polyak kəndli”3 adlı kitabında attitud fenomenini dəyər kontekstindən nəzərdən keçirmişdirlər. U.Tomas attitudları “Sosial mühitdə fərdin real və ya mümkün fəaliyyətini təyin edən fərdi şüur prosesi” [22, s. 22] kimi təsvir etmişdir. Bu konsepsiyaya görə, fərd ətraf mühitin stimullarına müəyyən qrup dəyərlərindən çıxış edərək reaksiya verir.
Sosial psixoloqların əksəriyyəti fərdin attitudların mövcudluğunun
genetik faktorlardan asılı olmadığını, onların yalnızca təcrübə əsasında qazanıldığını düşünür. Attitudların yaranmasına çoxsaylı yanaşmalar mövcuddur. Lakin attitudlar bilavasitə sosializasiya prosesinin məhsuludur. Sosializasiya fərdin şəxsiyyətlərarası münasibətlər vasitəsi ilə mövcud olduğu cəmiyyətin normalarını, rol gözləntilərini, dəyərlərini mənimsədiyi, şəxsiyyətinin formalaşdığı prosesdir. İnsan həyatı boyunca cəmiyyətdə müxtəlif qrupların (ailə, məktəb, dost qrupları, peşə, dini) üzvü rolunda çıxış edir. Bu cür qruplarda fərdlər arasında attitudlar formalaşır. Bu attitudlar fərdlərin sözlərində, davranışlarında, həmçinin digər insanlar və qruplarla qarşılıqlı münasibətlərində təzahür edir. Fərdlər oxşar attitudlara malik olan insanlarla daha yaxşı ünsiyyətə daxil olduqları kimi, müəyyən səbəblərdən dolayı üzv olmaq istədikləri və ya olmaq məcburiyyətində qaldıqları qrupların attitudlarını mənimsəyirlər və hətta bəzən bunun üçün öz attitudlarını da dəyişdirirlər [8]. Bunun həyata keçməsi fərdin həmin qruplarda gedən identifikasiya prosesi ilə bağlıdır. Yəni sosial identiklik attitudların formalaşmasına əsaslı şəkildə təsir göstərir.
Mövcud təcrübələr göstərir ki, attitudların əksəriyyətinin formalaşması fərdin attitud obyekti ilə birbaşa təcrübəsindən qaynaqlanır. Attitudların yaranması və formalaşmasına mütəfəkkirlərin müxtəlif yanaşmaları – güclü təsirə məruzqalma, klassik şərtlənmə, operant şərtlənmə, sosial öyrənmə – mövcuddur.
Həyat təcrübəmizi nəzərdən keçirsək, eyni insanlar və əşyalarla dəfələrlə qarşılaşmanın onu qiymətləndirməyimizə əsaslı surətdə təsir göstərdiyinin şahidi oluruq. Bu hal psixoloqlar tərəfindən məruzqalma effekti adlandırılır. İlk dəfə gördükdə bizdə xoş təəssürat yaratmayan bir insanı və ya əşyanı dəfələrlə gördükdə (məruz qaldıqda) ona qarşı münasibətimiz və attitudlarımız dəyişir [5; 11]. Zajonk və əməkdaşları məruzqalma effektini izah etmək üçün keçirdikləri tədqiqatda tədqiq olunanlara bir neçə dəfə çinli personajların şəkillərini göstərmişdirlər. Daha sonra isə çinli personajların şəkilləri ilə birlikdə yeni personajlar yenidən onlara təqdim olunmuşdur. Məlum olmuşdur ki, fərdlər daha öncə bir neçə dəfə gördüklər çinli personajları daha yüksək qiymətləndirmişdirlər. Başqa bir qrupa isə personajların bəziləri 25 dəfə, bəziləri 10, digərləri isə 5 dəfə göstərilmişdir. Bu zaman da nəticə eyni olmuşdur, fərdlər hansı personajlara daha çox məruz qalmışdırlarsa, onları daha çox sevmişdirlər, yəni onlara qarşı yaranan attitudları daha güclü olmuşdur [23]. Bihevioristlərin fikrincə, klassik şərtlənmə attitudların yaranmasına
