Nizami Gəncəvi irsinin kredosu: dünya, insan, zaman

Açar sözlər: xəzinə, dünya, təsir, örnək, davamçı, tamlıq

Keywords: treasury, world, impact, sample, successor, usefulness

Nizami dünya şairidir. Onun fəlsəfi ictimai, bədii fikirləri “Xəmsə”nin bütün varlığındadır. Ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi isə Prezident cənab İlham Əliyevin Azərbaycanın zəngin ədəbi irsi və mədəniyyətinin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması yüksək qayğının təzahürü olmaqla bu tükənməz bədii söz xəzinəmizin fəlsəfi poetik çalarlarla yenidən araşdırılması və tədqiqini, habelə öyrədilməsini bir daha aktuallaşdırmışdır. Heç şübhəsiz ki, “Nizami İli” nizamişünaslığa öz misilsiz töhfələrini verməklə ədəbiyyatşünaslıq tariximizdə yeni səhifələrin yazılmasına şərait yaradacaqdır. Hər bir böyük sənətkar öz yaradıcılığında üç ədəbi-fəlsəfi konsepsiyanı şərh etmək istəyir: dünya nədir, insan kimdir, zaman nədir. Bu konsepsiyalarda insanın daxili aləmini, dünyanın şərh edə bilən sənətkar əbədi yaşamaq hüququ qazanır. Bir sıra hallarda ötəri mövzularda yazılan ədəbi əsərlər yaşamır, ancaq yuxarıda adı çəkilən ədəbi kredonun tələblərini ödəyən əsərlər yaşayır. Nizami yaradıcılığının ən əhəmiyyətli hissəsi insan şəxsiyyətinin psixoloji cəhətdən düzgün formalaşdırılması məqsədi daşıyan hikmətli hekayətlərdən ibarətdir. Deməli, bu zəngin materiallardan məhz müasir dövrün tələbləri ilə böyüyən kiçik və ortayaşlı məktəblilər, yeniyetmələr və gənclərdə şəxsiyyətin formalaşması və idrak qabiliyyətlərinin inkişaf etdirilməsi prosesində məqsədyönlü şəkildə istifadə etmək olar. Dahi Nizami irsinin öyrədilməsi humanitar fənlər arasında birinci yeri tutsa da, hər bir əsərdə psixoloji zənginlik bu günə qədər insanın bir şəxsiyyət kimi formalaşsında güclü təsiredici meyar rolunu oynamaqdadır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şeirlər yazmış, sonralar poemalarında irəli sürdüyü ictimai, fəlsəfi və psixoloji dəyərli fikirlərini ilk dəfə bu şeirlərində ifadə etmişdir. Şairin lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir. Onun ilkin yaradıcılığında dövrünün an humanist, ümümbəşəri ictimai-siyasi, sosial və psixolofi, əxlaqi idealları parlaq şəkildə öz bədii əksini tapmışdır. Qərb və Şərq fikir və fəlsəfə tarixində “Ədalət” (Justice) ən təməl mövzulardan biri, bəlkə də birincisidir. İnsan azadlığı da məhz ədalətə çatmaq üçün tələb edir. Nizami Gəncəvi fəlsəfəsində insan və onun məqamı insan kimdir, onun mahiyyəti nədir? İnsan dəyərli varlıqdırmı? İnsanın dəyərinin mənbəyi nədir? Bu suallar Qərb və Şərq tarixində əsas fəlsəfi suallar sırasındadır. “İnsan” bütün zamanların ən aktual mövzusudur. İnsan bir sıra hüquqlara sahib, həmçinin müəyyən vəzifələri olan varlıqdır. Modern dövrdən əvvəlki dönəmdə insan daha çox vəzifələrinin axtarışında idi. Modernizmdən sonra isə o əsasən hüquqlarını tələb edir. Burada əsaslı bir sual meydana çıxır. Dəyərsiz varlıqın hüquqları olar bilərmi? Əsla. Demək, insan hüquqlarının təməl tezisi budur: “İnsan dəyərli və ehtirama layiq varlıqdır.” Nizami Gəncəvinin Əxlaq fəlsəfəsinin bünövrəsi bu mühüm tezisdir. İkinci prinsip budur: İnsan dəyərli olduqu üçün bir sıra fundamental və təməl hüquqlara malikdir. Filosof şair “Sirlər xəzinəsi” əsərinin yeddinci məqaləsində insanın möhtəşəm məqama sahib olduğuna təkid edir. Hatta qeyd edir ki, bütün digər mövcudat insanın nazını çəkir. Nizami insanın yüksək dəyərini vurğulayarkarən poeitk təbirlərdən yararlanır. O insana xitabən sanki onu əzizləyir: Sən dünyaya gəldikdən sonra süd deyil, şəkər içmisən.

