Psixologiya Elmi Tədqiqat İnstitutunda “Psixoterapevtik təmsillər” kitabının təqdimatı keçirilib

Psixologiya Elmi Tədqiqat İnstitutunda “Psixoterapevtik təmsillər” kitabının təqdimatı keçirilib.

Qeyd edək ki, kitab şair və publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Valeh Heydərin əsərləri əsasında Psixologiya Elmi Tədqiqat İnstitutunun İnkişaf və yaş psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva, Əlavə təhsil və innovasiyalar şöbəsinin müdiri, psixoloq Ülviyyə Nəhmətova və institutun elmi işçisi, uzman klinik-psixoloq Narınc Rüstəmovanın həmmüəllifliyi ilə ərsəyə gəlib.

Təqdimatda institutun sədri f.ü.f.d. Elnur Rüstəmov, sözügedən kitabın müəllifləri və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb. O əvvəlcə Psixologiya Elmi Tədqiqat İnstitutu haqqında məlumat verib. Sədr institututun tədqiqat işləri və şöbələrindən danışıb. Bildirib ki, “Psixoterapevtik təmsillər” kitabı da institutun tədqiqat istiqamətlərindən biri kimi dəyərləndirilə bilər. Çünki hər bir bədii ədəbiyyatın missiyası insanı insana, insanı dünyaya və insanı özünə bağlamaqdır. Elnur Rüstəmov təmsillərin, xüsusən, uşaqlar üçün olan əhəmiyyətini vurğulayıb, əlavə edib ki, həm psixoloqlar, həm pedaqoqlar, həm uşaqlarla işləyən mütəxəssislər psixokorreksiya prosesində uşaqların təfəkkürünün və bədii təxəyyülününün inkişafında bu təmsillərdən istifadə edə bilərlər.

Qeyd edib ki, kitabda 22 təmsil öz əksini tapıb. Daha sonra Elnur Rüstəmov hər şeyin təməlinin məhz ailədən başladığını bildirərək ailə, cəmiyyəti dəyərlərlərinin önəmini, günümüzdə ona sahib çıxmalı olduğumuzu və Valeh Heydərovun bu dəyərləri yaradıcılığında çox yaxşı ifadə etdiyini vurğulayıb.

Sədr ədəbiyyatın inkişaf etdiyini və ədəbiyyatın missiyasının uğurla aparıldığını qeyd edib.
O, başda Valeh Heydər olmaqla digər müəlliflərə öz təşəkkürünü bildirib.

Ardından şair və publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Valeh Heydərə söz verilib. O, qonaqları salamlayaraq onlara təşəkkürünü bildirib. Daha sonra isə Elnur Rüstəmova həm xoş sözləri üçün, həm də öz sahəsindəki yaradıcıllığı, psixologiya elminə verdiyi töhfələr üçün dərin təşəkkürünü bildirib.

Daha sonra çıxış üçün Psixologiya Elmi Tədqiqat İnstitutunun Əlavə təhsil və innovasiyalar şöbəsinin müdiri, psixoloq Ülviyyə Nəhmətovaya söz verilib. O, təmsillər haqqında ümumi məlumat verib və təmsillərin həm tənqidi, həm satirik məzmunda insanlara istiqamət göstərdiyini qeyd edib. Psixoloq, eyni zamanda, təmsillərin uşaq və yenitetmələrdə həm nitqin, həm təfəkkürün, həm də təxəyyülün inkişafındakı rolunu vurğulayıb.

Ülviyyə Nəhmətova günümüzdə uşaqlarla ünsiyyətin ən düzgün yollarından bəhs edib. O qeyd edib ki, bunun üçün biz onların dünyasına keçid etməliyik. Keçidi isə təmsillərlə, oradakı heyvanların, bitkilərin dili ilə edə bilərik. Ülviyyə Nəhmətova kitabın, xüsusən praktik fəaliyyətlə məşğul olan məktəb psixoloqları, valideynlər üçün faydalı olacağını bildirib, həmçinin psixoloji məzmunlu təmsillərin uşaqlardakı aqressiya, qorxu və təşviş kimi problemlərə müsbət təsir göstərəcəyini qeyd edib.

Ülviyyə Nəhmətova əlavə edib ki, kitabda təmsillərin terapevtik xüsusiyyətləri də vurğulanıb.

Daha sonra Psixologiya Elmi Tədqiqat İnstitutunun Elmi-metodiki şöbəsinin müdiri, dosent Hökümə Əliyeva çıxış edib.
O, Valeh Heydəri və kitabın digər müəlliflərini təbrik edib.
Qeyd edib ki, Valeh Heydər həyat fəaliyyətindəki uğurları ilə cəmiyyətimiz üçün örnək şəxlərdən biridir. Hökümə Əliyeva belə maraqlı və əhəmiyyətli kitabın ərsəyə gəlməsinə görə müəlliflərlərə təşəkkürünü bildirib.

Çıxışdan sonra Arzu Balsəs tərəfindən səsləndirilən “Balta əhvalatı” təmsili təqdim olunub.
Daha sonra çıxış edən Arzu Balsəs Heydərova tədbir iştirakçılarını salamlayıb və müəllifləri təbrik edib.
O bildirib ki, çağdaş Azərbaycan ədəbiyyatında təmsil yazan demək olar ki, yoxdur. Arzu Balsəs Valeh Heydərin təmsillərinin bənzərsiz nümunə və həyat məktəbi olduğunu vurğulayıb. O, Elnur Rüstəmov və Narınc Rüstəmovaya kitabın nəşrində və təqdimatında göstərdiyi dəstək üçün xüsusi təşəkkürünü bildirib.

Daha sonra söz uzman-klinik psixoloq Narınc Rüstəmovaya verilib. O bildirib ki, sözügedən kitabın ərsəyə gəlməsini Mətanət xanım təklif etdikdə ilk olaraq “biz bunu bacararıqmı?” sualı yaranıb, çünki təmsil yazmaq olduqca məsuliyyətli işdir. Narınc Rüstəmova qeyd edib ki, dəyərli şairimiz Valeh Heydərin yaradıcılığı ilə tanış olanda bu işi etmək ona güvən verib: “Bizim birlikdə bu təmsillərin psixoloji tərəfini analiz etməyimiz çox dəyərlidir. Bu müddət ərzində mən də təmsilləri daha yaxından tanıdım”.

Son olaraq Narınc Rüstəmova müəlliflərə öz təşəkkürünü bildirib və bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Daha sonra şair Yusif Nəğməkar, tarix elmləri üzrə professor, pedaqoq Minaxanım Əsədli, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əhməd Haqsevər, “Telli Sənəm” jurnalının  təsisçisi, şair, Telli Sənəm Borçalı, “Ədəbi incilər” jurnalının baş redaktoru, şair Xalidə Nuray və Psixologiya Elmi Tədqiqat İnstitutunun Yaş və inkişaf Psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva çıxış ediblər. Onlar kitabın bu məzmunda hazırlanmasını maraqlı ideya və əhəmiyyətli olduğunu vurğulayıblar.

Çıxışçılar kitabın ictimaiyyətə təqdimatına görə Psixologiya Elmi Tədqiqat institutuna və müəlliflərə təşəkkürlərini bildiriblər.

Sonda Elnur Rüstəmov müəlliflərə Azərbaycanda ədəbiyyatın inkişafı üçün göstərdikləri xidmətə görə təşəkkürnamə təqdim edib.

Online Qeydiyyat