birbaşa və ya dolayı şəkildə təsir göstərə bilər. M. Hogg və G.Vauan “Sosial psixologiyanın əsasları” kita- bında xüsusi ilə vurğulayırdılar ki, “təkrarlanan asossasiyalar neytral xarakter daşıyan stimulun əvvəlcədən başqa bir stimul tərəfindən yaradılan reaksiyanı yenidən yaratmasına səbəb ola bilər” [13, s. 96]. Müəyyən bir məhsulun tanıtdırılması zamanı marketoloqlar tez-tez hədəf kütləyə böyük təsir göstərmək üçün bir çox insan tərəfindən çox sevilən məşhur şəxsiyyətlər ilə həmin brendin birlikdə işini təşkil edərək, reklamı həyata keçirirlər. Hər dəfə insanlar həmin məşhur şəxsiyyət haqqında düşündükdə reklam olunan məhsulu xatırlayacaqlar. Əlbəttə ki, bu insanların məhsulla bağlı attitudlarının çox sürətlə formalaşmasına təkan verir [5].
Gündəlik həyatda attitudların yaranmasına klassik şərtlənmə kimi instrumental şərtlənmə də əsaslı təsir göstərir. Buna sadə misal olaraq, valideynlərin uşaqları müəyyən davranışa görə cəzalandırmasını və ya rəğbətləndirməsini göstərmək olar. Valideyn uşaqda hər hansısa bir xoşagəlməz davranış müşahidə etdikdə onları cəzalandırır, əksinə yaxşı bir davranış gördükdə isə uşağın davranışını xoş söz və ya mükafat ilə rəğbətləndirərək möhkəmləndirir. Belə üsullardan istifadə edərək valideynlər uşaqların attitudlarını formalaşdırır və ya dəyişdirirlər [5; 13].
Attitudların yaranmasına sosial öyrənmə nəzəriyyəsi baxımından yanaşan alimlər də mövcuddur. Attitudların ən önəmli determinantlarından biri məhz ətrafımızda olan insanların davranışlarıdır. Albert Bandura uşaqlarda aqressiv davranışların hansı yollarla formalaşdığını öyrənmək məqsədi ilə “Bobo oyuncaq” eksperimenti (1961) keçirmişdir. Tədqiqat zamanı 3–6 yaşlı uşaqlar başqa bir fərdin oyuncağa qarşı aqressiv davranışını müşahidə etmişdirlər. Tədqiqatın sonrakı mərhələsində aqressiv davranışı müşahidə edən uşaqlar ilə etməyən uşaqların davranışları arasında kəskin fərqlər aşkar olunmuşdur. Çünki həmin uşaqlar müşahidə etdikləri davranışları bilavasitə təkrarlamağa, nümayiş etdirməyə başlamışdırlar [12]. Psixoloqlar belə nəticəyə gəlmişdirlər ki, uşaqların attitudlarının formalaşması və ya dəyişməsi bilavasitə öyrənmə və imitasiya vasitəsi ilə baş verir. Sosial psixologiyada attitudların yaranması və formalaşması problemin- dən başqa, dəyişməsi məsələsi də maraq doğurur. Attitudların dəyişməsi ilə bağlı olan nəzəriyyələrdən biri Leon Festinger1 tərəfindən irəli sürülən “Koqnitiv-dissonans” nəzəriyyədir. Koqnitiv-dissonans vəziyyət eyni anda bir-biri ilə ziddiyyət təşkil edən 2 önəmli fikrə sahibolma nəticəsində yaranan uyğunsuzluğu və gərginliyi ifadə edir. İnsanlar əsasən iki fikirdən birini dəyişdirərək və ya qəbul etməyərək gərginliyi azaltmağa çalışırlar [20]. Uyğunsuzluq nə qədər böyük olarsa, onu azaltma cəhdləri bir o qədər güclü olur. Festinger nümunə olaraq siqaret çəkmə vərdişi olan fərdin ətraf mühitdən siqaretin zərərləri haqqında əldə etdiyi məlumat ilə koqnisiyası arasında yaranan dissonansı, yəni uyğunsuzluğu göstərirdi. Fərd 1). Öz davranışı ilə bağlı koqnisiyasını dəyişə bilər; yəni siqaret çəkməyi tərgidərək, davranışı ilə bağlı koqnisiyalar ilə siqaret haq- qındakı məlumatı arasındakı uyğunsuzluğu aradan qaldıra bilər; 2). Siqaretin onun həyatına təsiri ilə bağlı “biliklərini” dəyişdirə bilər. O ya özünü siqaretin pis təsirlərinin olmadığına inandıracaq, ya da yalnızca siqaretlə bağlı müsbət fikirləri qəbul edərək, pis fikirlərə laqeyd yanaşacaq [9].
