Sağlam və sağlam olmayan hislər

Koqnitiv Davranış Terapiyası insanları narahat edən hiss və davranışların insanların öz düşüncələri əsasında yarandığını iddia edir. Amma psixoloqa müraciət edən şəxslər ilk görüşdə adətən öz düşüncələri haqqında yox, hisləri haqqında danışırlar. Bir insanın terapiyaya müraciət etmə məqsədi də əsasən daha yaxşı hiss etməkdir. İnsanlar təbii olaraq özlərini yaxşı hiss etmək istəyirlər. Bu baxımdan, terapiyanın yaxşı olmasının əlaməti də psixoloqa müraciət edən şəxsin hislərində yaxşıya doğru dəyişikliyin olmasıdır.
Hislər isə Koqnitiv Davranış Terapiyasında sağlam və sağlam olmayan olmaqla iki hissəyə bölünür. Sağlam hislər pozitiv hislər demək deyil. Neqativ hislərin də içərisində sağlam hislər vardır. Məsələn, yaxın bir insanını itirən şəxs kədər hissi yaşayır. Bu çox normal və sağlam bir hisdir. Çünki, rasional bir düşüncədən qaynaqlanır. İnsan sevdiyi insanı bir daha görə bilməyəcəyini düşünərək kədərlənir. Lakin, yaxın insanı itirən şəxs “mən onsuz yaşaya bilmərəm”, ” onsuz həyatın bir mənası yoxdur” deyə düşünsə çox depressiv və çökmüş hiss edəcək. Bu hislər sağlam olmayan hislərdir. Bu hislərə səbəb olan düşüncələrə fikir versək irrasional olduqlarını da görərik. Çünki, hər halda həyata məna qatan sadəcə bir insan olmuş ola bilməz.
Ya da dünyanın ən böyük fizika alimlərindən olan Faradey gəncliyində kitab cildləmə sexində işləyirdi. Bu iş onun üçün o qədər sıxıcı idi ki, böyük çətinliklər hesabına da olsa fizikaya yönəldi və neçə-neçə kəşflər edərək insanların həyatını asanlaşdırdı. Kitab cildləmə sexində işləyən zaman hiss etdiyi sıxıntı neqativ olsa da, sağlam hiss idi. Əgər, o dövrdə Faradey psixoloqa getsəydi və psixoloqu ona bu sıxıntı hissini azaltmağı öyrətsəydi, insanlıq üçün daha yaxşı olacaqdı?
Yəni, bütün neqativ hislərin dəyişdirilməsi lazım deyil. Bu hislərin bəziləri normal və faydalıdır. Dəyişdirilməsi lazım olan hislər irrasional düşüncələr əsasında yaranan sağlam olmayan hisslərdir. Sağlam olmayan hislərə təşviş, depressiv, əsəb, günahkarlıq, utancaqlıq və s. aiddir.
Başqa bir misala baxaq. Peşmançılıq hissi neqativ hiss olsa da amma insanın səhvlərini görməsi və peşman olması inkişaf üçün önəmlidir. Ona görə də, peşmançılıq sağlam neqativ hisdir. Sağlam hislər insanın inkişafına təkan verən faydalı hislərdir, amma sağlam olmayan hislər insana zərər verir. Lakin, bir səhv qarşısında peşmançılıq yerinə, günahkarlıq hissi sağlam olmayan bir hisdir.
Sağlam neqativ hislər və sağlam olmayan neqativ hislər baxımından əzabı iki qrupa bölə bilərik. Sağlam əzab və xəstə əzab. Sağlam əzab konkret pis və ya təhlükəli hadisələr qarşısında insanın yaşadığı neqativ hislərdir. İronik səslənə bilər, amma insanlar sağlam əzabdan şikayətçi olmurlar. Məsələn, yuxarıda da qeyd olunduğu kimi yaxını ölən bir insan təbii olaraq bir yas dövrü keçirir. Amma, bundan şikayətçi olmur. Çünki, anlayır ki, yaxınını itiribsə müəyyən bir zaman kəsiyində ağlaması və kədərlənməsi normaldır. Ya da güclü baş ağrısından əziyyət çəkən insanın əhvalının aşağı düşməsi tam normaldır. Bu insan da əhvalının düşməsindən şikayətçi olmur adətən. Başının ağrımasından şikayətçi olur. Ya da, meşədə qarşısına vəhşi heyvan çıxdığı üçün həyəcanlanan bir insan, “məndə həyəcan təşviş pozuntusu var” deyərək, həyəcanını problem etmir. Dolayısıyla, sağlam əzab insanlara o qədər də əzab vermir. İnsanlar psixoloqa “xəstə əzab”dan əziyyət çəkən zaman müraciət edirlər. Xəstə əzab dediyim şey, əslində bu qədər əzab çəkməyin gərəkli olmadığı hallarda yaşanan əzabdır. Yəni, irrasional, mənasız, faydasız və məntiqsizdir. Burda insanın düşüncələri onu aldadır. Burda insan ya məsələni çox böyüdür, ya fəlakət ssenarisi qurur, ya real olmayan gözləntilər içərisinə girir, ya özü haqqında çox ümumiləşdirmə edərək özünü mənfi sözlərlə etiketləyir, ya da başqa düşüncə xətaları edir. Ona görə də, düşüncələrimizi tutmağı öyrəndiyimiz kimi, hislərimizi də anlamağı və analiz etməyi öyrənməliyik.

Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı, klinik-tibbi psixoloq Fuad Əsədov

Son məqalələr

Online Qeydiyyat