Nizami insan haqda mülahizələrini daha da inkişaf etdirərək əlavə edir: İnsan o qədər əzəmətli və zəngin varlıqdır ki, kainatda olan mövcudatın hamısında sanki onun vücudunun zərrəcikləri vardır. Yəni insanın qabiliyyəti və zərfiyyəti o qədər genişdir ki, bütün varlıqlarda insanın nişanəsi, ünvanı görünür. Əbu Hamid Qazali “Kimyayi səadət” (Xoşbəxtlik iksiri) əsərində: yazır: İnsanın fitrǝti (daxili dünyası, xəmiri) Tanrı rəngindədir. Lakin saf güzgüyə bənzəyən insan qəlbi bəzən dünya hərisliyi və şəhvətlə paslanır. Belə olan halda qəlb Tanrının aynası ola bilmir. Qəzalinin sözləri əslində insanın həm cismani, həm də ruhani varlıq olmağına işarədir. İnsan təkcə cisim deyil, onun ehtiyacları təkcə cismanı ehtiyaclar deyil, onun ruhunun da qidası var. Hətta Mövlana Ruminin təbirincə desək, insanın şəxsiyyəti, onun insanlığının məğzi və əsası onun ruhudur. Ruha nəzarət olunmalıdır. Əks təqdirdə insanın varlığı sarsılacaq. tarazlıq pozulacaq, qəlb öz funksiyasını itirəcək. Dahi Nizami də bu fəlsəfəni əsas götürür. Onun “Xəmsə”si başdan-başa insanın mənəvi təkamülünə, onun ruhunun mənəvi seyrinə həsr olunub. Burada verilən qəhrəmanlar böyük ruha sahib şəxsiyyətlərdir. Nizaminin “insan”ı Tanrıya təzim edir. Leyli və Məcnun əsərinin başlanğıcında Tanrıya xitabən zəngin mətləblər açıqlanır:

Ey adı ən gözəl başlanğıc olan,

Adınla başlanır yazdığım dastan,

Son, ey xatirəsi könlümə həmdəm,

Adın düşməmişdir dilimdən bir dəm.

Bütün varlıqları özün yaratdın,

Bağlı qapılara açardır adın.

Adının qərarı olmadan əvvəl,

Qələm tutmamışdır dünyada bir ǝl.

Ey bütün varlığın həyat təməli,

Yetməz dərgahına bir insan ǝli.

Nizaminin təsvir etdiyi insan ilahi xislətlidir. Nədir bu ilahiliyin əsas xassəsi? Ədalət. İlahilik fitridir, insanın yaranışında onun varlığına hopdurulan istəkdir. Ədalət də fitri tələbdir, insanın təmǝl haqqı-hüququdur. “Xəmsə” əsərində, “Sirlər xəzinəsi”ndən “İsgəndərnamə”yə qədər filosof şair ideal cəmiyyət-dövlət yaratmaq əzmindədir.” Lakin burada mühüm bir məqama diqqət ayırmalıyıq. İdeal cəmiyyət ideal insan olmadan yarana bilərmi? Məgər cəmiyyət fərdlərdən ibarət gerçək deyilmi? Demək, Nizami ideal cəmiyyətlə bərabər həm də ideal insan haqda düşünür. Əslində onun İsgəndərnamə əsərindəki İsgəndər obrazı bütün həyatı boyu mənəvi təkamül yolunu qət edən və sonda peyğəmbərlik məqamına çatan kamil-ideal insandır. Düzdür, burada peyğəmbərlik məqamı deyəndə səmavi dinlərdəki peyğəmbərlik nəzərdə tutulmur. Nizami özü də bir ilahiyyat alimi kimi bu məsələyə agahdır. Demək, ideal insan modeli yaratmaq mütəfəkkir şairin əsas əməllərdən biridir. İndi isə Nizaminin ideal insanının əsas və təməl xüsusiyyəti, yəni ədalət prinsipi haqda olan məqamların şərhinə keçirik. Dahi Nizaminin təhsil, təlim, tərbiyə və şəxsiyyətin inkişafı ilə bağlı hikmət dolu psixoloji fikirləri zəngin, geniş və dərindir. Onun əsərlərində həm humanitar (ədəbiyyat, dilçilik, tarix, musiqi, təsviri incəsənət və s.), həm də təbiət-riyaziyyat elmləri (fizika, həndəsə, kimya, biologiya, coğrafiya və s.) ilə bağlı dəyərli psixoloji fikirlər, zamanı qabaqlayan psixoloji ideyalar kifayət qədərdir. Məsələn, “Oğlum Məhəmmədə nəsihət” şeirində şair öz oğlunun timsalında gənc nəslə əxlaqi hisslərin inkişaf etdirilməsini bu cür tövsiyə edir:

