İrrasional inanclar


Hər birimiz uşaqlıqdan bəri ailədə aldığımız tərbiyənin, baxdığımız filmlərin, oxuduğumuz kitabların, sosial mühitdə gördüklərimizin, məktəbdə öyrəndiklərimizin təsiri ilə bir dünya görüşü formalaşdırırıq. Beləcə, hər birimizin özümüz haqqımızda, dünya haqqında və digər insanlar haqqında inandığı düşüncələri – inancları yaranır. Bəzən bu inanclar irrasional ola bilirlər. Hər hansı bir inanca irrasional deyə bilmək üçün onun üç kriteriyadan heç olmasa birinə cavab verməsi lazımdır.

– Məntiqi əsasının olmaması

– Doğruluğuna dair sübutların olmaması

– Faydasız olması

Bu cür irrasional inanclar insanda mənfi hiss və davranışlara səbəb olurlar. Keçən əsrin 50-ci illərində Albert Ellis və Aaron Beck psixoloqa müraciət edən şəxslərin əsas probleminin bu irrasional inanclar olduğunu aşkarlamışdılar.
Dörd növ irrasional inanc var.

Tələbkarlıq. Dünyanın real limitləri ilə barışa bilməmək tələbkarlıq inancının göstəricisidir. Bu cür düşüncələr əsasən -malı, – məli şəkilçisi ilə düzəlir. Əlbəttə, bu həyatda hər kəsin arzu və istəkləri var. Heç bir arzu və istək psixoloji problemə səbəb ola bilməz. Amma insanın arzu və istəklərinin olmalı olduğu haqqındakı düşüncələri ona sıxıntı, əsəb, kədər, təşviş və digər mənfi hislər yaşada bilər. İnsanın gözləntiləri reallıqla ziddiyyət təşkil edərsə, tələbkarlıq inancı ortaya çıxar. Halbuki, hər kəs içində yaşadığı dünyanı adekvat dəyərləndirə və ona uyğunlaşa bilər. Tələbkarlıq ola biləcək bir neçə düşüncəyə baxaq.

– Mənə haqsızlıq olunmamalıdır.

– Səhv etməməliyəm.

– Həyat yoldaşım yeməkləri bişirərkən daha diqqətli olmalıdır.

– Sevgilim hər şeyini mənimlə bölüşməlidir.

– Paltarımda ləkə olmamalıdır.

Bunlar irrasional inanclardı. Çünki, içində yaşadığımız dünyanı və insanları nəzərə aldıqda bu gözləntilərin real olmadığını görürük. Bu dünyada “haqsızlıq” deyə bir şey var. İnsanlar bir çox halda haqsızlığa məruz qaldıqlarını düşünürlər. Dolayısıyla, bir gün bu haqsızlığın sizin başınıza gəlməyəcəyini ya da gəlməməlidir olduğunu düşünməyiniz məntiqli olmaz. Əlbəttə, haqsızlıq olmasa, yaxşı olar. Amma, təəssüf ki, var. Eyni şəkildə insanlar səhv edirlər. Siz də bir insansınız və səhv edə bilərsiniz. Həyat yoldaşınızın diqqət problemi varsa, hər dəfə ondan diqqətsiz olmamağı gözləməniz də məntiqsiz olar. Sevgiliniz yetişkin bir insan olaraq, nələrisə sizlə bölüşmək istəməyə bilər və bu normaldır. Eyni məntiqlə, insanlar bəzən paltarlarında ləkə sala bilirlər. Xoşagəlməz bir vəziyyət olsa da, amma paltarınıza ləkə salmamalı olduğunu düşünmək üçün bir səbəb yoxdur. Həyat, insanların arzu və gözləntilərini yerinə yetirmək kimi bir məcburiyyətə malik deyil.
Reallığı qəbul etmək hər zaman daha rasional bir yoldur. Hər hansı bir reallığın olduğundan fərqli olmasını tələb etmək və onu olduğu kimi qəbul etməmək əzabı artırır.