Bütün insanlar hiss etmədən gündə bir neçə dəfə attitudlarının dəyişdirilməsi cəhdlərinə məruz qalır. Müxtəlif reklamlar, filmlər, yollardakı reklam afişaları və s. attitudların dəyişdirilməsinə yönəlmişdir. Attitudların dəyişdirilməsi üçün inandırma metodundan geniş istifadə olunur. İnandırma prosesi tələb edir ki, mövcud auditoriya müəyyən dərəcədə mesajı qəbul etsin və ya məzmunun heç olmasa kiçik bir hissəsini başa düşsün. Əgər həmin mesaja qarşı müsbət münasibət formalaşarsa, o insan və ya insanlar tərəfindən qəbul olunur və attitudların dəyişməsinə səbəb olur, mesaja qarşı əks arqumentlər mövcud olduğu halda isə o uğursuzluqla nəticələnir. [5; 13].
Karl Hovland və əməkdaşlarının bu məsələ ilə bağlı tədqiqatlarında fokuslandıqları açar sual “Kim kimə hansı effektlə nə deyir?” idi. Onlar inandırmanın 3 əsas dəyişənin mövcudluğunu vurğulamışdırlar: 1). Mənbə və ya kommunikator (Kim); 2). Mesaj (Nə); 3). Auditoriya (Kimə) [13].
İ.Canis və S.Feişbak qorxu tərkibli reklamların insanların attitudların dəyişməsinə nə dərəcədə təsir göstərdiyini öyrənmək üçün 3 fərqli mesajdan istifadə etmişdirlər. Mesajlar dişlərin gigiyenası və sağlamlığının qorunması ilə bağlı idi. 1). Aşağı səviyyəli qorxulu mesaj–Diş və diş ətlərində ağrılar; 2). Orta səviyyəli qorxulu – Oral xəstəliklərin yaranması; 3). Yüksək səviyyəli qorxulu – Ağızdakı xəstəliklərin bədənin digər bölgələrinə yayılması.
Tədqiqat nəticəsində məlum olmuşdur ki, mesajlardakı qorxunun dərəcəsi ilə dişlərin sağlamlığınaqalma (yönəlişlərin dəyişməsi) bir-biri ilə tərs mütənasibdir. Yəni aşağı səviyyəli qorxu müşahidə olunan mesajlar insanlara daha güclü təsir göstərmiş və gigiyenik tədbirlərin görülməsinə səbəb olmuşdur. U. MkQiur (1969) qeyd etmişdir ki, mesajdakı qorxunun səviyyəsi artdıqda insanlarda panika, stres halları da artır və mesajın əsas məzmunu diqqət mərkəzindən kənarda qalır [13]. Beləliklə, aşağı səviyyəli qorxulu mesajlarda insanlar mesajın əsas məzmununu qavradıqları üçün bu onların attitudların dəyişməsinə daha çox təsir göstərmişdir.
