Azərbaycanlı psixoloqların məktəb iqliminin ölçülməsi ilə bağlı araşdırması beynəlxalq indekli jurnalda çap olunub

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, institutun əməkdaşları klinik-psixoloq Narınc Rüstəmova, psixoloqlar Mətanət Əliyeva və Ülkər Zalova-Nuriyevanın həmmüəllifi olduqları “Məktəb iqlimi sorğusunun adaptasiyası: Soğrunun Azərbaycanda psixoloji sıxıntı, akademik effektivlik və psixi rifahla əlaqəsi” (Adaptation of the school climate questionnaire: its association with psychological distress, academic self-efficacy, and mental wellbeing in Azerbaijan) adlı məqalə “Web of Science”, “Scopus”, eləcə də  “ERIC”, “Index Copernicus” kimi beynəlxaq indeksli elmi bazalarda yer alan “Problems of Education in the 21st Century” jurnalında dərc edilib. 

“Məktəb iqlimi” anlayışı təhsil sahəsində istifadə olunan mühüm anlayışlardan biridir. Tədqiqatın məqsədi “Məktəb iqlimi sorğusu”nu yeniyetmələr arasında istifadə etmək üçün testin Azərbaycan dilinə adaptasiyasını həyata keçirməklə məktəb iqlimi, psixoloji sıxıntı, akademik yetərlilik və psixoloji rifah arasında əlaqəni araşdırmaqdan ibarətdir.

Tədqiqata 1204 azərbaycanlı yeniyetmə cəlb olunub. Mövcud testin Azərbaycan dilinə adaptasiya olunması prosesi zamanı təsdiqedici faktor analizi, kriteriya iləbağlı etibarlılıq təhlilləri aparılıb. Əlavə olaraq, PROCESS analizindən istifadə etməklə məktəb iqlimi ilə psixoloji sıxıntı, akademik yetərlilik və psixoloji  rifah arasındakı əlaqələr təhlil olunub.

Araşdırmadan əldə olunan nəticələrdə məktəb iqlimi ilə depressiya, təşviş və stres arasında mənfi, akademik yetərlilik və psixoloji rifahla isə müsbət əlaqənin olduğu təsdiqlənib. Bütün bu nəticələr onu deməyə əsas verir ki, “Məktəb iqlimi şkalası”nın Azərbaycan dilindəki versiyası qənaətbəxş psixometrik meyarlara malikdir.

Sözügedən şkala məktəblərdə psixoloji mühiti öyrənməyə, dəyərləndirməyə və qabaqlayıcı tədbirlərin görülməsinə imkan verir, eyni zamanda, psixoloqların bu istiqamətdə peşəkarlığının artırılmasına şərait yaradır. 

Məqalə ilə aşağıdakı linkə keçid edərək ətraflı tanış ola bilərsiniz.

http://www.scientiasocialis.lt/pec/node/1670

Online Qeydiyyat