Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Uşaq İnkişafı və Psixologiyası” ixtisasartırma kursunu bitirənlərə sertifikatlar təqdim olunub.

Tədbirdə Psixologiya-Elmi Tədqiqat İnstitutunun İnkişaf və yaş psixologiyası şöbəsinin kiçik elmi işçisi, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, uzman-klinik psixoloq Narınc Rüstəmova, Peşəkar Psixologiya Mərkəzinin direktoru, klinik-psixoloq Nuriyyə Quliyeva iştirak ediblər.

Onlar iştirakçıları kursu müvəffəqiyyətlə bitirməkləri münasibətilə təbrik edib, məzunlara uğurlar arzulayıblar.

Qeyd edək ki, Uşaq İnkişafı və Psixologiyası ixtisasartırma kursu Yıldız Teknik Universiteti və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində artıq ikinci dəfədir ki, təşkil olunur.

Kurs ümumilikdə 162 saatı əhatə edir və 72 saatı ənənəvi, 90 saatı onlayn olmaqla keçirilir.

Kursun proqramında uşaq psixologiyası haqqında fundamental bilik, bacarıq və vərdişlər, uşaqların inkişafı ilə bağlı nəzəri və praktiki biliklər, həmçinin uşaqlarda özünü göstərə biləcək bu və ya digər psixoloji problemlərlə praktiki işləmək bacarıqları mövzuları yer alır.

Kurs Yıldız Teknik Universitetinin professor və dosent heyəti, professor Ali Eryılmaz, dosent Özkan Sapsağlam, dosent doktor Begüm Satıcı, dosent doktor Seydi Ahmet Satıcı, doktor Seher Merve Erus, azərbaycanlı mütəxəssislərdən pedaqogika üzrə fəlsəfə doktoru, korreksiya pedaqoqu, defektoloq-loqoped Lalə İmanova, Psixologiya Elmi-Tədqiqat İnstitutunun İnkişaf və yaş psixologiyası şöbəsinin kiçik elmi işçisi, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, uzman-klinik psixoloq Narınc Rüstəmova, Peşəkar Psixologiya Mərkəzinin direktoru, klinik psixoloq Nuriyyə Quliyeva tərəfindən 6 ay müddətində tədris olunub.

Online Qeydiyyat