Attitudlara yanaşmalardan biri isə funksional yanaşma (M.Smit, D.Katz) olmuşdur. D.Katz bildirirdi ki, attitudlar nəyin üstün tutulduğunu, nəyin gözlənilən, arzuolunan, nəyin arzuolunmaz olduğunu təyinetmə xüsusiyyətinə malikdir [15]. O belə qənaətə gəlmişdir ki, bir attitud artıq öz funksiyasını yerinə yetirmədikdə və ya fərd frusturasiya, xəyal qırıqlığı yaşadıqda dəyişir. Yəni attitudların dəyişilməsi fərdin obyekt haqqında məlumatını və ya qavrayışını dəyişdirməklə deyil, əsas motivasiya və şəxsi ehtiyaclarını dəyişdirməklə əldə edilir. Məsələn, bir insanın sosial statusu artdıqca köhnə dostlarına və ya köhnə evinə, maşınına qarşı münasibəti, attitudları dəyişə bilər. Bu zaman fərd onun statusunu, mövcud vəziyyətini daha yaxşı əks etdirən şeylərə ehtiyac duyur [14].
Daniel Katz (1960) isə attitudların 4 əsas funksiyasını göstərmişdir:
1. İnstrumental funksiya insanların arzu olunan məqsədlərə çatmasına və ya arzuolunmaz halların qarşısını almasına imkan verir [14].
2. Dəyər ifadəetmə funksiyası fərdin şəxsi dəyər və “Mən” konsepsiyasına aid attitudları ifadə etməkdən əldə etdiyi məmnuniyyəti təsvir edir [14]. Attitudlar fərdin “Mən” konsepsiyasının ayrılmaz hissəsi olan dəyərləri ifadə edirlər [17].
3. Eqo müdafiyəsi funksiyası fərdin özünü özü ilə bağlı başlıca həqiqətlərdən və xarici dünyadakı sərt reallıqları qəbul etməkdən qorumasını ifadə edir. Bu funksiya müxtəlif müdafiə mexanizmləri vasitəsi ilə həyata keçirilir [7].
4. Məlumat funksiyası fərdə dünyanı daha aydın başa düşməyə, hadisələrin səbəblərini müəyyən
etməyə, hadisələri öncədən proqnozlaşdırmağa kömək edir [17]. Stereotipləri burada nümunə olaraq göstərmək olar.
Attitudlar qiymətləndirici təbiətə malikdirlər. Qiymətləndirici xüsusiyyət dedikdə, bəyənmək və ya bəyənməmək, sevmək və ya nifrət etmək kimi anlayışlarla ifadə olunan, attitud obyektinə qarşı yaranan münasibət nəzərdə tutulur. Məhz attitudların qiymətləndirmə xüsusiyyəti əsasında biz müxtəlif obyektlərə, insanlara qarşı tamamilə fərqli (neqativ və ya pozitiv) münasibət bəsləyirik [21]. İnsanın attitud obyektini neqativ və ya pozitiv olaraq dəyərləndirməsi şübhəsiz ki, emosional sfera ilə əlaqədardır. Məsələn, müəyyən bir dinə mənsub olan insan həmin dinə mənsub olan insanlara qarşı pozitiv, əks dinə mənsub olan insanlara qarşı neqativ münasibətə malik ola bilər.
Attitudlar bizim obyektləri, insanları mənfi və ya müsbət şəkildə qiymətləndirərək, onlara müvafiq münasibət bəsləməyimizi təmin edirsə, deməli, o həm də müdafiəedici bir funksiya daşıyır.