1. İnsan cavanlıq yaşından qeyrətlə çalışmalı, öz hünəri ilə uğurlar qazanmağa nail olmalıdır; 2.Cəmiyyətdə öz yerini tutmaq və ağıllı-kamallı olmaq lazımdır;

3. İnsan hisslərini cilovlamağı bacarmalıdır;

4. İnsan öyrəndiyi elmi və ya peşəni dərindən bilməli, onun kamil ustası olmalıdır;

5. Cavanlar ata öyüd-nəsihətinə qulaq asmalı və onlara əməl etməlidirlər.

Aparılan tədqiqatlar göstərir ki, dahi şairin ayrı-ayrı əsərlərinin dərindən öyrənilməsi, həmin əsərlərdəki psixoloji fikir və ideyaların tam üzə çıxarılması baxımından müasir psixoloji təsir vasitələri və texnologiyaları əsasında hazırlanan təqdimatlar mühüm əhəmiyyət kəsb edir. Gənclərdə idrak proseslərinin inkişaf etdirilməsinə, yaradıcılıq qabiliyyətlərinin, təfəkkür, təxəyyül, müstəqil düşünmək, eyni zamanda bilik, vərdiş və bacarıqların inkişafına güclü təkan verir. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şeirlər yazmış, sonralar poemalarında irəli sürdüyü ictimai, fəlsəfi və psixoloji dəyərli fikirlərini ilk dəfə bu şeirlərində ifadə etmişdir. Şairin lirikası yüksək sənətkarlığı, məhəbbəti dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir. Onun ilkin yaradıcılığında dövrünün ǝn humanist, ümumbəşəri ictimai-siyasi, sosial və psixoloji, əxlaqi idealları parlaq şəkildə öz bədii əksini tapmışdır. Dahi sənətkar şəxsiyyətin ən yüksək meyarını insanlıq hesab edirdi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edirdi. Onun qəhrəmanları içərisində müxtəlif xalqlara və dinlərə mənsub olan nümayəndələr vardır. Bu qəhrəmanlar ədalət, xalq xoşbəxtliyi, ali məqsədlər uğrunda vuruşurlar. İnsan şəxsiyyətinə, insan əməyinə və qarşılıqlı münasibətlərə hörmət şairin yaradıcılığının əsas mövzularındandır.

Ədəbiyyat:

1. İlyas ibn Yusif, Kolliyate Xǝmse, Tehran, 1389 (2001), 492 s.

2. Qəzali, Əbu Hamid, İmam Muhammad, Kimyaye səadət, Tehran, Elmi,fərhəngi, 1360 (1982) cild 2, 231 s.

3. Nizami Gəncəvi. Xosrov və Şirin. Bakı, “Yazıçı”, 1982, 401 s.

4. Nizami Gəncəvi. Leyli və Məcnun. Bakı, “Yazıçı”, 1982, 304 s.

5. Nizami Gəncəvi. İsgəndərnamə. Bakı, “Yazıçı”, 1982, 687 s.

Müəllif: Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Məcnun oğlu Rüstəmov

Son məqalələr

Online Qeydiyyat