Müsahibə – “İntihar- İnsan niyə bu yolu seçir?”

Son zamanlar  sosial şəbəkələrdə yayılan intihar videoları, xəbərləri cəmiyyəti həddindən çox narahat edir. Daha çox  gənclər arasında  yayılan  intihar hadisələri daha çox təşviş yaradır. Ömrünün ən gözəl çağlarını yaşamaq əvəzinə nəyə görə ölüm seçilir? Gəncləri bu yola vadar edən nədir? Bu kimi suallara cavab tapmaq üçün  Psixologiya Elmi Tədqiqat İnstitutunun rəhbəri  Elnur Rüstəmova müraciət etdik:

-Elnur bəy, çox  zaman deyirik ki,  intihar çıxış  yolu deyil. Bəs, nəyə görə insanlar bunu son yox, ilk çıxış yolu kimi  görürlər?

 -İntihar, insanın fizioloji, psixoloji, sosial və iqtisadi səviyyədə yaşadığı problemlərə qarşı həll yolu kimi gördüyü dağıdıcı davranış şəklidir. İnsanı problemlərinin heç vaxt həll olunmayacağı qorxusu ilə yeganə çıxış yolunun həyatına son qoymaq olduğunu düşündürən fəaliyyət növüdür.İntihar düşüncəsinin ortaya çıxması və fəaliyyətə çevrilməsi arasındakı müddət insana köməklik göstərmək və intiharın qarşısını almaq üçün şərait yaradır.

 -Amma burada bir məqam nəzərə alınmalıdır. İnsanların bir qismi çarəsizlik və ümidsizlik zamanı heç kimdən kömək gözləmir və daha çox özlərinə qapanırlar.

-Bu isə çıxış yolu kimi intihar üsulunu seçmələrinə səbəb olur. 

 -İnsan həyatındakı problemlərdən əlavə, daha hansı səbəblər intihara  sövq edir?

-Ailənin intiharla bağlı keçmişi, ailədəki tibbi və psixiatrik narahatlıqlar da intihar riskini artırır. İqtisadi sıxıntı, ailədaxili konfliktlər və itkilər, valideynlərin ayrı yaşaması, yenidən evlənməsi, ailə üzvlərindən birinin əvvəllər intihar cəhdi etməsi, ailə üzvlərində depressiya və maddə istifadəsi risk faktorları arasında qeyd olunur. İntihara təşəbbüs edən yeniyetmələr ailələrini laqeyd. imtina edən və dəstək olmayan fərdlər kimi dəyərləndirirlər. Digər faktor isə intihar cəhdi olan yeniyetmələrin daha çox ruhi problemi və alkoqolizmdən əziyyət çəkən şəxslərin ailəsində böyüdüyünü qeyd edir. Göstərilən məqamların hər biri ailələr üzərində uzun müddətli tədqiqatlar əsasında müəyyənləşdirilmişdir. Eyni zamanda biz bu sıraya digər faktorları da daxil edə bilərik;

Bioloji faktorlar

Neyrokimyəvi sahədə aparılan bəzi tədqiqatlar serotonin (buna bəzən xoşbəxtlik hormonu da deyilir-E.R.) hormonunda funksional pozuntunun olması ilə intihar arasındakı münasibəti tam olaraq təsdiq etmişlər. Tədqiqatda serotoninin azalması ilə  intihar davranışının artdığı müşahidə edilmişdir. Tədqiqatçıların böyük qismi oxşar şəkildə xüsusilə intihar cəhdi edən yeniyetmələrin serotonin səviyyələrinin aşağı olmasının növbəti intiharın tamamlanması baxımından vacib faktor olduğunu qeyd edir.

Situativ risk faktorları

Risk faktorları vəhdət şəkildə olduqda intihara meyillilik daha yüksək olur. Yeniyetməlik dövründəki intiharların 40%-də imtina olunma, istənilməyən hamiləlik, məktəbdə uğursuzluq, dalaşmaq, sevgilisindən ayrılma ailə ilə bağlı narahatlıq risk faktoru kimi qeyd olunur. Yeniyetməlik dövründə vacib stress faktorları arasında travmatik yaşantılar, itkilər, iqtisadi problemlər, sosial dəstək sistemlərinin qeyri-kafi olması və tabu krizləri də qeyd edilir. Shaffer (1974) intihar cəhdi edən 15 yaşından aşağı uşaqlarda bu davranışdan əvvəl məktəbə getməmə və ya bənzər fenomenlərin olduğunu qeyd etmişdir. Bilavasitə məktəbə getməməklə yeniyetmədə sosial izolyasiya olur və intihar davranışı törətməyə meyillilik daha da yüksək səviyyədə müşahidə olunur. İntihar cəhdinə səbəb kimi koqnitiv faktorlar və yetkin intiharlarında olduğu kimi burada da ümidsizlik və intihar arasında əlaqə olduğunu qeyd etmək lazımdır. 