Attitudların 3 əsas komponenti vardır: Affektiv, koqnitiv və davranış. Bir-biri ilə əlaqəli olsalar da, bəzən onlardan yalnız biri əsas rolu ifadə edə bilər. Əgər fərdin bir insan haqqındakı bilikləri onu müsbət dəyərləndirməsini, bəyənməsini gərəkdirirsə (koqnitiv komponent), fərd həmin insana xoş münasibət bəsləyir və onu sevməyə başlayır (emosional və ya affektiv). Nəticədə isə, bunu sözləri və davranışları ilə göstərir (davranış). Bəzi attitudlar vardır ki, fərdin gündəlik həyatına çox böyük, faydalı təsir göstərdiyi üçün digərlərindən daha əhəmiyyətli hesab olunur. Əhəmiyyətlilik dedikdə, attitudun gücü nəzərdə tutulur. Əgər fərd müəyyən məsələ və ya obyekt ilə bağlı çox düşünmədən, sürətli şəkildə qərar qəbul edə bilirsə (yəni attitudunu təyin edə bilirsə), deməli, onun həmin obyektə qarşı olan attitudu güclüdür. Yox əgər əmin deyilsə, müəyyən fikrə gəlmək üçün düşünməyə ehtiyac duyursa, deməli, həmin obyektə qarşı
olan attitudu zəifdir [21].

Nəticə:

Attitud fenomeninin tədqiqinə həsr edilmiş mövcud ədəbiyyatların təhlili belə bir fikir irəli sürməyə əsas verir ki, attitudlar fərdin digər canlıları, əşyaları, hadisələri və fikirləri yaxşı və ya pis ölçüdə qiymətləndirməyə təməl meyilliliyini ifadə edir və insanın şəxsiyyətini bütövlükdə əhatə edərək, onun həyatında əhəmiyyətli rol oynayır.
Məqalədə “yönəliş” və “attitud” anlayışları bir-birindən fərqləndirilmiş və hər birinin mahiyyəti izah olunmuşdur. Yönəliş və attitudların ikisi də hər hansısa fəaliyyətə, davranışa hazırlıq vəziyyəti və eyni zamanda ərtaf mühitə uyğunlaşma kimi nəzər- dən keçirilir. Lakin onlardan biri ümu- mi-psixoloji, digər isə sosial-psixoloji fenomen kimi xarakterizə edilir. Yazılanlardan məlum oldu ki, yönə- lişlik fərdin mövcud tələbatları ilə situasiyanın üst-üstə düşməsi nəticəsində yaranır və formalaşır. Onlar özü şüurun məzmunundan asılı deyil. Uznadzenin də dediyi kimi, yönəliş özü qeyri-şüuri hadisə olub, şüurun məzmununu şərtləndirir.
Attitudların yaranmasına və dəyişməsinə müxtəlif yanaşmalar mövcud olsa da, onların əksəriyyəti sosializasiya prosesinə əsaslanaraq, yönəlişlərin yaranması və formalaşmasını fərqli perspektivdən təhlil etməyə çalışırlar. İnsanların müxtəlif sosial qruplara üzv olub, onun normaları, müxtəlif rolları, sərvət meyillərini mənimsəməsi, özünü qrupu və qrup üzvləri ilə eyniləşdirməsi (identifikasiya) sosializasiya prosesinin əsasını təşkil edir. Attitudlar isə bu prosesin məhsullarından biri hesab olunur. Daha öncə qeyd olunduğu kimi, sosializasiya prosesində fərdin sosial yönəlişləri yaranıb, formalaşmağa başlayır və bəzi hallarda isə digər insanların, müxtəlif hadisələrin təsiri və ya fərdin öz istəyi ilə bu yönəlişlər dəyişir.
Ədəbiyyat:
1. Abdullayeva Ę. Pozitiv yönəliş- liyin strukturu // İlahiyyat fakültə- sinin elmi məcmuəsi, – 2015. No.23, s. 229-247
2. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya / Ə.S.Bayra- mov, Ə.Ə.Əlizadə – Bakı: Qapp- Poliqraf, – 2003. – 351 s.
