Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov24media.az-ın “1 sual, 1 cavab” rubrikasında ertələmək davranışı mövzusunda danışıb

Gündəlik həyatımızda etməli olduğumuz bir çox işləri motivasiya çatışmazlığı, uğursuzluq qorxusu, şəxsi problemlər kimi müxtəlif səbəblərdən təxirə salırıq. İşləri nə qədər çox  təxirə salsaq, bir o qədər də çox şeylər yığılıb gözümüzdə böyüyür və bu hal müəyyən müddət sonra paradoksa çevrilir.

Ertələmə davranışı dilimizdə “xəstəlik” kimi formalaşsa da, əslində, xəstəlik deyil, simptomdur. Ertələmək davranışı olan insanlar təxirə saldıqları məsuliyyətlər səbəbiylə gərginlik və narahatlıq yaşayır və bu da onların gündəlik həyat funksiyalarının pozmalarına səbəb olur.

Daimi ertələmə fərdin işinə, şəxsi həyatına və sosial münasibətlərinə mənfi təsir göstərir. Sonraya saxlamaq davranışı, o anda etməniz lazım olanı etməməklə işləri problemə çevirir. Daha sonra o işi qısa müddət ərzində tamamlamaq neqativ emosiyalardan qurtulmağa kömək olsa da, daha sonrasında xəstəliyin xroniki hala gəlməsinə səbəb olur.

Ertələmək davranışına bir çox problemlər səbəb olur, məsələn, görüləcək işə maraq və istəyin olmaması, vaxtın düzgün idarə olunması ilə bağlı problem, nizamsızlıq, konsentrasiya problemi, qeyri-müəyyənlik (nə edəcəyini bilməmək), mükəmməlliyətçi şəxsiyyət tipi, yox deyə bilməmək, uğursuzluq qorxusu, şəxsi və ailə münasibətlərində problem və s.

Bəs bu problemin öhdəsindən necə gəlmək mümkündür?

Bu problemi yaşayırsınızsa, siz ertələməni tətikləyən və artıran amilləri anlamağa çalışmalısınız. Disfunksional düşüncələrə alternativ yaratmaq üçün davranışla bağlı fikirləri öncə görməli və qeydlər apararaq onları konkretləşdirməlisiniz.

Bunun üçün iş yükü yoxlanmalı və şəxs öhdəsindən gələ biləcəyi işdən daha artığını üzərinə götürməkdən imtina etməlidir.

Vaxtın idarə edilməsini təkmilləşdirmək üçün onu hissələrə bölmək və “özünə nəzarət planı” həyata keçirmək məqsədəuyğundur. Mütəxəssislər bir işə diqqəti cəlb etmək üçün, sosial media və telefonlar kimi diqqətinizi yayındıran şeylərə ara verməyin daha yaxşı təsirləri olduğunu irəli sürürlər.

Sizin üçün ən çətin olan və ən çox etmək istəmədiyiniz işi prioritetləşdirməlisiniz.

Əgər öhdəliklərinizi yerinə yetirməkdə sizə kömək edə biləcək insanlar varsa, onlardan kömək istəyə bilərsiniz.

Belə bir halda şəxs problemi haqqında emosional güc qazanmalı, məlumatlılığı artırmalıdır, hər şeyi eyni vaxtda etməkdən çəkinməli və vəzifələri prioritetləşdirməlidir.

Əgər şəxsin işin görülməsi ilə əlaqədar bədənində gərginlik hissi varsa, ilk növbədə rahatlama və tənəffüs məşqlərinin köməyilə istirahətə diqqət etməlidir.

Son olaraq bütün bunlara baxmayaraq hələ də hərəkətə keçməkdə çətinlik çəkirsinizsə, ertələmə davranışınızdan qurtula bilmirsinizsə və bu artıq gündəlik həyatınızda psixoloji problemlərə səbəb olursa, o zaman mütəxəssis, psixoloq və ya psixiatrdan dəstək ala bilərsiniz.

https://24media.az/6199-vaxtin-idare-edilmesini-tekmilleshdirmek-ucun.html

Online Qeydiyyat