Fəlakətləşdirmə. Bu inanc zamanı insanlar yaşadıqları və ya yaşayacaqları şeylərin çox fəlakət ya da dəhşətli bir şey kimi dəyərləndirirlər. Ümumiyyətlə, insanlar tez-tez yaşadıqları xoşagəlməz şeylərin fəlakət olduğunu düşünərək, məsələni həddindən çox şişirmiş olurlar. Halbuki, bu fəlakətlərin əksəriyyətini insanlar zehinlərində yaradırlar. Mark Tvenin məşhur bir sözü var.

“Həyatımdakı fəlakətlərdən çox əzab çəkmişəm. Hansı ki, bu fəlakətlərin əksəriyyəti real deyildi”

Məsələn, imtahandan kəsilmək, boşanmaq, qəza keçirmək, restoranda sevdiyin yeməyin olmaması, bəyəndiyiniz paltarı ala bilməmək, işsiz qalmaq və s. pis şeylər olsalar da, amma fəlakət də deyillər yəni. Nəticədə, dünyanın sonu deyil. Tədqiqatlar göstərir ki, fəlakətləşdirmə inanclarından qurtulan insanlar həm şəxsi həyatlarında, həm də sağlamlıqlarında çox böyük inkişaf yolu qət etmiş olurlar.

Aşağı tolerantlıq. Bu irrasional inanca sahib olan insanlar həyatda yaşadıqları çətinlikləri “dözülməz” olaraq görürlər. Məsələn, onlayn satış işi ilə məşğul olan bir insan belə bir şey düşünür:

“Sosial şəbəkələrdə yazılan bütün mesajlara cavab verməyə dözə bilmirəm artıq”

Yaxud da, yeni bir layihə üzərində çalışan bir insan aşağıdakı kimi düşünür:

“Əgər bu layihə qəbul olunmasa, buna dözə bilmərəm.”

Əslində, bu cür düşüncələr çox da məntiqli deyillər. Çünki, insanların “dözülməz” dediyi şeylərin bir çoxu əslində dözüləndir. Dözmək və adaptasiya olmaq mümkündür. Ümumiyyətlə, insan demək olar ki, hər şəraitə uyğunlaşa bilən bir canlıdır. Həyatda problemlər və çətinliklər yaşamaq normal bir şeydir. Əgər, hər hansı bir insan yaşadığı problemi həll etməyə çalışmaq yerinə, “buna dözə bilmərəm” deyə düşünərsə, daha pis hislərə yol açmış olar.

Dəyərsizləşdirmə. Bəzən insanlar özlərini, digər insanları ya da həyatı gözlərində dəyərsizləşdirirlər. Dəyərsizləşdirmə irrasional inancına aşağıdakılar nümunə ola bilər.

– İnsanlar mənim dediklərimlə razı deyillərsə, deməli cahildirlər.

– Ətrafımdakı insanlar məni sevmirsə, deməli mən dəyərsizəm.

– Həyatın heç bir mənası yoxdur.

– Bu işi bacarmasam, bu o deməkdir ki, mən bacarıqsızam.

Əslində bu cür fikirlər də çox doğru fikirlər deyillər. Çünki, insanlar sizinlə eyni fikirdə olmaya-olmaya da ağıllı və məntiqli insanlar ola bilərlər. Eyni zamanda, sizin dəyərinizi də ətrafdakı insanların rəftarı müəyyən etmir. Həyatın mənasına dair yazılmış minlərlə kitabı da nəzərə alsaq, bu həyatın obyektiv bir mənasızlıq içində olduğunu deyə bilmərik. Eyni şəkildə, nəzərə alsaq ki, hər kəsin bacarmadığı çoxlu sayda iş var, siz də öz bacarmadığınız işlərə görə özünüzə “bacarıqsız” deyə bilməzsiniz.

Sözügedən irrasional inanclar insan həyatını çətinləşdirir. Psixoloji sağlamlıq üçün onlardan qurtulmaq lazımdır.

Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı, klinik-tibbi psixoloq, Fuad Əsədov

Online Qeydiyyat