3. Узнадзе Д.Н. Общая психология
/Д.Н.Узнадзе / Пер. с грузинско- го Е.Ш.Чомахидзе; Под ред. И.В.Имедадзе. – М.: Смысл;
СПб.: Питер. – 2004. – 413 с.
4. Allport, G. Attitudes // A handbo- ok of social psychology. – Worce- ster, Mass: Clark Univ. – 1935, – p. 798-844
5. Baron, R.A., Branscombe, N.R. Social psychology / R.A.Baron, N.R.Branscombe. – New Jersey: Pearson Edu. – 2012, – 509 p.
6. Brinol, P. Structure and functions of attitudes / P.Brinol, R.E.Petty, M.Stavraki // Oxford Research Encyclopedia. – Oxford University Press, – 2019, – 48 p.
7. Carpenter C., Boster F., Andrews
K. Functional attitude theory // – The SAGE Handbook of Persuasion: Developments in Theory and Practice (2nd ed.). – SAGE publications, – 2013. – p. 104-119
8. Crano,W., Prislin, R. Attitude and attitude change / W.D.Crano,
R.Prislin. – New York: Psychology Press-Taylor & Francis Group, – 2008, 440 p.
9. Festinger, L. A theory of cognitive dissonance / L.Festinger. – Stanford University Press, – 1962, – 291 p.
10. Haddock, G., Maio, G. Contem- porary perspectives on the psyc- hology of attitudes / G.Haddock, G.Maio.– New York: Psycholo- gy Press, –2004, – 469 p.
11. Hewstone, M. An introduction to social psychology / M.Hewstone, W.Stroebe, K.Jonas. – New York: John Wiley & Sons, – 2016, – 672 p.
12. Hock, R.R. Forty studies that changed psychology / R.R.Hock.
– New Jersey: Pearson Edu. – 2009, – 356 p.
13. Hogg, M.A., Vaughan, G.M. Essentials of social psychology. M.A.Hogg, G.M.Vaughan. – Pearson Edu. – 2010, – 422 p.
14. Katz, D. The functional appro- ach to the study of attitude // – Public Opinion Quarterly. – 1960. Vol.24, No.2, – p. 163–204
15. Kuppuswamy B. An introduction to social psychology / B.Kuppuswamy.
– London: Asia pub. house, – 1961.
– 572 p.
16. Korinteli, R. Group psychothera- py in Georgia // – European Sci- entific Journal. – 2015. Special edition, Vol.2, – p. 332-344
17. Millon, T., Lerner, M. Handbook of psychology // Personality and social psychology / T.Millon, M.Lerner, – 2003. Vol.5, – 668 p.
18. Motoi, G. Values as an object of study for the American and the French sociology. A review of F. Znaniecki’s and R. Boudon’s perspectives // Social Sciences and Education Research Review. University of Craiova. – 2017. Vol. IV(2), – p. 222-231
19. Mostyn, J.B. The attitude behaviour relationship / J.B.Mostyn. – Marketing communications research centre. – 1978, – 153 p.
20. Myers, D. Social psychology / D.Myers. – New York: McGraw- Hill Higher Edu. – 2010, – 759 p.
21. Stangor, C. Principles of social psychology / C.Stangor. – 2011,
– 553 p.
22. Thomas W., Znaniecki F. The Polish peasant in Europe and America / W.Thomas, F.Znaniecki. – New York: A.A.Knopf, – 1927. Vol.1,
– 1115 p.
23. Zajonc, R. Attitudinal effects of mere exposure // Journal of Personality and Social Psychology Monograph Supplement. – American Psychology Association, – 1968. Vol.9, No.2,
– 27 p.
24. https://www.slideshare.net/ UtkarshModi2/social-attitudes

Müəllif: Bakı Slavyan Univeristetinin doktorantı Ülkər Zalova

Online Qeydiyyat