İntihara  qədər insan hansı mərhələlərdən keçir?

İntiharla bağlı düşüncələrlə intiharla bağlı davranışları mütləq şəkildə fərqləndirmək lazımdır. İntiharla bağlı düşüncə ölümlə bağlı fikirləri, intihar cəhdi ilə bağlı məqamları, spesifik planları, intihar üsulunu və intihar düşüncələrinin reallaşdırılmasını ehtiva edir. İntihar davranışı isə intihar cəhdini (ölümlə nəticələnməyən intihar davranışı) və ya intiharın tamamlanması yəni ölümlə nəticələnməsini əhatə edir. 

İntiharın dinamikasını nəzarətdə saxlamaq üçün 7 intihar tipi fərqləndirilir:

1.Psixoz və ya şəxsiyyətin formalaşmaması – bu tip insanlarda özünü öldürməklə bağlı audial (eşitmə) hallüsinasiyaları olur.

2.Özünə yönəlik cinayət (homosid) – bu cür intiharlar da başqa insana qarşı aqressiyadan qaynaqlanır. Bəzi səbəblərdən dolayı bu qəzəb kənara yox insanın özünə yönəlir. Simvolik şəkildə qarşısındakı insanı oldürəcəyini düşünür.

3. Real və ya xəyali tərk oldunduğu üçün intiqam alma – imtina olunmaq və ya tərk edilməklə ətrafındakı insanları qorxudan yeniyetmə, intiharı güc simvolu olaraq istifadə edir.

4.Şantaj və ya öz mənfəətini üstün tutma – bu tip intiharda, yeniyetmə intiharı qorxutma vasitəsi olaraq istifadə edir. “Əgər mənə yaxşı davranmasan, sonra peşman olacaqsan”. İntiharın tez-tez səsləndirildiyi ailələrdə bu və öncə qeyd olunan intihar növü mütəmadi qarşılaşılan üsullardır.

5.Sevilən və ya itirilən obyektlərə yenidən qovuşma – vəfat edən valideyn, övlad, nənə-baba ilə yenidən birlikdə olmaq üçün vasitə kimi qəbul olunur.

6. Bağışlanmaz günahların kompensasiyası – günahkarlıq və neqativ duyğulardan xilas olmağın yeganə yolu olaraq intihar seçilir.

7. Kömək üçün ağlamaq (Crying for help) – problemin əsas səbəbindən asılı olmayaraq yeniyetmə narahatlığı olduğunun fərqindədir və bu problemi aradan qaldırmaq üçün intihara üstünlük verir.

 -Yaş kateqoriyasına görə bu hal yeniyetmələrdə daha çox özünü göstərir. Bununla bağlı nə deyə bilərsiniz?

-Bütün qeyd olunanlarla yanaşı intiharla bağlı yanlış düşüncələr var ki, bunlardan 15-ni qeyd edə bilərik:

1.1950-ci ildən etibarən yeniyetmələr üzrə intihar cəhdləri 3 dəfə artmışdır.

2.Amma  yeniyetmələrin digərlərini qətlə yetirmələri intihar etmələrindən daha çox yayılıb.

3.Yeniyetmələr heç bir işarə olmadan intihar edirlər – intihar edən hər 10 yeniyetmədən 9-u intihar etməzdən əvvəl müəyyən işarələr verir. Xəbərdarlıq siqnalları arasında depressiv vəziyyət, maddə istifadəsi, zövq aldıqlarına qarşı laqeydlik, diqqət defisiti, izoliyasiya, daxilə qapanma, ölüm düşüncəsi, yuxu problemləri və verbal işarələr (kaş ölsəydim…), qeydlər yazma və əşyalarını başqalarına vermə xüsusi yer tutur.

4.”İntihar haqqında danışan yeniyetmələr intihar cəhdi etməz və tamamlanmış intihar olmaz!”. Bu yanlış düşüncədir. Ümumiyyətlə ən vacib xəbərdarlıq siqnallarından biri insanın davamlı ölüm haqqında danışmasıdır. Yeniyetmənin intiharla bağlı qorxutmaları birmənalı şəkildə ciddi qarşılanmalı və yardım üsulları axtarılmalıdır.

