Dekabrın 15-də Bakı Konqres Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı keçirilib

Dekabrın 15-də Bakı Konqres Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı keçirilib.

Qurultayda çıxış edən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, professor Bəxtiyar Əliyev bildirib ki, qurultayın məhz ümumilli Heydər Əliyevin 100 illik yubileyinə həsr edilməsi qürurverici bir hadisədir. O əlavə edib ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb, tarixi siyasi aktlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Sədr həmçinin vurğulayıb ki, Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra ilk dəfədir ki, müəllimlərin qurultayı Ermənistanın işğalına son qoyularaq ərazilərimizin bütövlüyü və suverenliyini tam təmin etdikdən sonra keçirilir.

Bəxtiyar Əliyev  torpaqlarımızın azadlığı uğrunda vuruşan və şəhid olan müəllimlərin qəhrəmanlığını xüsusi qeyd edib. Bildirib ki, şagirdlərini vətənpərvər ruhda tərbiyə edən müəllimlər 44 günlük Vətən müharibəsi başlayanda müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında silaha sarılaraq döyüş meydanında öz şagirdləri ilə çiyin-çiyinə vuruşdular, ən böyük arzularına çataraq zəfər tarixini yazdılar. Bəxtiyar Əliyev məhz bu  mənada qurultayı Azərbaycan müəlliminin

zəfər qurultayı kimi dəyərləndirib. 

O təklif edib ki, böyük Azərbaycan xalqını təsirləndirən, Azərbaycan müəlliminə verilən fəxri adın xalq müəllimi fəxriadı kimi adlandırılması nəzərdən keçirilsin.

Komitə sədri daha sonra son 20 ildə təhsil sahəsinə ayrılan xərclərin artdığını və təhsilin qanunvericilik bazasının da möhkəmləndirildiyini diqqətə çatdırıb. 

Bəxtiyar Əliyev həmçinin məktəbəqədər təhsil, peşə təhsili və ümumi təhsil sahəsində görülən işlərdən və bu proseslərin inkişaf etdirilməsindən danışıb. O əlavə edib ki, ulu öndərin müəyyənləşdirdiyi təhsil siyasəti bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də uğurla davam etdirilir. 

Son illərin təcrübəsinin təhlilinə əsasən təhsilin idarəedilməsinin yeni modelinin daha da təkmilləşdirilməsi və tətbiqinin genişləndirilməsinin zəruri olduğunu vurğlayan komitə sədri ali təhsil, peşə və orta ixtisas təhsilindən də danışıb. Əmək bazarının tələblərinə uyğun yeni peşə standartlarının və təhsil proqramlarının işəgötürənlərlə birlikdə hazırlanması, peşə təhsilinə qəbulun genişləndirilməsini davamlı iqtisadi inkişafın vacib tələbi olduğunu bildirib. 

Bəxtiyar Əliyev xarici ölkələrdə istedadlı uşaqları aşkar etmək üçün uğurla istifadə edilən testlərin adaptasiya edilməli və bu alətlərinmütəxəssislərin ixtiyarına verilməli olduğunu xüsusi vurğulayıb. 

Komitə sədri çıxışının sonunda bildirib ki, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Heydər Əliyevin görmək istədiyi güclü, müstəqil və qalib Azərbaycan dövlətinin intibah dövrü başlayıb. Bu inkişafda müəllimlərin xüsusi rolunu vurğulayan Bəxtiyar Əliyev qeyd edib ki, biz müəllimlər 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərində ulu öndərin siyasətinə sadiqliyi bir daha nümayiş etdirərək bu siyasətin uğurlu davamına səs verəcəyik. 

O müəllimlərə fəaliyyətlərində uğurlar arzulayıb və onlaratəşəkkürünü bildirib. 

Online Qeydiyyat