Psixologiya Elmi Tədqiqat İnstitutu tərəfindən Azərbaycanda ilk dəfə ÜST-5 rifah indeksi əsasında elmi araşdırma aparılıb

Azərbaycanda ilk dəfə ÜST-5 rifah indeksi əsasında elmi araşdırma aparılıb. 

AZƏRTAC xəbər verir ki, tədqiqat məqaləsinin müəllifləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, Türkiyənin Yıldız Texniki Universitetinin professoru Seydi Ahmet Satıcı və psixoloq Ülkər Zalova-Nuriyevadır. “ÜST-5 rifah indeksinin Azərbaycana uyğunlaşdırılması: onun psixoloji sıxıntı, dözümlülük və həyatdan məmnunluq ilə əlaqəsinin araşdırılması” (Azerbaijani adaptation of the WHO-5 wellbeing index: investigating its relationship with psychological distress, resilience, and life satisfaction) adlı məqalə nüfuzlu “Springer Nature” elmi bazasına daxil olan Q1 kateqoriyalı “BMC Psychology” beynəlxalq jurnalında dərc olunub.

ÜST-5 sağlamlıq indeksi psixoloji rifahı qiymətləndirmək üçün geniş istifadə olunan bir metodikadır. Qlobal tətbiqinə baxmayaraq, onun Azərbaycan əhalisi üçün uyğunlaşdırılması və təsdiqi əvvəllər tədqiq edilməyib.

Bu tədqiqat ÜST-5 rifah indeksini azərbaycanlı yetkinlər üçün uyğunlaşdırmaq və onun psixoloji sıxıntı, dözümlülük və həyatdan məmnunluq ilə əlaqəsini araşdırmaq və bu sahədə olan boşluğu doldurmaq məqsədi daşıyır.

Tədqiqata 18-89 yaş arasında olan (orta yaş = 29.13, SD = 10.98) 875 azərbaycanlı yetkin qatılıb. Uyğunlaşma prosesinə indeksin ilkin 5 maddəlik strukturunu Azərbaycan kontekstində yoxlamaq üçün təsdiqedici faktor analizi aparılıb. 

Nəticələr onu deməyə əsas verir ki, ÜST-5 rifah indeksi Azərbaycan əhalisinin psixoloji rifahının qiymətləndirilməsi üçün etibarlı vasitədir. Onun psixoloji sıxıntı, dözümlülük və həyatdan məmnunluq ilə əhəmiyyətli əlaqələri bu mədəni kontekstdə onun faydalılığını bir daha təsdiqləyir.

Qeyd edək ki, ÜST-5 rifah indeksi şkalası həm rifah səviyyəsini ölçməyə, həm bu istiqamətdə cəmiyyətdə maariflənmə işinin aparılmasına, psixoproflaktik tədbirlərin görülməsinə, psixoloq, səhiyyə işçiləri, eləcə də siyasət adamlarının fəaliyyətlərində tədqiqat işlərinin genişləndirilməsinə şərait yaradacaq.

https://azertag.az/xeber/ust_5_rifah_indeksi_esasinda_elmi_arasdirma_aparilib-2940189

Online Qeydiyyat