5.İntihar cəhdi olan yeniyetmələrin əksəriyyəti həqiqətən ölmək istəyirlər – yeniyetmələrin böyük bir qismi psixoloji əzablarından qurtulmaq üçün ölümlə yaşamaq arasında tərəddüd yaşayırlar. Bu cür ambivalent duyğular haqqında danışmaq  intihar cəhdini 80% azaldır.

6.Yeniyetmələrlə intihar haqqında danışmaq və ya onlara təlim vermək, intihar riskini artırır – məktəbdə oxuyan yeniyetmələrin 3/4-nün intiharla bağlı məlumatları olsaydı dostlarına yardım edəcək ilk insan olardılar. Təlim proqramları yeniyetmələri risk altındakı dostlarını tanımalarına kömək etməklə yanaşı lazım olduqda yardım almalarını da asanlaşdırar.

7.Yeniyetmələrin intihar düşüncəsi olan insanla əlaqəsi yoxdur – Amerikada orta məktəbdə oxuyan 400 şagird üzərində aparılan tədqiqatda şagirdlərin təxminən yarısının intihar cəhdi olan dostundan xəbərdar olduğu aşkarlanmışdır.

8.Qız və oğlan yeniyetmələrin intihar davranışında heç bir fərq yoxdur – Qız yeniyetmələr intihar haqqında daha çox düşünərkən və daha çox intihar cəhdi edərkən oğlan yeniyetmələrdə tamamlanmış intihar faizi qızlara nisbətdə daha çoxdur.

9.Qızlarda tamamlanmış intiharların faiz göstəricisi aşağı olduğundan qızların intihar cəhdi ciddi qarşılanmamalıdır – tamamlanmış intiharlarda ən vacib göstəricilərdən biri əvvəlki intihar cəhdidir. Bunun üçün cinsiyyət ayrıseçkiliyi edilmədən bütün intihar cəhdləri ciddi qarşılanmalıdır.

10.Tamamlanmış intiharlarda ən geniş üsul hədsiz dozada dərman qəbul etməsidir – 1994-cü ildə intihar edənlərin 67%-i silahdan istifadə edib. Silah əldə etmənin qarşısının alınması 15-24 yaş arası yeniyetmələrdə intihar səviyyəsinin əhəmiyyətli sayda enməsinə səbəb olmuşdur.

11.İntihar davranışıyla maraqlanan bütün yeniyetmələr psixoloji baxımdan xəstədirlər – yeniyetmələrin çox böyük qismi həyatlarında ən az bir dəfə intihar haqqında düşünüblər. İntihar cəhdi olan və ya intihar edən yeniyetmələrin əksəriyyətində psixotik pozuntu yoxdur. Yeniyetmələrlə bağlı aparılan psixoloji autopsiya işlərində ölüm anında rasional və məntiqli olduqları göstərilmişdir.

12.Əgər bir yeniyetmə ölmək istəyirsə heç bir şey ona mane ola bilməz – xəbərdarlıq siqnallarını müəyyənləşdirmək və təhlükə anında yardım etmək öldüqca vacibdir. Məktəbdə çalışan mütəxəssislərin bu risk faktorlarını və kriz anında necə reaksiya verəcəyini bilməsi mütləqdir.

13.İntihar davranışı genetikdir – intiharla bağlı spesifik gen qeyd olunmur.

14.Sadəcə iqtisadi baxımdan aşağı səviyyəli ailələrdə böyüyən yeniyetmələr intihar edir – hər növ sosio-iqtisadi səviyyədə intihar davranışı müşahidə olunur.

15.Sadəcə psixoloq və ya psixiatr yeniyetməyə yardım edə bilər – intiharı düşünən yeniyetmələrin böyük bir qismi bu düşüncə olduğu təqdirdə mütəxəssisə müraciət etmək əvəzinə ilk növbədə yaxınlarına müraciət edirlər.

 -Düşünürsünüzmü ki, mediada və daha çox kinolarda  intihar səhnələrinin işıqlandırılmasl bu addıma təsir edir?

-İntihar xəbərlərinin müəyyən tərzdə, diqqət çəkən və drammatik şəkildə verilməsi intihar davranışını stimullaşdıran amildir. Buna görə də bir çox ölkələrdə intihar xəbərləri xüsusi düzəlişlər olunduqdan sonra mediada öz əksini tapır.

-Cəmiyyət üzərində böyük bir təsirə malik olan media, intihar xəbərlərini diqqət çəkən tərzdən uzaqlaşdırmalı və alternativ həll yollarını əlavə edərək təqdim etməlidir.

Gülər Seymurqızı

Mənbə : https://olaylar.az/news/sosial/404906

Online Qeydiyyat