Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov medianews.az saytına “Emosional ehtiyac, psixoloji asılılıq, yoxsa natamamlıq kompleksi?” mövzusunda müsahibə verib.

Elnur Rüstəmov bildirib ki, marka, brend özlüyündə güvən deməkdir. Bir məhsulun brend olması onun güvənilir olması anlamına gəlir. Bunun istifadəçiləri, daşıyıcıları isə insandır.

Dolayısı ilə o məhsuldan istifadə edən insan özünü güvəndə hiss edir, özünün marka olduğunu şüuraltı olaraq düşünür. İnsan üzərində daşıdığı həmin marka ilə assosasiya olmağa çalışır.

İnsanın ən çox üzərində daşıdığı isə mobil telefondur. Bu gün insanların əksəriyyətində mobil telefon var və ondan intensiv şəkildə istifadə edirlər. Onların içərisində bir qismi isə marka telefonları istifadə etməyə çalışırlar. Onlar üçün mobil telefonun təhlükəsizliyi yox, marka olması əhəmiyyət kəsb edir. Bununla çox zaman özlərinin natamamlıq kompleksini tamamlamağa çalışırlar, seçilmək istəyirlər.

Həmin markaların daha tez istifadəçisi olmağa çalışırlar. Bunların sayı o qədər də çox deyil.

Nəzərə alaq ki, Azərbaycanda on milyona yaxın insan yaşayır. Onların içərisində 100 insanın yeni çıxan mobil telefonu almaq üçün növbəyə dayanması normal haldır. Ancaq bu o demək deyil ki, bütün Azərbaycan vətəndaşları yeni çıxan mobil telefonu, yaxud da yeni çıxan hansısa markanı əldə etməyə çalışır. Xeyr, sadəcə həmin 100 nəfər markanın PR -ı üçün istifadə edilir, mütəmadi olaraq sosial şəbəkələrdə paylaşılır. Dolayısı ilə markaya qarşı güvən hissi, satış prosesi PR və marketinq qrup tərəfindən formalaşdırılır.

Bu gün dünyada markaların kopiyalanması ilə marka sahiblərinin özləri ciddi şəkildə mübarizə aparır. Ona görə də onlar mütəmadi olaraq yeni çıxan məhsulların qısa müddətdə insanlar tərəfindən alışını təmin etmək üçün bu cür PR aksiyalarından istifadə edirlər. Psixoloji cəhətdən narahat insanlar isə bu məqamda onlar üçün vazkeçilməz PR vasitədir.

Online Qeydiyyat