Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və şəhid xanımları ilə görüş keçirilib

Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və şəhid xanımları ilə görüş keçirilib.

Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, Psixologiya Elmi-Tədqiqat İnstitutunun şöbə müdirləri, institutun elmi işçisi, uzman klinik-psixoloq Narınc Rüstəmova iştirak ediblər.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov bildirib ki, institut olaraq “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə daimi əməkdaşlıq nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində şəhid xanımlarına, övladlarına psixoloji xidmətlərin təşkili, həmçinin ixtisas uyğunluğu olan şəhid xanımlarının institutun ixtisasartırma təlimlərinə cəlb olunması planlaşdırılır. Peşəkar kurslar və proqramın onların mütəxəssis kimi yetişməsində mühüm rol oynayacağını qeyd edən Elnur Rüstəmov həmçinin vurğulayıb ki, proqramı yüksək nailiyyətlərlə başa vuran şəxslər institutda və digər psixoloji mərkəzlərdə işlə təmin olunacaqlar. Eyni zamanda, şəhid yoldaşlarına ailə təlim proqramı keçiriləcək. Proqram uşaq, yeniyetmə və yetkin psixologiyasını əhatə edəcək. Sədr bildirib ki, bu əməkdaşlığın daha səmərəli və davamlı həyata keçirilməsini təmin etmək məqsədilə yaxın günlərdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə memorandum imzalancaq.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova bildirib ki, institutla bu istiqamətdə əməkdaşlıq şəhid xanımları və övladları üçün çox faydalı olacaq. Sevinc xanım vurğulayıb ki, şəhid ailələrinə dövlət və özəl qurumlar tərəfindən, ümumiyyətlə cəmiyyətimizdə həmişə xüsusi diqqət, qayğı var və bununla yanaşı onlara davamlı olaraq peşəkar psixoloji yardımın göstərilməsi də bu dəstəyin əsas istiqamətlərindən biri olmalıdır.

Daha sonra Amerika Beynəlxalq Nevrorequlyasiya və Tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman- klinik psixoloq Narınc Rüstəmova qeyd edib ki, institutun heyəti mütəmadi olaraq şəhid və qazi ailələrinə psixoloji yardım göstərir. Bu əməkdaşlıq gələcəkdə daha çox şəhid ailələrinə və övladlarına peşəkar psixoloji dəstəyin göstərilməsinə imkan yaradacaq.

Sonda qonaqlarla xatirə şəkli çəkdirilib.

Online Qeydiyyat