8-ci könüllü fəaliyyət qrupu üzvlərinin məzuniyyət günü keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunda 8-ci könüllü fəaliyyət qrupu üzvlərinin məzuniyyət günü keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov bildirib ki, bir neçə gün öncə institutun 5 illiyi qeyd olunub: «8-ci könüllü fəaliyyət qrupunun üzvlərini beş illiyin könüllüləri adlandırırıq. İnstitut 2018-ci ildə yarandı və biz 2019-cu ilin ilk aylarında artıq birinci dəfə könüllü fəaliyyət qrupunu təşkil etdik. Onların birincisi 3 ay, qalanları 6 ay olmaqla fəaliyyətdə göstərdilər».

Elnur Rüstəmov əlavə edib ki, institut bu il Ulu Öndərin 100 illiyi ilə bağlı üç konfrans həyata keçirib və bu konfranslardan biri beynəlxalq konfrans idi. Sədr deyib ki, konfransların və digər tədrbirlərin təşkilində könüllülər aktiv fəaliyyət göstəriblər.

«2020-ci ildə COVID-19 pandemiyasına görə xüsusi karantin rejimi elan edildi. O dövrdə könüllülərimiz öz fəaliyyətlərini davam etdirdilər. Onlar insanlara psixoloji dəstək göstərmək məqsədilə maarifləndirici məqalələr yazmış, videoçarxlar hazırlamışdılar. Eyni zamanda, #Evdəqal kampaniyasına fəal şəkildə dəstək vermişdilər».

Sədr bildirib ki, institutun 5 illik fəaliyyəti dövründə xalqımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə qələbə sevincini yaşadı və bu il ölkəmizin torpaqlarımızın bütövlüyü tam bərpa olundu, üçrəngli bayrağımız Azərbaycanın hər guşəsində dalğalanır.

Elnur Rüstəmov Vətən müharibəsi dövründə institutda təşəbbüs qrupunun yaradılmasından, könüllülərin böyük sevgi və həvəslə əsgərlər üçün sovqatlar hazırladığından, onları cəbhə bölgəsinə göndərdiklərindən bəhs edib.

O həmçinin institutda çalışanların 15 faizinin həmin qrupların məzun könüllüləri olduğunu, onların arasında institutda və digər şöbələrdə psixoloq kimi fəaliyyət göstərənlərin olduğunu bildirib.

«İnstitutdan kənarda çalışan könüllülərimiz də bizimlə əlaqələrini kəsmirlər. Elə bu da bizim üçün sevindirici haldır. İndiyə qədər institutda 218 nəfər könüllü məzun olub. Bu gün 26 nəfəri məzun edirik və 31 nəfər könüllünü qarşılayırıq. Biz könüllülərin iş prosesində irəliləməsi üçün əlimizdən gələn dəstəyi göstəririk, çalışsınlar və özlərini inkişaf etdirsinlər. Hal-hazırda könüllü fəaliyyət proqramı üzvlərinin rəhbəri Emilya Nəsibova özü iki dəfə könüllümüz olub. Daha sonra da psixoloq kimi bizimlə çalışıb».

Elnur Rüstəmov bütün könüllülərə uğurlar arzulayıb, onlara gələcək işlərində və həyatlarında məsuliyyətli, doğru, dürüst çalışmağı, dövlətə, vətənə fayda verməyi tövsiyə edib. Sədr tədbir iştirakçılarını qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

Daha sonra tədbirdə institutun İnkişaf və yaş psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva çıxış edib. Mətanət Əliyeva və Əlavə təhsil və innovasiyalar şöbəsinin müdiri, psixoloq Ülviyyə Nəhmətova könüllülərin layihələrin icrası və testlərin adaptasiyası zamanı texniki işlərdəki aktivliklərini vurğulayıb, onlara uğurlar arzulayıblar.

Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Zeynəb Əliyeva çıxış edib. O, institutun ilk könüllü fəaliyyət proqramı üzvlərindən biri olduğunu vurğulayıb. Könüllülərin təşkilati fəaliyyətindən qürur duyduğunu qeyd edib və onların psixoloji seanslara qəbul edilən qazilərlə xüsusi diqqət və qayğı yanaşdıqlarını vurğulayıb.

Daha sonra istitutun əməkdaşı, psixoloq Lalə Əhmədova çıxış edib və gənc könüllülərə uğurlar arzu edib.

Tədbir gedişatında 8-ci könüllü fəaliyyət qrupu üzləri “Psixologiya olmasaydı” adlı səhnəni göstəriblər.

Daha sonra Emilya Nəsibova çıxış edib və tədbir iştirakçılarını salamlayıb. Könüllülərin aktiv fəaliyyəti və institutda qazandıqları rəğbəti vurğulayıb. Keçən 6 ay ərzində könüllülərin bir çox beynəlxalq və yerli konfransların, təlimlərin icrasında, təşkilati işlərdə aktivliyindən bəhs edib.
Daha sonra könüllü fəaliyyət qrupu üzvlərinin fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

Videoçarxın nümayişindən sonra könüllü fəaliyyət qrupu üzvlərinin koordinatorları Jalə Babazadə, Nigar Əsgərova və Ayşən Qəribova çıxış ediblər. Onlar kordinator olaraq hazırkı könüllüləri ilə fəxr etdiklərini bildiriblər. Könüllülərin fəaliyyətləri dövrünə təsadüf edən layihələri, konfransları, simpozium və tədbirləri məsuliyyətlə tamamladıqlarını qeyd ediblər. Eyni zamanda bu il, onların müəllimlərlə, məktəb psixoloqları ilə, şəhidlərimizin ailə üzvləri, qazilər və ahıl şəxslərlə iş zamanı qazandıqları rəğbətin təqdirəlayiq olduğunu bildiriblər. Sonda həm 8-ci könüllü fəaliyyət qrupu üzvlərini, həm də 9-cu könüllü fəaliyyət proqramı üzvlərini təbrik ediblər.

Sonda məzun könüllülərə proqramı bitirmək haqqında sənədləri və yeni könüllülərə isə, yaxa kartları təqdim olunub.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Online Qeydiyyat