Psixologiya Elmi-Tədqiqat İnstitutunda Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Müasir Azərbaycan Psixoloqları” İctimai Birliyi tərəfindən həyata keçirilən “Məktəbəqədər təhsil müəssisələrində sağlam emosional mühitin yaradılması” layihəsinin bağlanış mərasimi keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunda Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Müasir Azərbaycan Psixoloqları” İctimai Birliyi tərəfindən həyata keçirilən “Məktəbəqədər təhsil müəssisələrində sağlam emosional mühitin yaradılması” layihəsinin bağlanış mərasimi keçirilib.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov layihənin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, layihənin məqsədi məktəbəqədər təhsil prosesində uşaq fəaliyyətinin təmin olunması və bacarıqlarının formalaşdırılması, onların inkişafı üçün müvafiq təhsilalma şəraitinin yaradılması və bunun nəticəsində sağlam emosional mühitin yaradılmasıdır.

Elnur Rüstəmov əlavə edib ki, dövlət məktəbəqədər təhsil müəssisələrinin inkişafına, əhatə dairəsinin genişləndirilməsinə xüsusi diqqət ayırır, uşaqların erkən yaşlardan təhsilə cəlb olunmasına şərait yaradır.

O, həmçinin bu istiqamətdə ucqar bölgələrdə, bağça olmayan bəzi regionlarda icma əsaslı məktəbəqədər qrupların fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd edib.

Elnur Rüstəmov vurğulayıb ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul edilən uşaqlar da psixoloji və fiziki inkişafına görə qruplaşdırılmalıdır, həmçinin bu prosesi həyata keçirən kadr heyətinin də peşəkarlıq səviyyəsi yüksək olmalıdır, onlar davamlı olaraq peşə bacarıqlarını təkmilləşdirməlidirlər.

O bildirib ki, bundan sonra da Psixologiya Elmi-Tədqiqat İnstitutu Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq quracaq, belə mühüm layihələrin həyata keçirilməsində yaxından iştirak edəcək.

Elnur Rüstəmov bu layihədə iştirak edən bağçaların rəhbərlərinə, müəllimlərə və təlimçilərə təşəkkürünü bildirib.

Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, uzman-klinik psixoloq Narınc Rüstəmova layihədə iştirak etməkdən məmnunluğunu bildirib.

O qeyd edib ki, bu layihə çərçivəsində məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və müəllim heyəti ilə birbaşa ünsiyyətdə olmaq, əməkdaşlıq etmək imkanı yarandı.

Narınc Rüstəmova həmçinin vurğulayıb ki, bu müddət ərzində müəllim heyətinin də müasir bacarıqlara, yenilikçi təhsil metodlarına sahib olduğunu görmək onu çox məmnun edib.

Daha sonra çıxış edən məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri bu layihənin əhəmiyyətini vurğulayıblar.
Onlar layihənin həyata keçirilməsində əməyi olanlara təşəkkürlərini bildiriblər.

Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Çinarə Kazımzadə layihə müddətində görülən işlərlə bağlı təqdimatla çıxış edib. O, təlimlərin səmərəli keçdiyini bildirib və müəllimlərin aktiv fəaliyyətini yüksək qiymətləndirib.

Bildirilib ki, Bakı və Abşeron ərazisində seçilən 10 məktəbəqədər təhsil müəssisəsində ümumilikdə 36 saatlıq təlim həyata keçirilib.

Təlimlərdə məktəbəqədər yaş dövrünün əsas psixoloji xüsusiyyətləri, psixi inkişafın göstəriciləri, bir sıra psixoloji pozuntular və onların psixoprofilaktikası, psixodiaqnostikası, xüsusi qayğıya ehtiyacı olan uşaqların uyğun mütəxəssislərə yönləndirilməsi, təhsilverənlərin peşə səriştəliliyinin artırılması, valideyinlərin və tərbiyəçi müəllimlərin marifləndirilməsi üçün üsul və vasitələr öyrədilib.

Təlimlər Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən tədris olunub.

Sonda ümumi təhsil müəssisələrinin rəhbərlərinə, həmçinin layihənin təlimçilərlərinə təşəkkürnamələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Son məqalələr

Online Qeydiyyat