Zəlzələnin yaratdığı qorxu hissi keçici, yoxsa qalıcıdır?

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov “Yeni Müsavat” saytına verdiyi müsahibədə zəlzələ və digər təbii fəlakətlərin insanların psixologiyasında yaratdığı kəskin stres pozuntusu, qalıcı psixoloji narahatlıqla bağlı fikirlərini bölüşüb.

Psixoloq Elnur Rüstəmov bu barədə qeyd edib ki, ümumiyyətlə, bu cür situasiyalarda, yəni zəlzələ, sunami, digər təbii fəlakətlər, yanğın hallarında insanlarda kəskin stress pozuntusu, psixoloji narahatçılıq yaranır: “Çünki bu cür situasiyalarda insanların diqqəti konkret olaraq baş verən hadisəyə yönəlir. Diqqət edəndə görürük ki, insanlar daha çox zəlzələ və zəlzələnin törətmiş olduğu fəsada köklənib. Bu gün istər Türkiyədə, Azərbaycanda, istərsə də digər ölkələrdə insanlar daha çox ”zəlzələ ola bilərmi, zəlzələ olarsa, yaşadığımız yer güvənlidirmi, sağ çıxa bilərikmi” kimi düşüncələr yaranır və bu da normal haldır. Lakin zaman-zaman insanlar bu düşüncələrdə artıq özü ilə öz düşüncələri arasında bir sərhəd yarada bilərlər. Bunun üçün də zaman lazımdır.Zəlzələnin baş verdiyi ilkin dönəmlərdə insanlarda daha çox narahatçılıq, gərginlik, təlaş var idi. Bu gün də həmin təlaş var, lakin o təlaş əvvəlki intensivlikdə deyil. Artıq insanlar baş verən hadisə ilə özü arasında hansısa sərhəd qoya bilir. Doğrudur, yenə də narahatıq, acıyırıq, üzülürük, çünki on minlərlə həlak olan, yaralı var, dağıntılar var. Biz bu gün həm də düşünürük ki, bu fəsadları necə aradan götürmək lazımdır. Bütün bunlar əlbəttə ki, insanın psixologiyasına təsir göstərir”.Psixoloqun sözlərinə görə zaman keçdikcə məlum narahatçılıq, təlaş azalacaq: “Zamanla insanlar proses və hadisələrə daha soyuqqanlı yanaşacaqlar. Bu gün nəinki Azərbaycanda olan valideynlər hansı ki, onların övladları Türkiyədə təhsil alır, hətta Türkiyənin özündə yaşayan insanlar bəzən düşünürlər ki, ”bəlkə şəhəri tərk edək, həyət evinə köçək, bəlkə yaxın bir şəhərə, daha təhlükəsiz yerə köçək?” Zamanla hadisəyə bu cür reaksiya da azalacaq. Hesab edirəm ki, bütün bunların fonunda nəinki Türkiyədə, həmçinin Azərbaycanda, digər ölkələrdə artıq binalar inşa edilərkən, tikinti işləri aparılarkən daha diqqətli, daha məsuliyyətli olmağa çalışacaqlar”.Psixoloq narahatçılıq keçirən valideynlərə də öz tövsiyəsini bildirib: “Narahatçılıq keçirən valideynlərə tövsiyəmiz ondan ibarətdir ki, hadisəyə bir qədər soyuqqanlı yanaşsınlar. Məlum olduğu kimi, Türkiyədə ali məktəblərdə tədris distant rejimə keçib. Hətta bu özü belə məcburi deyil, çünki tələbələr arasında yaxınları vəfat edənlər qoşulmaq istəməsələr qoşulmayacaq, yəni bu güzəştlər də var. Bu həm də insanların narahatçılığının bir qədər səngiməsinə yönəlib. Çünki təsəvvür edin, əgər dərslər əyani olsaydı tələbə və valideynlərdə bir narahatçılıq, gərginlik ola bilərdi. Bizdə də Təhsil Nazirliyi bununla bağlı bəyan etdi ki, qardaş Türkiyədə zəlzələdən dağıntılar altında qalan universitetlərdə təhsil alan azərbaycanlı tələbələr Azərbaycana da köçürülə bilər. Bütün bunlar, insanların gərginliyinin, psixoloji sıxıntılarının azaldılmasına hesablanıb. Lakin hadisəni yaşayanlar, yaxınlarını itirən insanlar var ki, onlara şübhəsiz ki, psixoloji yardım göstəriləcək. Həm Türkiyədə həm də Azərbaycanda o hadisədən təsirlənən insanlar var ki, onlar da vaxtında psixoloji dəstək almalıdırlar ki, sonradan həmin narahatçılıqları onların həyat keyfiyyətlərinə pis təsir etməsin”.

https://musavat.com/news/azerbaycandan-turkiyeye-telebe-axini-azala-biler-iddiasi-zelzele-qalici-yoxsa-kecici-sebeb_957950.html?fbclid=IwAR3SKfkNkxsv7I2-HwfW1J1L1kwnmkhxZ1RDKy5kT5xqMPQ-x4MP4KuZ1t8&mibextid=Zxz2cZ

Online Qeydiyyat