“Şagirdlərin psixoloji pasportu məktəbli intiharları və davalarının qarşısını ala biləcəkmi”

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun “müsavat” online-siyasi qəzetinə “Şagirdlərin psixoloji pasportu məktəbli intiharları və davalarının qarşısını ala biləcəkmi” mövzusunda müsahibəsini sizə təqdim edirik:

“Məktəblinin psixoloji pasportunun yaradılması məsələsi artıq çoxdan dünya praktikasında mövcuddur:“Bu, çox lazımlı məsələdir və dünya praktikasında da belə bir təcrübə var. Mən çox sevinirəm ki, Azərbaycanda da artıq bu praktika tətbiq olunur.Şagirdlərin psixoloji pasportunda əsasən onların həm fiziki, həm də psixoloji sağlamlığı ilə bağlı informasiyalar qeyd olunur və məlumatlar vaxtaşırı yenilənir. Əlbəttə ki, bu çox yaxşı ideyadır. Məsələn, bir şagird bir məktəbdən digərinə keçdikdə artıq yeni getdiyi müəssisəsinin direktoru, müəllimləri onun barəsində məlumatlarla tanış ola bilir. Bir daha qeyd edirəm ki, şagirdlər barəsində bu cür bazaların yaradılması çox yaxşı olardı. Şagirdin risk qrupunun müəyyən edilməsi, dərsə davamiyyətinin necə olması, intihara, şiddətə, zorakılığa meylli olub-olmaması və sairə barəsində məlumatın olması çox müsbət haldır. Çox zaman görürük ki, şagird bir məktəbdən digərinə keçdikdə müəyyən problemlər yaşanır, çünki getdiyi məktəb psixoloqunun onun barəsində məlumatı yoxdur. Lakin artıq bundan sonra məktəb psixoloqları məktəbə gələn yeni şagirdlər haqqında məlumatlı ola biləcəklər”.

Elnur Rüstəmov bununla belə şagirdin psixoloji pasportunu yaradılarkən müəyyən məsələlərə diqqət yetirilməli olduğunu da vurğulayıb:“Burada bir problem var, problem isə ondan ibarətdir ki, bu proses hansı üsulla aparılacaq. Yəni, şagird barəsində həmin dəyərləndirmə hansı metodikalar və testlər ilə aparılacaq? Bu metodika və testlər adaptasiya olunubmu? Və məktəbdə həmin metodikanı tətbiq etmək iqtidarında olan psixoloq varmı? Problem budur. Çünki bazaya yanlış informasiyanın yerləşdirilməsi yanlış yönlənməyə gətirib çıxaracaq.

Azərbaycanda milyon yarım təhsil alan şagird var. Əlbəttə ki, birdən-birə onların hamısı haqqında psixoloji baza yaratmaq çətindir. Daxil edilən informasiyanın düzgün dəyləndirilməsi vacibdir. Yəni, şagirdin psixologiyası hansı test və yaxud metodika əsasında müəyyən olunub, bu müəyyənləşmə nə dərəcədə doğrudur və onu məktəb psixoloqu tətbiq edə bilir, ya yox? Bütün bunlar hazırlıq prosesi görüldükdən sonra psixoloji pasportun tətbiq edilməsi daha doğru olardı”.

https://musavat.com/news/sagirdlerin-psixoloji-pasportu-mektebli-intiharlari-ve-davalarinin-qarsisini-ala-bilecekmi-serhler_971151.html?fbclid=IwAR0EdHAXbEBI2WE5Xc1nAzfazRXWWZ6YBgHJPDAMABuSYvtx3Tq8krsIjh0&mibextid=Zxz2cZ

Online Qeydiyyat