Psixologiya Elmi-Tədqiqat İnstitutunda bir qrup türkiyəli professor-müəllim heyəti ilə görüş keçirilib.

Psixologiya Elmi-Tədqiqat İnstitutunda bir qrup türkiyəli professor-müəllim heyəti ilə görüş keçirilib.

Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, Yıldız Texniki Universitetinin Təhsil fakültəsinin dekanı Prof.Dr.Mehmet Engin Deniz, Prof.Dr.Yavuz Erişen, Doç.Dr.Ümüt Arslan, Doç.Dr.Durmuş Ümmet və Arş.Gör.Yağmur Kaya
iştirak ediblər.

Elnur Rüstəmov qonaqlara “Heydər Əliyev İli” çərçivəsində keçirilən “II Psixologiya Zirvəsi: – COVID-19 pandemiyasından sonrakı dövrdə psixoloji adaptasiya və psixoloji rifah” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

Daha sonra qonaqlara institutda görülən işlərlə bağlı məlumat verilib.
Elnur Rüstəmov bildirib ki, cari ilin 5 ayında 2 tədqiqat işi indeksli jurnallarda çap olunub. Qeyd edilib ki, aprel ayında “Azərbaycanlı yeniyetmələrin nümunəsində psixoloji dözümlülük, imtahan narahatlığı və məktəb məmnuniyyəti arasında əlaqələr” (Relations among psychological resilience, exam anxiety, and school satisfaction in a large sample of Azerbaijani adolescents) adlı tədqiqat işi “Scopus”, eləcə də “ERIC”, “EBSCO”, “Index Copernicus”, “DOAJ” kimi beynəlxaq indeksli elmi bazalarda yer alan “European Journal Educational of Research” junalında çap edilib. May ayında isə “Emosional intellektin müəllimlərin iş məmnunluğuna təsiri: Psixoloji narahatlığın vasitəçi rolu” (The Impact of Emotional Intelligence on Teachers’ Job Satisfaction: Mediating Role of Psychological Distress) adlı tədqiqat məqaləsi “Web of science” beynəlxalq elm platformasında yer alan “Beynəlxalq təhsil elmləri” jurnalının (International Journal of educational Sciences) may ayında çap olunmuş 41-ci sayında dərc olunub. O, “Azərbaycan həkimlərində pandemiya sonrası iş tükənməsi: psixoloji dayanıqlığın və ümidin rolu” araşdırma məqaləsinin beynəlxalq indeksli “Health Psychology Open” jurnalına çapa göndərildiyini, həmin tədqiqat işi 303 həkimlə aparılan sorğu əsasında həyata keçirildiyini deyib. Elmi araşdırmaların uğurla davam etdiyini söyləyən Elnur Rüstəmov yeni məqalələrin hazırlandığını bildirib. Sədr həmçinin institutun fəaliyyətində son günlərdə xüsusi əhəmiyyət daşıyan layihədən də bəhs edib. O vurğulayıb ki, institut Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən formalaşdırılan və beynəlxalq səviyyədə tətbiq olunan Rifah İndeksi şkalasının tərcümə və cəmiyyətimizə adaptasiyasını hazırlayıb.

Elnur Rüstəmov daha sonra institutun məqsədinin Azərbaycanda psixologiya üzrə fundamental tədqiqatların aparılması, yüksəkixtisaslı kadrların hazırlanması olduğunu qeyd edərək, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələrdən danışıb.
Türkiyənin Yıldız Texniki Universitetinin professor-müəllim heyəti ilə əməkdaşlığın peşəkar kadrların hazırlanmasında böyük rolunun olduğunu diqqətə çatdırıb.

Daha sonra gələcək əməkdaşlıqlar və araşdırmalar barədə fikir mübadiləsi aparılıb və bu prosesdə əməkdaşlığın istiqamətləri müzakirə olunub.

Son məqalələr

Online Qeydiyyat