Boşanıb bir neçə ildən sonra təkrar ailə quran cütlüklər də var

Son illər gənc nəslin yaşadığı böyük problemlərin başlıca səbəbləri səbrsizlik, güzəştə getməmə və eqoizmdir. Belə ki, orta və yaşlı nəsil ilə müqayisədə gənc nəsil hər şeyi daha sürətli əldə etmək istəyir, hər hansı problem yarandıqda isə qətiyyən güzəştə getmək istəmir. Bəlkə də, buna görədir ki, boşanmaların sayı da artır.

Tanınmış psixoloq Elnur Rüstəmov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, səbrsizlik, eqoizm, tələskənlik kimi xüsusiyyətlərin tək gənc nəsildə yox, orta və yaşlı nəsildə də yaşandığının şahidi oluruq: “Bu, daha çox yaşadığımız dönəmlə bağlıdır. Yəni, biz sürət, texnologiya əsrində yaşayırıq. Belə olan təqdirdə, sürətli qərarlar vermək tələb olunur”.

Onun sözlərinə görə, bəzən verilən qərarlarda tələskənlik və yanlışlıqlar da olur: “Boşanma halları tək gənc nəsillərdə, yeni evlənənlərdə baş vermir. Bu gün 20-30 ilin ailəsində də boşanma halları baş verir. Boşanıb bir neçə ildən sonra təkrar ailə quran cütlüklər də var”.

Psixoloq deyir ki. bu günün ən böyük problemlərindən biri də aldığımız sürətli informasiya və bundan dolayı əhval-ruhiyyəmizin tez-tez dəyişməsidir. E.Rüstəmovun sözlərinə görə, şübhəsiz ki, bütün bunlar bizim davranışlarımızda, ünsiyyətimizdə özünü büruzə verir. Müsahibimiz hesab edir ki, bundan sığortalanmaq üçün maksimal dərəcədə maariflənməyimiz lazımdır: “Maarifləndirmə özündə stressin idarə edilməsi, zamanın doğru planlanılması, emosional intellektin inkişaf etdirilməsi, emosional davamlılığın qorunub saxlanılmasını ehtiva edir. Bunlar olarsa, təbii ki, biz bu cür proseslərdə sağlam qərarlar verə, stresə qarşı davamlı ola bilərik”.

Mənbə: https://bakivaxti.az/az/posts/detail/verdiyimiz-qerarlar-ona-gore-yanlis-olur-ki-psixoloq-aciqladi-1668411047#.Y3H0JxaEYlQ

Online Qeydiyyat