O vaxt Sokrat heç vaxt suala birbaşa cavab vermirdi. Kimsə, ondan nəsə soruşanda ya da məsləhət istəyəndə, Sokrat həmin şəxsin özünə bəzi suallar verərək, onun nəticəyə gəlməsinə səbəb olurdu. Bizim məşğul olduğumuz Koqnitiv Biheverial Terapiya da bu məntiqə əsaslanır. Biz pasiyentin nə dediyini bildiyimizi iddia etmirik. Ya da, hər problemi həll edəcək qədər ağıllı olduğumuzu düşünmürük. Ona görə də, suallar veririk. Məsələn, pasiyent deyir ki, mən özümü dəyərsiz hiss edirəm. Biz dəyərsizliyin nə olduğunu bildiyimizi düşünmürük. Ona görə də, pasiyentə sual veririk:
- Dəyər nədir sizin üçün?
- Dəyərsizlik nəyə deyirsiniz?
Çünki, bizim və pasiyentin dəyərsizlik anlayışı fərqli ola bilər. Ona görə də, bunu soruşmalıyıq. Ya da pasiyent deyir ki, müdürüm mənim üstümə qışqırdı və mən özümü pis hiss elədim. Yenə də biz soruşuruq:
- Müdürünüzün üstünüzə qışqırması sizin üçün niyə pisdi?
Çünki, cavablar fərqli ola bilər. Bəzi insanlar bu hadisədə pərt olarlar, bəziləri günahkarlıq hissi keçirərlər, bəziləri müdürünün onun üstünə qışqırmaq haqqının olmadığını düşünər, bəziləri də ümumiyyətlə özlərini səhvsiz görər. Bizə maraqlı olan pasiyentlərimizin mövcud şəraitlə bağlı nə düşündüyüdür. Daha sonra problemi konkretləşdirmək lazımdır. Məsələn pasiyent deyir ki, heç kim məni sevmir. Bu zaman biz soruşuruq:
- Heç kim? Yoxsa bəzi insanlar? Bəs ailəniz və dostlarınız?
Ya da, pasiyentimiz deyir ki, əgər imtahandan kəsilsəm həyatım məhv olacaq. Biz də soruşuruq:
- Bütün həyatınız yoxsa, sadəcə bu illik universitetə girmə hədəfiniz?
Məntiqi analiz etmək üçün sorğulama önəmlidir. Məsələn, pasiyentim mənə deyir ki, əgər gündə 1 saat əllərimi yumasam, rahat ola bilmirəm. Və mənimlə pasiyentin arasında belə bir dialoq olur.
– Gündə əllərinizi bir saat yumasanız tam olaraq nə olar?
– Əllərim çirkli olar.
– Əllərinizin çirkli olması niyə görə pisdi?
– Çünki, yemək bişirəndə əllərimdəki mikrob yeməyə keçəcək.
– Sizcə, bu halda nə olacaq?
– Uşaqlarım zəhərlənəcək, yaxud da öləcək.
– Tanıdığınız insanların neçəsi bir saat əl yuyur.
– Demək olar ki, heç biri.
– Bəs onların evində tez-tez zəhərlənmə ya da ölüm halları olur?
– Yox. Heç olmur, ya da nadirən olur.
– Bəs axı, əlləri bir saat yumamaq zəhərlənməyə və ya ölümə səbəb olurdu?
– Deməli, yanlış düşünürəm. Əllərimi bu qədər yumağa ehtiyac yoxdur.
Baxın bu, Sokratik dialoqdu. Suallar verərək, şəxsin özünün doğru nəticəyə gəlməsinə kömək etmək. Təbii ki, bu, koqnitiv davranış terapiyasında olan çox sayda metoddan sadəcə biridir. Hər zaman bunu etmirik. Amma, bu metod təkbaşına çox effektiv yoldur.
Fuad Əsədov