Psixologiya Elmi-Tədqiqat İnstitutunun Elmi şurasının iclası keçirilib

İclasda Elmi şuranın üzvləri f.ü.f.d. Elnur Rüstəmov, prof. Ramiz Əliyev, dos. Ceyhun Alıyev, dos. Müşfüq Mustafayev, dos. Rəşid Cabbarov, dos. Hökumə Əliyeva, dos. Məhərrəm Əliyev, Mətanət Əliyeva iştirak edib.
İclası giriş sözü ilə açan Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov “Heydər Əliyev ili” çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və liderlik fenomeni” mövzusunda keçirilmiş Respublika elmi konfransının, “II psixologiya zirvəsi: covid-19 pandemiyasından sonrakı dövrdə psixoloji adaptasiya və psixoloji rifah” mövzusunda keçirilmiş Beynəlxalq elmi-praktik konfransın materaillarının, o cümlədən məktəb psixoloqları üçün xarici və yerli mütəxəssislər tərəfindən hazırlanmış kitabın və eyni zamanda yenidənhazırlanma təhsili üzrə tədris planında nəzərdə tutulmuş əsas və seçmə fənn proqramlarının çap məsələsi haqda şura üzvlərinə məlumat verib.
Elnur Rüstəmov institutun fəaliyyəti haqqında da məlumat verərək bildirib ki, cari il ərzində institutun mütəxəssisləri tərəfindən hazırlanan 10 elmi-tədqiqat məqaləsi “Springer” “Scopus”, ”Web of Science”, “Index Copernicus” və s. kimi elmi bazalarda yer alan beynəlxalq indeksli jurnallarda çap olunub.
Elnur Rüstəmov həmçinin qeyd edib ki, bu il ərzində 8 mötəbər test və şkala Azərbaycan dilinə adaptasiya olunub, ilin sonuna qədər daha 3 test də adaptasiya olunacaq, eyni zamanda yeni kitablar çap üçün hazırlanıb.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun 5 illik yubileyinə hazırlıq tədbirləri haqqında məlumat verən sədr vurğulayıb ki, institutun yaradılmasının 5 illiyi ilə əlaqədar kitabça da hazırlanır. Bununla yanaşı, Beyin və Davranış laboratoriyasının ildönümünün yaxınlaşdığı da xüsusilə vurğulanıb.
İclasda Prof. Ramiz Əliyev qısa müddət ərzində institutda əhəmiyyətli işlər görüldüyünü qeyd edib. Öz növbəsində, Məhərrəm Əliyev və Mətanət Əliyeva da görülən və görüləcək işlərlə bağlı fikir mübadiləsi ediblər.

Online Qeydiyyat